“Şagird kabineti” təhsilin inkişafına necə təsir göstərəcək?
Rəqəmsal imkanlar artıq məktəb mühitinin ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan “Rəqəmsal məktəb” platformasında yaradılan “Şagird” fərdi kabineti məktəblilərin tədris prosesində daha aktiv iştirakına şərait yaradır.
Platforma şagirdlərə dərs cədvəlindən başlayaraq dərsliklərə, mövzu izahlarına, ev tapşırıqlarına və test nümunələrinə qədər bütün tədris materiallarını bir məkanda izləmək imkanı verir.
Şagirdlər sistemə onlara təqdim olunan UTİS kodu və valideyn tərəfindən müəyyən edilən şifrə vasitəsilə daxil olurlar. Bu da həm təhlükəsizliyi təmin edir, həm də valideyn nəzarətini gücləndirir. “Şagird” fərdi kabineti təkcə məlumat əldə etmək üçün deyil, eyni zamanda məktəblilərin öz təhsil nəticələrini izləməsi, məsuliyyət hissini artırması və rəqəmsal bacarıqlarını inkişaf etdirməsi baxımından da əhəmiyyətli hesab olunur.
Mövzu ətrafında Crossmedia.az-a danışan təhsil eksperti İlqar Orucov bildirib ki, bu platforma üzərindən təkcə rəqəmsal yeniliklərin təhsilə gətirilməsi deyil, eyni zamanda şəffaflıq və şagirdlərin öz zəif tərəflərini yenidən öyrənmək imkanı da əldə etməsi deməkdir:

"Şagirdlər gündəlik dərs cədvəli, ev tapşırıqları, mövzuların izahını ilə burada tanış ola bilərlər. Onlar ev tapşırıqlarını, eyni zamanda gündəlik mövzu üzrə çalışarkən əlavə resurs olaraq məhz əlavə öyrənmə imkanı əldə etmiş olurlar. Həmçinin, şagirdlərin fərdi kabinetindən istifadə etmək üçün UTİS kodu valideynin təyin etdiyi şifrə ilə müəyyənləşdirilməsi, həm də valideynlərin övladlarını rəqəmsal platforma üzərindən nəzarət etmək, onların bilik və bacarıqlarının qiymətləndirilməsini əyani olaraq görmək, şagirdin nailiyyətlərini və zəif tərəflərini izləmək, təhsildə əldə etdikləri bilik və bacarıqların hansı səviyyədə olmasını görmək imkanı verir".
Ekspert hesab edir ki, bu məktəblilərin, həmçinin onların valideynlərinin tədris nəticələrinə nəzarətin gücləndirilməsinı gətirib çıxarılacaq, tədris resurslarına əlçatanlıq təmin olunacaq:
"Bundan əlavə şagirdlərin rəqəmsal bacarıqlarının inkişafına təkan verəcək. Bu mənada, Elm və Təhsil Nazirliyinin "rəqəmsal məktəb" platforması üzərindən şagird fərdi kabinetin yaradılmasını kifayət qədər səmərəli bir addım hesab edirəm. Düşünürəm ki, bu istiqamətdə görülən işlər şagirdlərin daha yaxşı bilik əldə etmək imkanlarını genişləndirəcək. Valideyn-müəllim-şagird arasındakı zəncirin rəqəmsal alətlər vasitəsilə daha möhkəm olmasına imkan yaradacaq".
Fatimə Məmmədova
10:00 13.02.2026
Oxunuş sayı: 717