Partiya sədri: TDT-nin vahid gömrük sistemi formalaşdırılmalıdır
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə iqtisadi əlaqələrin genişlənməsi ilə bağlı səsləndirdiyi fikirlər, son dövrlərdə təşkilat daxilində əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə ticarət dövriyyəsinin artması və qarşılıqlı sərmayə qoyuluşunun genişlənməsi, artıq bu platformanın təkcə siyasi deyil, eyni zamanda iqtisadi baxımdan da aktiv mexanizmə çevrilməkdə olduğunu ortaya qoyur.
Türk Dövlətləri Təşkilatı çərçivəsində yaradılan birgə investisiya fondları və həyata keçirilən layihələr isə üzv ölkələr arasında inteqrasiyanın daha sistemli və davamlı xarakter aldığını göstərir. Bu dinamika, regionda yeni iqtisadi əməkdaşlıq modelinin formalaşması baxımından diqqət çəkən əsas amillərdən biri kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Ağ partiya sədri Tural Abbaslı Crossmedia.az-q açıqlama verib:

"Məncə, bu yatırımlardan əvvəl, ümumiyyətlə, Türk Dövlətləri Təşkilatı öz daxilində vahid gömrük sistemi formalaşdırmalıdır. Yəni iqtisadi əməkdaşlıqla bağlı qanunvericiliklərdə ciddi və əsaslı dəyişikliklər edilməlidir. Əgər istəyiriksə ki, türk dövlətləri iqtisadi baxımdan bir-biri ilə sıx əlaqəli olsun, daha çox qarşılıqlı fayda prinsipi ilə işləsin – yəni “özümüzdən alaq, özümüzə verək” modeli qurulsun – bu zaman ilk növbədə qanunvericilik bazasını qaydaya salmalıyıq. Məsələn, biz Fransaya məhsul ixrac etdiyimiz şərtlərlə Özbəkistana mal göndəririksə və ya Qırğızıstan Moskvaya tətbiq etdiyi şərtlərlə Azərbaycana məhsul gətirirsə, bu halda real iqtisadi inkişafdan danışmaq çətin olur. Xüsusilə nəzərə alsaq ki, Türk Dövlətləri Təşkilatında əsas istehsalçı və texnoloji baxımdan daha inkişaf etmiş ölkə demək olar ki, Türkiyədir, bu məsələlər daha sürətli şəkildə həll olunmalıdır ki, Türkiyədəki iqtisadi inkişaf modeli digər üzv ölkələrə də sirayət etsin".
T.Abbaslı əlavə edib ki, vahid qanunvericilik bazasının yaradılması vacibdir: "Məsələn, Avropa İttifaqı siyasi birlikdən daha çox iqtisadi birlik kimi fəaliyyət göstərir. Orada gömrük rüsumları demək olar ki, aradan qaldırılıb və bir Fransa vətəndaşı rahat şəkildə İtaliyada şirkət aça bilir. Bu, vahid iqtisadi məkanın real nümunəsidir. Əks halda, yalnız “gəlin ticarət həcmini artıraq” kimi yanaşmalar daha çox kampaniya xarakteri daşıyacaq. Bu isə nə Türk Dövlətləri Təşkilatının nüfuzuna müsbət təsir edəcək, nə də iqtisadi dövriyyəni real şəkildə artıracaq. Əksinə, təşkilat həm siyasi, həm də iqtisadi baxımdan zəifləyə bilər. Halbuki iqtisadi əlaqələr bir çox hallarda siyasi razılaşmalardan daha müstəqil və təbii şəkildə inkişaf edir. Digər tərəfdən, konkret olaraq hər bir ölkənin nə satacağı məsələsi də açıq qalır. Azərbaycan qaz satır, Qazaxıstan enerji resursları ixrac edir, Qırğızıstanın isə fərqli iqtisadi potensialı var. Amma əsas məsələ bu deyil – əsas məsələ odur ki, əvvəlcə hüquqi və iqtisadi baza qurulmalıdır. Ondan sonra isə sahələr üzrə ixtisaslaşma və qarşılıqlı ticarət mexanizmləri müəyyənləşdirilə bilər. Məsələn, əgər biz müəyyən məhsulları başqa ölkələrdən idxal ediriksə, eyni məhsulları türk dövlətlərindən almağa üstünlük verməliyik. Digər türk dövlətləri də eyni yanaşmanı tətbiq etməlidir. Bu, daxili iqtisadi dövriyyəni gücləndirə bilər. Ümumilikdə, əgər Türk Dövlətləri Təşkilatının iqtisadi, siyasi və mədəni baxımdan oturuşmuş, hətta üçüncü bir qütb kimi formalaşmasını istəyiriksə, mütləq şəkildə ortaq qanunvericilik bazası yaradılmalıdır. Hazırda isə vəziyyət belədir ki, hər ölkənin fərqli hüquqi və iqtisadi istiqaməti var: biri daha çox Rusiya, digəri Avropa, digəri isə Çin modelinə meyllidir. Bu şəraitdə vahid sistem qurmaq çətindir. Sanki bir avtomobilə müxtəlif markaların hissələrini əlavə etməyə çalışırıq – məsələn, "Mercedes-Benz" modelinə "BMW" hissəsi və ya" Opel" üzərinə başqa bir markanın detalını quraşdırmaq kimi uyğunsuz bir vəziyyət yaranır. Nəticə olaraq, ilk addım ortaq qanunvericilik bazasının formalaşdırılması olmalıdır. Yalnız bundan sonra real iqtisadi inkişafdan danışmaq mümkündür. Təəssüf ki, hazırkı mərhələdə Türk Dövlətləri Təşkilatı daha çox siyasi motivli bir qurum kimi çıxış edir, nəinki iqtisadi, mədəni və sosial inteqrasiyanı tam təmin edən bir təşkilat kimi".
Ayhan
11:15 04.04.2026
Oxunuş sayı: 54