San Ramonda Azərbaycanın zəngin mədəni irsi tanıdılıb
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti (ACSNC) ABŞ-nin San Ramon şəhərində keçirilən “İcmada Mədəniyyət” (Culture in the Community) Festivalında ölkəmizi təmsil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla iş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Dünyanın müxtəlif ölkələrinin mədəniyyətlərini bir araya gətirən festivalda Azərbaycan guşəsi böyük maraqla qarşılanıb. Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbəri Nurlan Şükürlü və üzvü Günay Xəlilova ziyarətçilərə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, mətbəxi və füsunkar təbiəti barədə ətraflı məlumat verib, sualları cavablandırıblar. Festivalın ən yadda qalan məqamlarından biri isə ACSNC-nin incəsənət üzrə direktoru Anar Allahverdovun rəhbərliyi ilə təqdim edilən “Çoban”, “Qaytağı” rəqsləri və nağara şousu olub. Azərbaycan xalq rəqslərinin ritm və enerjisi festivala xüsusi rəng qatıb.
Azərbaycan guşəsini ziyarət edənlər arasında San Ramon şəhərinin meri Mark Armstrong və vitse-meri Marisol Rubio da olub. Onlar soydaşlarımızla görüşərək Azərbaycan haqqında geniş məlumat alıb, ölkəmizin zəngin mədəniyyəti ilə yaxından tanış olublar.
16:15 13.02.2026
Oxunuş sayı: 223