Məleykə Abbaszadə: Son 10 ildə DİM-də 6 milyondan çox insan imtahan verib
Bu gün Dövlət İmtahan Mərkəzinin onilliyini qeyd edirik. Bu, bizim üçün sadəcə təqvimdəki tarix deyil, milyonlarla vətəndaşımızın həyat yolunun ayrılmaz hissəsinə çevrilmiş bir təşkilatın inkişafında mühüm mərhələdir. Bu, ədalətli rəqabətin intellektual əsası, başqa sözlə intellektual əməliyyat sistemidir.
Crossmedia.az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in 10 İllik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, çəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
“Son 10 il ərzində imtahan zallarımızdan 6 milyondan çox insan keçib: Bu, bütöv bir nəslin təhsil və həyat trayektoriyasıdır. DİM artıq universitetə qəbul olmaq üçün sadə seçim mexanizmi olmaqdan kənara çıxıb. Biz ədalət infrastrukturunun mühüm elementinə çevrilmişik.
Biz vətəndaşı məktəb partasından peşəkar fəaliyyətə qədər müşayiət edirik. Ölkə rəhbərliyinin davamlı dəstəyi sayəsində biz təhsil və kadr siyasəti sahəsində proseslərin təhlili üçün dövlətə etibarlı empirik əsas verən unikal məlumat bazaları formalaşdırmışıq. Biz dünyanın ən “ekoloji-təmiz” enerjisi olan insan intellekti ilə işləyən sosial yüksəliş mexanizmininin fəaliyyətinə zəmin yaradırıq”.
10:40 10.04.2026
Oxunuş sayı: 48