Bir obrazla yadda qalan aktrisa: Təhminənin Meral Konratı
“Həyatda hər şeyin bir axırı olduğu kimi bunun da axırı olur. Həyatda ən çılğın ehtiras belə bir gün tükənir. Əgər kişi ilə qadını ailə və uşaqlar kimi dəyərlər birləşdirmirsə, bu münasibət sonradan böyük bir iztiraba çevrilir...
Xoş gəlmisən, Zaur. Nə yaxşı ki, gəldin, Zaur...
Əlbəttə, Təhminə də bədbəxtdir. İçir, musiqiyə qulaq asır... Təhminə, Təhminə...”
Bu sözlər Azərbaycanda sevilən “Təhminə və Zaur” filminin unudulmaz səhnələrində səslənir. Həmin filmdə Təhminə obrazını canlandıran türk aktrisa Meral Konrat Azərbaycan tamaşaçılarının yaddaşında məhz bu rol ilə qalıb.

Meral Konrat 11 mart 1963-cü ildə Türkiyənin Karaman şəhərində anadan olub. Aktrisa, müğənni və televiziya aparıcısı kimi fəaliyyət göstərən sənətçi təhsilini Marmara Universitetinin Gözəl Sənətlər fakültəsində alıb.
Tələbəlik illərində reklam çarxlarında çəkilməklə sənətə başlayan Konrat daha sonra kino və televiziya sahəsində tanınmağa başlayıb.
Kırım tatarı mənşəli ailədə doğulan Konrat ali təhsilini Marmara Universitetinin Gözəl Sənətlər fakültəsində, daxili memarlıq ixtisası üzrə alıb. Tələbəlik illərində reklam çarxlarında çəkilməyə başlayan aktrisa daha sonra kino sahəsinə üz tutub. İlk rol aldığı film ona mükafat qazandırdıqdan sonra bu sahədə fəaliyyətini daha da genişləndirib.
Meral Konrat yalnız aktrisalıqla kifayətlənməyib. O, müxtəlif dövrlərdə manekenlik edib, televiziya proqramları aparıb, klip rejissorluğu ilə məşğul olub, həmçinin prodüserlik və ssenari müəllifliyi kimi sahələrdə də özünü sınayıb. Sənətçi “İtiraf ediyorum” adlı musiqi albomu da buraxıb.
1994-cü ildə yayıma başlayan “Vitrin” adlı televiziya proqramı onun karyerasında xüsusi yer tutur. Konrat bu verilişi TGRT kanalında düz 10 il – 2004-cü ilə qədər aparıb.

Sonrakı illərdə də müxtəlif televiziya kanallarında fərqli formatlı proqramların aparıcısı kimi fəaliyyət göstərib. Bir müddət Karadeniz TV kanalında yayımlanan səhər proqramında hər gün məşhur qonaqları qəbul edib.
2004-cü ildə keçirilən 2004 Türkiye Yerel Seçimleri zamanı Konrat siyasətə də qatılıb və Şişli rayonundan Genç Parti namizədi kimi seçkilərdə iştirak edib. Həmin seçkilərdə qalib isə Mustafa Sarıgül olub.
O, aktyorluqla yanaşı müxtəlif televiziya proqramlarının aparıcısı kimi də fəaliyyət göstərib, həmçinin musiqi sahəsində də özünü sınayıb.
Bununla belə, Azərbaycan tamaşaçıları üçün Meral Konratın adı daha çox “Təhminə və Zaur” filmində yaratdığı Təhminə obrazı ilə xatırlanır.
Fatimə Məmmədova
11:30 11.03.2026
Oxunuş sayı: 51