Azərbaycan universitetləri Almatıda təqdim olunacaq
Azərbaycanın aparıcı ali təhsil müəssisələri Qazaxıstanın Almatı şəhərində keçiriləcək “Azərbaycanda Təhsil” sərgisində təmsil olunacaq.
Crossmedia.az xəbər verir ki, tədbir çərçivəsində iştirakçılara ölkənin təhsil imkanları, universitet proqramları və beynəlxalq mühit barədə geniş məlumat veriləcək.
Sərgidə ziyarətçilər Azərbaycan universitetlərinin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq qəbul tələbləri, təhsil haqları, təqaüd imkanları və tələbə həyatı haqqında ətraflı məlumat əldə edə biləcəklər.
Qeyd olunur ki, son illərdə Azərbaycan keyfiyyətli təhsil, müasir kampuslar və təhlükəsiz mühit təklif etməsi ilə regionun ən cəlbedici təhsil mərkəzlərindən birinə çevrilib. Bu da ölkəyə maraq göstərən beynəlxalq tələbələrin sayının artmasına səbəb olub.
Bakalavr, magistr və doktorantura pillələri üzrə təhsil almağı planlaşdıranlar üçün sərgi akademik gələcəklərini formalaşdırmaq baxımından mühüm fürsət kimi dəyərləndirilir.
10:49 06.04.2026
Oxunuş sayı: 57