Britaniya ABŞ-a kəskin rədd cavabı verdi
Böyük Britaniya hökuməti ABŞ-na Qlosterşir qraflığında yerləşən hərbi hava bazasından İrana qarşı mümkün hərbi zərbələr üçün istifadə etməyə razılıq verməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Sky News televiziya kanalı məlumat yayıb.
Məlumata əsasən, artıq istifadə edilən Dieqo Qarsiya adasındakı bazadan əlavə olaraq, Qlosterşirdə yerləşən və ABŞ-yə məxsus ağır bombardmançı təyyarələrin dislokasiya olunduğu hərbi obyektin də əməliyyatlara cəlb edilməsi nəzərdə tutulurdu. Lakin London hökuməti buna icazə verməyib.
Böyük Britaniya ilə ABŞ arasında qüvvədə olan razılaşmalara görə, ABŞ Müdafiə Nazirliyi Böyük Britaniya ərazisində yerləşən hərbi bazalardan, eləcə də ABŞ hərbi təyyarələrinin və şəxsi heyətinin yerləşdiyi digər obyektlərdən yalnız Böyük Britaniya hökumətinin əvvəlcədən razılığı ilə istifadə edə bilər.
Mənbələrin bildirdiyinə görə, London rəhbərliyi İrana qarşı mümkün hərbi əməliyyatda ABŞ-yə dəstək vermək niyyətində deyil.
Turqut Ansari
15:28 20.02.2026
Oxunuş sayı: 471