Hindistan bazarında Rusiya neftinə tələbat kəskin artır
ABŞ və İsrailin İranla müharibəsi fonunda neft qiymətlərinin artması Rusiyanı enerji bazarında əsas qazananlardan birinə çevirib.
Crossmedia.az bu barədə "The Wall Street" qəzetinə istinadən xəbər verir ki, cəmi bir həftə əvvəl Rusiyanın enerji sektoru son illərin ən çətin dövrlərindən birini yaşayırdı. Lakin Körfəz regionunda baş verən müharibə vəziyyəti dəyişib. Əvvəllər alıcı tapmaqda çətinlik çəkən Rusiya nefti indi bazarda yenidən tələbat görməyə başlayıb.
Məlumata görə, ABŞ bəzi sanksiyaları yumşaldaraq Rusiya neftinin əsas alıcılarına alış-satış əməliyyatlarını davam etdirməyə imkan verib. Neft və təbii qaz qiymətlərinin sürətlə yüksəlməsi isə Rusiya istehsalçıları üçün mənfəətin artmasına səbəb olur.
Artıq Hindistan bazarında da Rusiya neftinə tələbatın artdığı bildirilir. Belə ki, bəzi Hindistan neft emalı zavodları bu və gələn ay ölkə limanlarına çatdırılacaq Rusiya neftini qlobal etalon Brent nefti qiymətindən 1–5 dollar yüksək təklif etməyə başlayıb.
Bu vəziyyət fevral ayında Rusiya neftinin Brent qiymətindən bir barel üçün 10 dollardan çox endirimlə satılması ilə kəskin ziddiyyət təşkil edir. Bəzi treyderlər isə artıq Rusiya neftini qlobal etalonlardan da baha qiymətə satmağa çalışırlar.
15:55 08.03.2026
Oxunuş sayı: 188