Türk dünyası alimlərinin koordinasiyası elmi inteqrasiyanın əsas şərtidir – Akademik
Müasir dövrdə qloballaşma və rəqəmsallaşma prosesləri xalqlar arasında əməkdaşlığın yeni formalarını zəruri edir. Bu baxımdan Türk dünyası alimlərinin koordinasiyalı fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bakıda keçirilən “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans da məhz bu məqsədə xidmət edir. Konfransda çıxış edən Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov vurğulayıb ki, yüz il əvvəl keçirilən Türkoloji Qurultayın ideyaları bu gün də aktuallığını qoruyur.
Tarixi təcrübə göstərir ki, Türk dünyasının inkişafında elmi əməkdaşlıq, mədəni dialoq və intellektual məsuliyyət əsas istiqamətlər kimi çıxış edib. Müasir rəqəmsal çağırışlar fonunda bu prinsiplərin yenidən gündəmə gəlməsi ortaq elmi və mədəni məkanın formalaşmasına xidmət edir. Beləliklə, bugünkü konfrans yalnız tarixi bir hadisənin xatırlanması deyil, həm də gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Atatürk Mərkəzinin direktoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, filologiya elmləri doktoru, akademik Nizami Cəfərov Crossmedia.az-a bildirib ki, Türk dünyası alimləri məsələsi bu günlərdə çox müzakirə olunur:

"Türk Dövlətləri Təşkilatı var, türk xalqlarının mədəni, elmi, siyasi və ideoloji inteqrasiyası sahəsində kifayət qədər geniş imkanlar açılıb və Türk Dünyası Akademiyası fəaliyyət göstərir, Türk Mədəniyyəti və İrsi Fondu mövcuddur. TÜRKSOY təşkilatı çoxdandır ki, bu inteqrasiyanın mədəni tərəfləri ilə məşğuldur. Yəni bu təşkilatlar, bu qurumlar faktiki olaraq elmi, mədəni, intellektual inteqrasiyanı həyata keçirir və bu inteqrasiya da zəif getmir. Hər halda bu təşkilatların keçirdiyi müxtəlif toplantılarda alimlərimiz bir araya gəlirlər. Başqa bir tərəfdən, ayrı-ayrı türk akademiyalarının bu təşkilatlar vasitəsilə, həm də öz aralarında kontaktları get-gedə güclənir. Universitetlərin kontaktları son vaxtlar sürətlə artır, elm və təhsil sahəsində müəyyən işlər görülür. Bu işlər daha çox humanitar sahələrdə görünür və belə də olmalıdır. Ona görə ki, əslində dəqiq və təbiət elmlərinin inteqrasiyası daha çox ümumdünya səviyyəsində gedir, çünki bunlar beynəlmiləl sahələrdir. Amma humanitar sahədə beynəlmiləl cəhətlərlə yanaşı, ondan daha çox milli xüsusiyyətlər var: dil, ədəbiyyat, tarix. Burada bizim türkologiya dediyimiz böyük bir elm sahəsi fəaliyyət göstərir. Əlaqələr kifayət qədər artan sürətlə gedir".
N.Cəfərov vurğulayıb ki, proses davam etsə də, mövcud səviyyə hələ tam qənaətbəxş deyil: “Düzdür, biz hələlik onun səviyyəsindən tam da razı ola bilmərik, amma hər halda bu proses gedir. Koordinasiya məsələsinə gəldikdə, bu, həqiqətən, ciddi bir problemdir. Əvvəla, bu gün koordinasiya eləmək elə də asan məsələ deyil. Yəni eyni mövzuların təkrar olunmaması və yaxud əksinə, eyni mövzular arasında iş koordinasiyasının aparılması bu gün ciddi problemlərdir. Düşünürəm ki, xüsusilə elmi-təşkilati tədbirlərin görülməsi, ayrı-ayrı elm və mədəniyyət təşkilatlarının, qurumlarının əməkdaşlığı belə bir koordinasiya üçün imkanlar verəcək".
Mehriban Yariyeva
09:45 04.03.2026
Oxunuş sayı: 622