Türk xalqlarında saç hörgüsü
Türk dünyasında hörgü Orta Asiyadan Qafqaziyaya, Anadoludan Balkanlara qədər hər türk boyunda yayılıbdır. Hər boyda fərqli adlarla və formalarda olsa da, hörgü eyni mənanı ifadə edirdi. Qədim türklərdən bəri hörgü yalnız bir adət olmayıb, həm də status, kimlik və aidiyyətin vacib göstəricisi olubdur.
Tarixi mənbələr, qaya rəsmləri, qədim məzarlar və e.ə. VII əsrə aid Çin mənbələri göstərir ki, türklər saçlarını uzun saxlayır və hörürdülər. Həmin dövrdə çinli buddist səyyah Hsüan Tsang Hun hökmdarlarının saçlarını ipək şərflərlə hördürdüyünü qeyd edib. VI–VIII əsrlərdə Göytürk balbal və Daş Baba heykəllərində kişi fiqurlarının uzun və hörgülü saçları təsvir olunub. X–XI əsrlərdə Orta Asiyadan qərbə köç edən türk topluluqlarında uzun və çoxlu saç hörgüsü ənənəsi qorunub saxlanıb. XII əsrdəki Moğol istilasından sonra bəzi dəyişikliklər baş versə də, bu ənənə, xüsusilə Oğuz türkləri vasitəsilə sonrakı dövrlərə uğurla ötürülüb.
İnan, Abdülkadirin (Tarixdə və Bu Gün Şamanizm) kitabına istinad edərək qeyd edirik ki, qədim türklərdə anaerkil dövrdə qadının kişi üzərində üstün mövqeyinin əsas səbəbləri onun saçı və doğurganlıq gücü ilə bağlı idi.
Qeyd edək ki, Tengrizm inancına görə, əgər bir şəxs savaşa və ya hər hansı vacib işə gedirsə, evdən çıxarkən saçından kiçik bir tutam hörülürdü. Bu hörgü xaricdəki pis enerji və ruhlardan qorunmaq məqsədini daşıyırdı. Beləliklə, hörgü yalnız bəzək və status göstəricisi deyil, həm də ruhani və qoruyucu bir simvol kimi qiymətləndirilirdi.
Uygurların “Sümbül saç” adlandırdıqları uzun və gür saçlar isə Uygur xanımlarının gözəllik simvolu sayılırdı. Uygur qızlarının saçlarını uzun saxlaması və tanelərə ayıraraq hörməsi qədim dövrlərdən gələn bir ənənədir. Bu adətdə müəyyən qaydalar formalaşmış, saç hörgülərinin sayı isə xüsusi mənalar daşıyırdı. Evlənən qızların saçları on bir, on beş, on yeddi, iyirmi bir və ya qırx bir tük olaraq təkcə hörülür, heç vaxt cütləşdirilməzdi. Saçın cüt hörülməsi qadının evli olduğunu göstərirdi.
Məsələn, Uygur yazıçısı Zordun Sabırın İzdinis romanında bir xanım belə təsvir olunur:
"O incə, orta boylu idi. İki tük olaraq hörülmüş uzun saçları kalçasından aşağı enirdi. Bu saçlar kunduz tükü kimi qara və parlaq idi".
Bu təsvirdə “evli” sözü olmasa da, saçların iki tük şəklində hörülməsi xanımın evli olduğunu göstərir (Dr. Gülzadə Tanrıdağlı).
Hun dövründən başlayaraq saç hörgüsü müxtəlif formalara malik olubdur. Göytürk balbal və Daş Baba heykəllərində kişi fiqurlarının saçları uzun və hörgülü təsvir edilir. Uygur dövrünə aid tapınak divar rəsmləri və səcd rəsmlərində təkli, ikili və üçlü hörgülər geniş yayılıb. Qara dənizin şimalında yerləşən Kıpçak heykəllərində isə çoxlu saç hörgüsü açıq-aydın görünür. Orta Asiyadan qərbə doğru köçlər nəticəsində uzun və çoxlu saç hörgüsü ənənəsi qorunub saxlanıb. XII əsrdəki Moğol istilasından sonra bəzi dəyişikliklər baş versə də, bu praktika xüsusilə Oğuz türkləri vasitəsilə sonrakı dövrlərə ötürülüb.
Balballardakı hörgülü saçlar erkən türk mədəniyyətində yalnız bəzək deyil, həm də toplum qaydalarını və fərdi kimliyi əks etdirən simvolik element idi. Bu balballar həm məzar daşı, həm də dövrün sosial və siyasi strukturlarının vizual sənədi sayılırdı. Saçların hörgülü təsviri göstərir ki, türklər üçün saç sosial aidiyyət və savaşçı kimliyin açıq göstəricisi idi. Çin mənbələri, Orhun Yazıtları ətrafındakı arxeoloji tapıntılar və daş heykəllər birlikdə araşdırıldıqda, hörgülərin xüsusilə savaşçı aristokratiya ilə əlaqəli olduğu ortaya çıxır. Beləliklə, balballardakı hörgülü saç motivi erkən türk cəmiyyətində bədən dili və görünüş vasitəsilə kimliyin formalaşdırılmasını göstərən mühüm tarixi və mədəni nümunədir.
Türkan Kərimli
09:30 28.01.2026
Oxunuş sayı: 529