Veronada Olimpiadanın bağlanışı ərəfəsində etiraz: “Daha az Oyun, daha çox ev”
İtaliyanın Verona şəhərində Qış Olimpiya Oyunlarının bağlanış mərasimindən bir neçə saat əvvəl yüzlərlə insan küçələrə çıxaraq mənzil qiymətləri və Oyunların ətraf mühitə təsirinə etiraz edib. “Olympics? No thanks” şüarı ilə keçirilən aksiya universitet qrupları və ictimai birliklər tərəfindən təşkil olunub.
Etirazçılar meşələrin məhv edildiyini, həssas ərazilərin betonlaşdırıldığını və sosial bərabərsizliyin dərinləşdiyini bildiriblər. 76 yaşlı fəal Cianinna Dal Bosko “ərazimizi spekulyasiyadan və tədbirlərə qatılmağın mümkünsüz xərclərindən qorumaq üçün buradayıq” deyib.
Bağlanış mərasiminə biletlərin qiyməti 950 avrodan 2 900 avroya qədər dəyişib. Tədbir şəhərin qədim Roma amfiteatrı olan Verona Arenada keçirilib.
Aksiya iştirakçıları “Az sayda insan üçün daha az Oyun, hamı üçün daha çox ev” yazılmış bannerlər qaldırıblar. 60 kilometr uzaqlıqdakı Viçensadan gələn 34 yaşlı Françeska isə yeni tikililərin landşaftı “eybəcərləşdirdiyini” bildirib və xüsusilə bobsley trasını tənqid edib. Onun sözlərinə görə, dövlət vəsaiti mənzil və torpaq təhlükəsizliyi layihələrinə yönəldilə bilərdi.
Bəzi etirazçılar Fələstin bayraqları qaldırıb və kəffiyə şərfləri taxıblar. Yürüş təxminən iki saat davam edib və təhlükəsizlik zonasına yaxın ərazidə qısa fasilə verilib. Aktivistlər yolda iri hərflərlə “BEŞ HALQA, MİN BORC” şüarını yazıblar.
Şəhər meri Damiano Tommasi bildirib ki, Olimpiya kimi irimiqyaslı tədbirlər hər zaman diqqət və etiraz riski yaradır, buna görə də gücləndirilmiş təhlükəsizlik tədbirləri əsaslıdır.
Qeyd edək ki, Oyunların ilk günündə Milanda keçirilən və təxminən 10 min nəfərin qatıldığı daha genişmiqyaslı etiraz aksiyası sonradan zorakılıqla müşayiət olunmuşdu.
06:38 23.02.2026
Oxunuş sayı: 505