Mədəniyyət Nazirliyinin yeni strukturunda 13 şöbə, 4 sektor formalaşdırılıb
Mədəniyyət Nazirliyinin Aparatının yeni strukturunun tərkibi məlum olub.
Crossmedia.az xəbər verir ki, hazırkı strukturda 13 şöbə, 4 sektor formalaşdırılıb.
Bildirilib ki, "Azərbaycan Mədəniyyəti – 2040" konsepsiyası əsasında optimallaşdırmadan sonra Strateji inkişaf və kommunikasiya, həmçinin Tədbirlər və incəsənət layihələrinin idarə edilməsi adlı iki yeni şöbə və Maliyyə monitorinqi və auditi adlı yeni sektor yaradılıb.
Ümumilikdə Aparatda İncəsənət siyasəti, Tədbirlər və incəsənət layihələrinin idarə edilməsi, Azərbaycan dili və ədəbiyyat siyasəti, Beynəlxalq əməkdaşlıq, Yaradıcı sənayelər və rəqəmsal inkişaf, Strateji inkişaf və kommunikasiya, Regional əlaqələndirmə, İnsan kapitalının idarə edilməsi, İqtisadiyyat və maliyyə, Hüquq, Daxili nəzarət, Sənəd və vətəndaşlarla iş, Təchizat və əmlak şöbələri formalaşdırılıb.
Həmçinin, Mədəniyyət Nazirliyinin Aparatında Kino sənayesi, Maliyyə monitorinqi və auditi, Elm və təhsil, Media ilə iş və Protokol xidməti sektorları da var.
Xatırladaq ki, "Azərbaycan Mədəniyyəti – 2040" Mədəniyyət Konsepsiyasında nəzərdə tutulmuş hədəflərə nail olunması və Konsepsiya üzrə tapşırıqların icrasının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsi həyata keçirilir.
İdarəetmədə səmərəliliyinin artırılması, mədəniyyət sahələrində idarəetmənin tənzimlənməsi məqsədilə ilk mərhələdə Mədəniyyət Nazirliyinin aparatında struktur təkmilləşdirilməsi həyata keçirilib, şöbə və bölmələrin fəaliyyəti optimallaşdırılıb.
17:20 06.04.2026
Oxunuş sayı: 60