Azərbaycanda dini baş örtükləri ləğv olunur, inanclılara bu milli örtük təklif edilir
Azərbaycanda rəsmi məkanlarda dini baş örtüklərinin istifadəsi ilə bağlı yeni tənzimləmənin tətbiqi istiqamətində artıq dövlət səviyyəsində qərar formalaşıb və yaxın zamanlarda bunun rəsmi şəkildə elan olunacağı gözlənilir.

Bu qərarın arxasında dayanan əsas məqsədin milli birlik və vahid ictimai mühitin qorunması olduğu bildirilir. Qeyd olunur ki, müxtəlif məzhəbi və sektorial simvollar cəmiyyət daxilində fərqlənməni artırdığı halda, kələğayı ümummilli identiklik və ortaq mədəni dəyər kimi qəbul edilir.
Tarixi baxımdan Kəlağayı Azərbaycan qadınının kimliyinin ayrılmaz hissəsidir və UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi tanınıb. Kələğayı yalnız geyim elementi deyil, həm də sülh, hörmət və birlik rəmzi kimi qəbul olunur.

Eyni zamanda, Qarabağ münaqişəsinin gərgin dövrlərində kələğayı birbaşa sülh simvolu kimi də çıxış edib. Ağdam rayonunda yerləşən Lenin adına kolxozun sədri, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova qarşıdurmanın qarşısını almaq üçün kələğayını ortaya ataraq kütləni sakitləşdirmiş, bununla da daha böyük toqquşmanın qarşısını almağa nail olmuşdu. Bu hadisə kələğayının Azərbaycan cəmiyyətində yalnız mədəni deyil, həm də ictimai-siyasi gücə malik simvol olduğunu bir daha göstərir.

Yeni yanaşmaya əsasən, inanclı qadınların baş örtüyü ehtiyacı nəzərə alınmaqla, dini baş örtükləri əvəzinə milli örtük – kələğayıdan istifadə təşviq olunacaq. Bununla bağlı maarifləndirmə, tədris və tətbiq mexanizmlərinin də hazırlanacağı bildirilir.
Beləliklə, Azərbaycanda baş örtüyü məsələsində yeni mərhələnin başlanacağı gözlənilir və bu yanaşma milli-mədəni dəyərlərin ön plana çıxarılması ilə izah olunur.
13:05 06.04.2026
Oxunuş sayı: 430