Neft 25 faiz bahalaşdı - G7 təcili toplanır
“Böyük yeddilik” ölkələrinin maliyyə nazirləri bazar ertəsi fövqəladə hallar üçün nəzərdə tutulmuş neft ehtiyatlarının istifadəyə verilməsi imkanını müzakirə edəcəklər.
Crossmedia.az xəbər verir ki, bunu Fransa hökumətindəki mənbə Yaxın Şərqdə mövcud münaqişə fonunda neftin qiymətlərinin kəskin artmasını “Reuters” agentliyinə şərh edərkən bildirib.
Danışıqlar barədə ilk olaraq “Financial Times” qəzeti məlumat yayıb və müzakirələrə Beynəlxalq Enerji Agentliyinin də qoşulacağını vurğulayıb.
Qəzetin yazdığına görə, ABŞ da daxil olmaqla “Böyük yeddilik” ölkələrindən üçü artıq bu ideyanı dəstəklədiyini ifadə edib.
Bu məlumat bazar ertəsi neftin qiymətlərinin kəskin artması fonunda yayılıb. Belə ki, bəzi iri istehsalçıların tədarükü azaltmasından və ABŞ ilə İsrailin İranla müharibəsinin genişlənməsi səbəbindən gəmiçilikdə uzunmüddətli fasilələrin olacağı ilə bağlı narahatlıqların bazara təsir göstərməsindən sonra qiymətlər 25 faizdən çox artaraq, bir barel üçün 119 dolları ötüb.
20:54 09.03.2026
Oxunuş sayı: 66