Praqada Novruz və Pasxa mövzusunda “Təbiət Ananın dörd ünsürü” kukla sərgisi açılıb
Çexiyanın paytaxtı Praqada “Təbiət Ananın dörd ünsürü: kuklaların gözü ilə Novruz və Pasxa” adlı kukla sərgisi keçirilib. Sərgi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyinin və “Natəvan” Cəmiyyətinin təşkilatçılığı, Praqa Azərbaycan Mədəniyyət Evinin rəhbəri, şair və dramaturq Leyla Begim Cəfərovanın təşəbbüsü ilə baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü Vəfa Aşumovanın və “Praqa Doll Club”un rəhbəri, rəssam Monika Jilkovanın əsərləri nümayiş olunub. Əsərlərdə su, külək, od və torpaq kimi təbiətin dörd əsas elementi bədii şəkildə canlandırılıb.
Sərgidə, həmçinin 7 dəqiqəlik animasiyada kuklalar vasitəsilə Azərbaycan və Çexiyada yaz bayramlarının qeyd olunması ənənələri göstərilib, Novruz və Pasxanın mədəni və simvolik oxşarlıqlarından bəhs edilib. Animasiya işinin ssenarisi Leyla Begim Cəfərovaya, rejissorluğu isə süni intellekt texnologiyalarından istifadə edən aktyor və rejissor Məqsud Məmmədova məxsusdur.
Rəssamlar Vəfa Aşumova və Monika Jilkova yaradıcılıq fəaliyyətləri, ilham qaynaqları və nümayiş etdirdikləri əsərlərin ideya mənbələri barədə geniş məlumat veriblər.
Sərgini Çexiyadakı soydaşlarımızla yanaşı, Vatikan və Qazaxıstanın Çexiyadakı səfirləri, Türkiyə Səfirliyinin nümayəndələri, eləcə də Çexiyanın Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyinin təmsilçiləri ziyarət ediblər.
16:18 07.04.2026
Oxunuş sayı: 40