Vüqar Zifəroğludan təklif: Türk dünyası ölkələrinin jurnalistləri üçün ortaq platformalar təşkil olunsun - MÜSAHİBƏ
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Ankarada, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilən türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda çıxış edərək bildirib ki, ölkələrimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə düzgün çatdırılması üçün Türk dünyasının jurnalistləri arasında güclü həmrəylik vacibdir.
Əhməd İsmayılov qeyd edib ki, media qurumları öz peşə vəzifələrini layiqincə yerinə yetirdikcə, Türk dünyasının mövqeyi beynəlxalq səviyyədə daha təsirli şəkildə ifadə olunacaq. O, həmçinin vurğulayıb ki, dövlətlərin yerləşdiyi regionlarla bağlı vəziyyətin düzgün təqdim edilməsi və dünya ictimaiyyətinin obyektiv məlumatlandırılması üçün jurnalistlərin həm peşəkarlıq səviyyəsinin, həm də diqqət və məsuliyyətinin artırılması xüsusi önəm daşıyır.
Media müasir müasir beynəlxalq münasibətlər sistemində mühüm rol oynayır. İnformasiya müharibəsinin sürətlə davam etdiyi və aktuallaşdığı, dezinformasiyaların isə "havada uçuşduğu" bir vaxtda yazılan xəbərlər, efirə gedən süjetlər, həmçinin verilən bəyanatlar artıq manipulyasiya xarakteri daşıyır.
Tür dövlətləri arasında əməkdaşlıq getdikcə güclənir. Artıq bütün Türk dövlətlərinin prioriteti qarşılıqlı əməkdaşlığı inkişaf etdirməkdir. Belə olan halda isə media əməkdaşlığı gündəmə gəlir.

Mətbuat Şurasının sədr müavini, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu bu barədə Crossmedia.az-ın suallarını cavablandırıb:
- Türk dünyası ölkələri arasında medianın inkişafı üçün hansı müvafiq addımlar atılmalıdır?
- Türk dünyası jurnalistləri arasında həmrəyliyin gücləndirilməsi üçün atılacaq addımlar sistemli və davamlı xarakter daşımalıdır. İlk növbədə, ortaq informasiya platformalarının yaradılması vacibdir. Türk dövlətlərini təmsil edən media qurumları arasında vahid xəbər mübadiləsi şəbəkəsi formalaşdırılmalı, dezinformasiya və qərəzli yanaşmalara qarşı operativ reaksiya mexanizmləri qurulmalıdır. Bu, beynəlxalq auditoriyaya hadisələrin türk dünyasının baxış bucağından, faktlara əsaslanan formada çatdırılmasını asanlaşdırar. İkinci mühüm istiqamət birgə peşəkar layihələrin genişləndirilməsidir. Birgə reportajlar, araşdırmalar, sənədli filmlər və media kampaniyaları jurnalistlər arasında həm peşəkar bağlılığı, həm də qarşılıqlı etimadı gücləndirər. Xüsusilə regional münaqişələr, humanitar məsələlər və mədəni irs mövzularında ortaq media məhsullarının hazırlanması beynəlxalq ictimai rəyin formalaşmasına ciddi töhfə verə bilər.
- Qarşılıqlı təlimlər, təcrübə mübadilələri bu məsələdə hansı rol oynayır?
- Təlim və mübadilə proqramlarının institusionallaşdırılması zəruridir. Türk dünyası ölkələrinin jurnalistləri üçün ortaq akademiyalar, yay və qış məktəbləri, təcrübə proqramları təşkil olunmalı, gənc jurnalistlərin qarşılıqlı tanışlığı və şəbəkələşməsi təşviq edilməlidir. Bu, uzunmüddətli perspektivdə ortaq peşəkar kimliyin formalaşmasına xidmət edər.
- Vüqar müəllim, bildiyimiz kimi, media sahəsində ən mühüm məqamlardan biri etik normalardır. Bu faktor Türk dövlətləri jurnalistləri arasında əməkdaşlığın gücləndirilməsində hansı rol oynayır?
- Bəli, razıyam. Etik dəyərlər və peşə standartları ətrafında ümumi yanaşmanın formalaşdırılması da vacibdir. Türk dünyası jurnalistləri üçün ortaq etik prinsiplər və davranış kodeksi qəbul edilərsə, həm daxili həmrəylik güclənər, həm də beynəlxalq müstəvidə etibarlılıq artar. Nəhayət, media diplomatiyasının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq forumlar, konfranslar və media tədbirlərində türk dünyası jurnalistlərinin vahid mövqe nümayiş etdirməsi, koordinasiyalı çıxışlar etməsi ölkələrimiz haqqında həqiqətlərin daha aydın və ardıcıl şəkildə təqdim olunmasına imkan yaradar.
