Kişineuda Etnoslar xiyabanının təməli qoyulub
Moldovanın paytaxtı Kişineuda Etnoslar xiyabanının təməlqoyma mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbirdə ölkəmizi Moldova Azərbaycanlıları Konqresinin (MAK) üzvləri və burada yaşayan soydaşlarımız təmsil ediblər.
Təşəbbüs Kişineu şəhərində fəaliyyət göstərən müxtəlif etnik icmaların nümayəndələrini bir araya gətirib. Tədbirin bir hissəsi olaraq hər bir etnomədəni təşkilat öz adını əks etdirən lövhə ilə birlikdə bir ağac əkib.
Konqresin sədri Elçin Bayramov xiyabanın yaradılmasının yalnız simvolik addım olmadığını, eyni zamanda Moldovada yaşayan xalqlar arasında qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsinə mühüm töhfə verdiyini bildirib. “İnsanları ortaq dəyərlər - hörmət, sülh və əməkdaşlıq ətrafında birləşdirən bu gözəl təşəbbüsün bir hissəsi olmaqdan şərəf duyuruq”, - deyə Elçin Bayramov bildirib.
MAK-nin tədbirdə iştirakı Azərbaycan icmasının sosial həmrəylik və millətlərarası əməkdaşlıq prinsiplərinə sadiqliyini, eləcə də Moldova Respublikasının çoxmillətli cəmiyyətinə uğurlu inteqrasiyasını, onun inkişafına verdiyi töhfəni bir daha nümayiş etdirib.
17:30 07.04.2026
Oxunuş sayı: 41