Praqada “Klassik çex hekayələri” kitabı ilə bağlı növbəti tədbir keçirilib
Çexiyanın paytaxtı Praqada yerləşən Azərbaycan Mədəniyyət Evində “Klassik çex hekayələri” kitabı ilə bağlı növbəti tədbir keçirilib. Tədbir Çexiyada fəaliyyət göstərən “Natəvan” cəmiyyəti və Praqa Beynəlxalq Münasibətlər İnstitutunun təşkilatçılığı ilə baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbirdə müasir çex ədəbiyyatının tanınmış simaları – yazıçı Mixal Ayvaz, yazıçı və tərcüməçi, Havliçkuv Brodda keçirilən Payız Kitab Sərgisinin təsisçisi Marketa Heykalova da iştirak edib. Çıxışlar zamanı Azərbaycan və Çexiya arasında mədəni əməkdaşlığın inkişafına dair fikirlər səsləndirilib. “Klassik çex hekayələri”nin Azərbaycan dilinə tərcüməsinin xalqlar arasında ədəbi-mədəni körpü yaratdığı vurğulanıb.
Kitabın Azərbaycan dilinə tərcüməçisi Praqa Azərbaycan Mədəniyyət Evinin nəzdindəki həftəsonu məktəbinin müəllimi Şəbnəm Əsədovadır. Nəşrin redaktorları isə Karlova Universitetinin Fəlsəfə fakültəsinin dosenti İvana Bozdyexova və çex yazıçısı Yaroslav Olşadır.
Qeyd edək ki, Praqa şəhərində yerləşən Azərbaycan Mədəniyyət Evi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2024-cü ildə açılıb və aktiv fəaliyyət göstərir.
15:30 16.02.2026
Oxunuş sayı: 317