Almaniyalı həkimlər Diaspor Komitəsində olub
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov almaniyalı həkimləri qəbul edib.
Crossmedia.az-a bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Görüşdə Almaniyanın Troisdorf şəhərində yerləşən Radiologiya, Təbabəti və Neyroradiologiya Klinikasının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru, dosent Nuran Abdullayev, Münhen Klinikası nəzdində Diaqnostik və İntervensional Radiologiya və Neyroradiologiya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Anastasios Mpotsaris, Almaniyanın Aşaffenburq-Alsenau Xəstəxanasının Radiologiya və Neyroradiologiya şöbəsinin müdiri Volker Maus, Berlin şəhərində yerləşən Fürstenberq Karree Tibb Mərkəzinin patoloq-həkimi Hendrik Yan Yütte və Almaniyanın Aaxen Universitet Klinikasının Radiologiya şöbəsinin həkimi Sebastian Sanduleanu, Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin sədri, Köln Azərbaycan Evinin həmtəsisçisi Altay Rüstəmov, Köln Azərbaycan Evinin həmtəsisçisi Ağa Ağayev iştirak edib.
Qonaqları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edən komitə sədri ölkəmizin müasir inkişaf istiqamətləri, 70-dən çox ölkədəki Azərbaycan icması ilə həyata keçirilən genişmiqyaslı layihələr barədə məlumat verib. Bildirib ki, müasir Azərbaycanın inkişafı, dövlət başçısının beynəlxalq arenada əldə etdiyi mühüm uğurlar diasporumuz üçün yeni imkan və çağırışlar müəyyən edir.
Görüşdə azərbaycanlı həkimlərin bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərdiyi, öz bilik və təcrübələri ilə yaşadıqları ölkələrin səhiyyə sisteminə töhfələr verdiyi qeyd olunub. Almaniyada da çoxsaylı azərbaycanlı həkimin çalışdığı, ölkənin nüfuzlu elmi tədqiqat mərkəzlərində fəaliyyət göstərdikləri xatırladılıb, Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin Forumunun bir neçə dəfə təşkil olunduğundan danışılıb. Forumların həkimlərin işbirliyinin stimullaşdırılmasına xidmət etdiyi, dayanıqlı və rəqabətqabiliyyətli diaspor fəaliyyətinin yaranmasına gətirib çıxardığı qeyd olunub.
Qonaqlar səmimi qəbula görə təşəkkür edib, Azərbaycana səfərin onlarda böyük maraq yaratdığını nəzərə çatdırıblar. Müasir tibbi biliklərin bölüşdürülməsinin əhəmiyyətini vurğulayan almaniyalı qonaqlar həkimlərin forumlarının təşkilinin uğurlu nəticələrinə diqqət çəkib, qazanılan təcrübələrdən qarşılıqlı yararlanmağın və əməkdaşlığın şaxələndirilməsinin vacibliyini bildiriblər.
Görüşdə, həmçinin Almaniyadakı Azərbaycan icmasının cəmiyyətə inteqrasiyası, davamlı müzakirə platformalarının yaradılması, mümkün potensial əməkdaşlıq imkanları geniş müzakirə olunub.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada Azərbaycanlı Həkimlərin I Forumu 2022-ci ildə Köln şəhərində, II Forumu 2023-cü ildə Berlin şəhərində, III Forumu isə 2024-cü ildə Bonn şəhərində keçirilib.

11:10 09.02.2026
Oxunuş sayı: 342