İran ABŞ şirkətlərinə neft-qaz layihələrində iştirak təklif edir
İran ABŞ şirkətlərinə ölkənin iri neft və qaz layihələrində podratçı qismində iştirak imkanı təklif edib.
Bu barədə crossmedia.az xarici KIV-ə istinadən xəbər verir.
Məlumata görə, Tehran Vaşinqtonla aparılan danışıqlarda sanksiyaların ləğvi və uranın zənginləşdirilməsi hüququnun tanınması müqabilində nüvə proqramı üzrə müəyyən güzəştlərə hazır olduğunu bildirib. İran rəsmisi qeyd edib ki, tərəflər arasında iki raund danışıqlara baxmayaraq, ABŞ sanksiyalarının həcmi və onların aradan qaldırılma ardıcıllığı ilə bağlı fikir ayrılıqları qalmaqdadır.
Agentliyin yazdığına görə, ötən həftə keçirilən danışıqlardan sonra mövqelər bir-birindən xeyli uzaq görünsə də, Tehran yeni təkliflər irəli sürüb. Analitiklər bunu İranın diplomatik kanalları qorumaq və mümkün hərbi toqquşmanın qarşısını almaq cəhdi kimi qiymətləndirirlər.
Mənbənin sözlərinə görə, İran ən yüksək səviyyədə zənginləşdirilmiş uranın yarısını ölkə xaricinə göndərməyi, qalan hissəni isə zəiflətməyi və regional zənginləşdirmə konsorsiumunun yaradılmasında iştirak etməyi nəzərdən keçirə bilər. Bu ideya daha əvvəl də illər boyu aparılan danışıqlarda müzakirə olunub.
Tehran bu addımları ABŞ tərəfindən “sülhməramlı zənginləşdirmə” hüququnun tanınması və iqtisadi sanksiyaların ləğvi ilə bağlı razılaşma çərçivəsində atmağa hazır olduğunu bildirib.
07:50 23.02.2026
Oxunuş sayı: 431