Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Özbəkistan Dövlət Konservatoriyasının heyəti ilə görüş olub
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə aprelin 9-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Özbəkistan Dövlət Konservatoriyasının (ÖDK) ölkəmizdə səfərdə olan professor-müəllim və tələbə heyəti ilə görüş keçirilib.
Tədbir iştirakçılarını salamlayan MEMİM-in
direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov Azərbaycan
və Özbəkistan arasında mədəni əlaqələrin son illərdə böyük inkişaf yolu
keçdiyini bildirib. Qeyd edib ki, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi,
bədii kollektivlərin, sənətçilərin, elm və ədəbiyyat xadimlərinin mütəmadi səfərləri
qardaş xalqlarımızı daha da yaxınlaşdırır.
Azərbaycan Milli Konservatoriyasının dosenti, bəstəkar,
Əməkdar artist Vüqar Camalzadə çıxışında iki ölkə arasında musiqi mədəniyyəti
sahəsində əməkdaşlığın ildən-ilə inkişaf etdiyini deyib. Bildirilib ki, bu görüş
Azərbaycan və Özbəkistan musiqiçiləri arasında yeni körpülərin qurulmasına vəsilə
olacaq.
MEMİM-in əməkdaşı sənətşünaslıq üzrə fəlsəfə
doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının aparıcılığı ilə gerçəkləşən
görüşdə çıxışlardan sonra bədii proqram təqdim olunub. Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim musiqi alətləri ansamblı (bədii
rəhbər və konsertmeyster: Xalq artisti Munis Şərifov) tərəfindən musiqi nömrələri
səsləndirilib.
Həmçinin ÖDK-nın professorları Bahadır Mirpayazov,
Ruzbi Xocayeva, İlham İkramov və onların tələbələri özbək musiqi nümunələrini
ifa ediblər. Azərbaycan və özbək musiqiçilərinin birgə ifasında səslənən
“Qaragöz boy-boy” mahnısı böyük maraq və alqışlarla qarşılanıb.
Sonda Özbəkistan musiqiçilərinə Azərbaycanın qədim
zərb alətlərindən olan qaval və dəf hədiyyə edilib, xatirə şəkli çəkdirilib.
10:52 10.04.2026
Oxunuş sayı: 66