- Sizə də məlum olduğu kimi, son dövrlərdə Türk dövlətlərinə, o cümədən Azərbaycana və Türkiyəyə qarşı dezinformasiya kampaniyası güclənib. Belə bir vaxtda adı çəkilən dövlətlər hansı adekvat və preventiv addımlar ata bilər?
- Bizə qarşı aparılan informasiya müharibəsində də vahid mövqenin nümayiş etdirilməsi olduqca əhəmiyyətlidir və bunun üçün ilk növbədə koordinasiya olunmuş və institusional yanaşma formalaşdırılmalıdır. Ayrı-ayrı media qurumlarının və jurnalistlərin fərdi reaksiyaları deyil, əvvəlcədən müəyyən edilmiş ortaq strategiya əsasında fəaliyyət göstərməsi informasiya mübarizəsində effektivliyi xeyli artırar. Bu baxımdan, ən vacib addımlardan biri operativ koordinasiya mexanizmlərinin yaradılmasıdır. Türk dünyası ölkələrinin media strukturları arasında daimi əlaqə saxlayan mərkəz və ya platforma formalaşdırılmalı, dezinformasiya, manipulyativ xəbərlər və təxribat xarakterli materiallar dərhal müəyyən edilərək ortaq reaksiya xətti hazırlanmalıdır. Belə mexanizm informasiya hücumlarına gecikmədən və parçalanmış şəkildə deyil, vahid mövqedən cavab verməyə imkan yaradar. Digər mühüm addım ortaq narrativlərin formalaşdırılmasıdır. Hadisələrə dair faktlar, terminologiya və izah çərçivələri əvvəlcədən razılaşdırılmalı, xüsusilə həssas mövzularda – münaqişələr, regional təhlükəsizlik, tarixi məsələlər və humanitar problemlərdə – ziddiyyətli və ya bir-birini zəiflədən yanaşmaların qarşısı alınmalıdır. Bu, beynəlxalq auditoriyada mesajın daha inandırıcı və ardıcıl qəbul edilməsinə xidmət edər. Eyni zamanda, analitik və fakt-yoxlama (fact-checking) imkanlarının gücləndirilməsi vacibdir. Birgə ekspert qrupları və media analitika mərkəzləri yaradılaraq saxta məlumatların mənbəyi, yayılma mexanizmi və məqsədi sistemli şəkildə təhlil olunmalı, bu təhlillər əsasında media üçün hazır arqumentlər və izah paketləri təqdim edilməlidir.
- Nəzərə almaq lazımdır ki, informasiya beynəlxalq səciyyə daşıyır. Başqa sözlə desək, əgər biz daha geniş auditoriyaya xitab etmək istəyiriksə, beynəlmiləl dillərdən də istifa etməliyik. Siz bu barədə nə düşünürsünüz?
- Beynəlxalq dildə və platformalarda aktivliyin artırılması zəruridir. İnformasiya müharibəsi əsasən qlobal mediada və sosial şəbəkələrdə aparıldığı üçün türk dünyasının mövqeyi yalnız milli dillərdə deyil, ingilis və digər beynəlxalq dillərdə də koordinasiyalı şəkildə təqdim olunmalıdır. Bu sahədə ixtisaslaşmış jurnalist və media menecerlərinin hazırlanması xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda peşəkar həmrəylik və qarşılıqlı dəstək prinsipi gücləndirilməlidir. Hər hansı ölkənin mediası hədəfə alındıqda digər türk dövlətlərinin media qurumları bunu lokal məsələ kimi deyil, ortaq informasiya təhlükəsizliyi problemi kimi qəbul etməli və açıq dəstək nümayiş etdirməlidir. Bu yanaşma informasiya müharibəsində parçalanmış deyil, güclü və birgə mövqenin formalaşmasına şərait yaradar. Bütün bu addımların paralel və məqsədyönlü şəkildə atılması türk dünyası jurnalistləri arasında həmrəyliyi formal çağırış səviyyəsindən real və təsirli əməkdaşlıq mərhələsinə keçirə bilər.
Fatimə Eynullazadə
11:30 19.12.2025
Oxunuş sayı: 1949