Cənubi Koreyada sabiq prezidentə 10 il həbs cəzası tələb olunur
Cənubi Koreya prokurorluğu sabiq prezident Yun Suk-Yol barəsində 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edib.
Bu barədə Crossmedia.az Yonhap xəbər agentliyinin yaydığı məlumata istinadən xəbər verir.
Məlumata görə, prokurorlar Yun Suk-Yolu bir sıra ağır cinayətlərdə ittiham edirlər. İttihamlar arasında ədalət mühakiməsinə mane olmaq, Nazirlər Kabineti üzvlərinin hüquqlarını pozmaq, hərbi vəziyyətin elan edilməsi ilə bağlı sənədin hazırlanması, hərbi vəziyyətə ehtiyac olduğunu əsaslandırmaq üçün yalan məlumat yaymaq, eləcə də sübutların məhv edilməsinə cəhd yer alır.
İstintaqın qənaətinə görə, sabiq prezident Nazirlər Kabinetinin tam iştirakı və razılığı olmadan hərbi vəziyyətlə bağlı qərar verib, daha sonra isə bu qərarı əsaslandırmaq məqsədilə ictimaiyyətə və xarici mediaya yanlış məlumatların ötürülməsinə göstəriş verib. Prokurorluq həmçinin iş üzrə vacib sənədlərin gizlədilməsi və ya məhv edilməsi cəhdlərinin olduğunu bildirir.
Yun Suk-Yol 2024-cü ilin dekabrında elan etdiyi hərbi vəziyyət qərarından sonra ciddi siyasi böhranla üzləşmiş, daha sonra impiçment yolu ilə vəzifəsindən uzaqlaşdırılmışdı. O, irəli sürülən ittihamları qəbul etmir və bütün hərəkətlərinin Konstitusiya çərçivəsində həyata keçirildiyini iddia edir.
Məhkəmənin qərarının 2026-cı ilin əvvəlində elan olunacağı gözlənilir.
Mehriban İbrahimli
14:08 26.12.2025
Oxunuş sayı: 3243