Keçkemetdə Azərbaycan gecəsi
Macarıstanın Keçkemet şəhərində ölkəmizin zəngin mədəni irsini, adət-ənənələrini, milli mətbəxini və musiqisini tanıtmaq məqsədilə Azərbaycan gecəsi keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyası (AYİD) və “Hiros Agora” Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Gecədə Azərbaycan, ABŞ, Macarıstan, Türkiyə, İtaliya, Fransa, Latviya və başqa ölkələrdən qonaqlar iştirak edib.
Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyasının idarə heyətinin üzvü Gülər Tağıyeva Azərbaycanın coğrafi mövqeyi, Cənubi Qafqaz regionunda əhəmiyyəti, qonşu ölkələrlə əlaqələri və beynəlxalq arenadakı mühüm yeri barədə geniş məlumat verib. Azərbaycanın memarlıq irsindən, xüsusilə paytaxt Bakının həm qədim, həm də müasir infrastrukturundan, İçərişəhərin tarixi abidələrindən bəhs edib.
Gecədə, həmçinin ölkəmizin turizm potensialına diqqət çəkilərək, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən danışılıb. Milli musiqimizin incisi sayılan muğamın minillik tarixinə toxunulub.
Tədbirdə iştirak edən Erasmus layihələri üzrə koordinatorlar András Csaba və Monika Santo da ölkəmizə səfərləri ilə bağlı fikirlər səsləndiriblər. Monika Santo Azərbaycanın tarixi şəhərləri, füsunkar təbiəti, zəngin mətbəxi, qədim adət-ənənələri və qonaqpərvər insanları barədə təəssüratlarını bölüşüb.
Sonda bu kimi tədbirlərin müxtəlif millətlərdən olan insanları bir araya gətirərək mədəniyyətlərarası dialoqun inkişafına töhfə verdiyi vurğulanıb.
19:00 03.04.2026
Oxunuş sayı: 37