Sadaxlıda Səməd Vurğunun 120 illiyi qeyd olunub
Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzində Azərbaycanın görkəmli ədibi, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə anım tədbiri keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Mərkəzin rəhbəri Samir Şərifov şairin yaradıcılığının gənc nəslin milli mənlik şüurunun formalaşmasındakı rolundan bəhs edib. O, Səməd Vurğunun Azərbaycan dilinin saflığını və xalq ruhunu öz misralarında yaşadan zirvə olduğunu deyib. Həmçinin şagirdlərin onun yaradıcılığına göstərdiyi marağın mərkəzin milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinə xidmət etdiyini bildirib.
Tədbirin bədii hissəsində şagirdlər şairin ölməz "Vaqif" dramından parçalar səhnələşdirib və vətənpərvərlik rəmzinə çevrilən "Azərbaycan" şeirini səsləndiriblər.
Digər çıxışçılar Səməd Vurğunun zəngin yaradıcılığından, onun Azərbaycan ədəbiyyatındakı əvəzsiz rolundan və həyat yolundan bəhs edib, şairin irsinin gənclər tərəfindən öyrənilməsinin vacibliyini vurğulayıblar.

20:00 07.04.2026
Oxunuş sayı: 45