“Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Amalya Pənahovanın 80 illik yubiley gecəsi keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli teatr və kino aktrisası, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şərəf” və “Şöhrət” ordenli sənətkar, Bakı Bələdiyyə Teatrının (BBT) yaradıcısı Amalya Pənahovanın (1945–2018) anadan olmasının 80 illiyinə həsr olunmuş “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” adlı yubiley gecəsi keçirilib.
Crossmedia.az xəbər verir ki, dekabrın 28-də Heydər Əliyev Sarayında təşkil olunan tədbirdə Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, mədəniyyət nazirinin müavini Murad Hüseynov, eləcə də tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yubiley gecəsində Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Mərahim Fərzəlibəyov, Nurəddin Mehdixanlı və Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək Amalya Pənahovanın zəngin sənət yolundan, Azərbaycan teatr və kino sənətinin inkişafına verdiyi böyük töhfələrdən danışıblar, sənətkarla bağlı xatirələrini bölüşüblər.
Cavid İmamverdiyevin quruluş verdiyi gecədə Amalya Pənahovanın müxtəlif tamaşalarda səsləndirdiyi mahnıların lent yazılarının müşayiəti ilə Azərbaycan Dövlət Rəqs Ansamblının təqdim etdiyi performans tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Xalq artistləri İlqar Muradov, Gülyaz və Gülyanaq Məmmədovalar, Fidan Hacıyeva, Əməkdar artistlər Sevda və Elmira Ələkbərzadələr ifaları ilə yubiley gecəsinə xüsusi rəng qatıb.
Tədbir çərçivəsində Xalq artisti Kazım Abdullayev “Medeya”, Xalq artisti Nurəddin Mehdixanlı isə “Tomris” tamaşalarında Amalya Pənahovanın vaxtilə tərəf-müqabili olduqları səhnələri nümayiş etdiriblər. Bundan əlavə, Xalq artisti Hacı İsmayılov və BBT-nin aktrisası Zülfiyyə Qurbanovanın ifasında “Unuda bilmirəm”, Əməkdar artist Elşən Rüstəmov və BBT-nin aktrisası Ülviyyə Rzanın təqdimatında isə “Təhminə və Zaur” tamaşasından parçalar alqışlarla qarşılanıb.
17:33 29.12.2025
Oxunuş sayı: 6923