Fransada “Bülbül” kitabının təqdimatı olub
Fransanın paytaxtı Parisdə Fransa-Azərbaycan Dialoq Assosiasiyasının nəzdindəki “Natəvan” həftəsonu Azərbaycan məktəbində uşaqlara Azərbaycan dilinin tədrisi üçün nəzərdə tutulan “Bülbül” kitabının təqdimatı keçirilib. Təqdimat Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Fransa-Azərbaycan Dialoq Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Kitabın müəllifi Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən “Qarabağ” məktəbinin Azərbaycan dili müəllimi Emiliya Cəbrayılovadır. Təqdimat zamanı müəllif şagirdlərlə səmimi söhbət edib, xaricdə böyüyən uşaqlar üçün hazırladığı “Bülbül” kitabının mahiyyətindən danışıb. O, Fransada böyüyən azərbaycanlı uşaqlara ana dilimizi sevərək öyrənməyi, gələcək nəsillərə ötürməyi tövsiyə edib.
Daha sonra şagirdlərə “Bülbül” kitabı hədiyyə olunub.
Məlumat üçün bildirək ki, Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın adını daşıyan həftəsonu Azərbaycan məktəbində Fransada yaşayan azərbaycanlı uşaqlarla yanaşı, digər millətlərdən olan şagirdlər də təhsil alır. Azərbaycan dili ilə yanaşı ölkəmizin zəngin tarixi, coğrafiyası, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə yaxından tanış olurlar.
17:45 10.04.2026
Oxunuş sayı: 45