"Qara qızıl"ın taleyi necə olacaq?- Sensasional proqnoz
"Qara qızıl" hər zaman təkcə tələb və təklif qanunları ilə deyil, həm də böyük güclərin geosiyasi gedişləri ilə idarə olunub. ABŞ və İran arasındakı buzların əriməsi ehtimalı neft bazarlarında dərhal özünü büruzə verdi və "Brent" markalı neft aprel ayından bəri ilk dəfə 93 dollar səddindən aşağı endi. Siyasətin iqtisadiyyat üzərindəki bu kəskin diktəsi fonunda bazarları qarşıda hansı ssenari gözləyir?
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Crossmedia.az-a açıqlama verib: "ABŞ və İran arasında mümkün razılaşma bazarda geosiyasi risklərin azalacağı gözləntisini gücləndirib və bu da neft qiymətlərinə təzyiq göstərib. Əgər tərəflər arasında dialoq davam edərsə və İran neftinin bazara daha rahat çıxışı ilə bağlı real addımlar atılarsa, “Brent” markalı neftdə ucuzlaşma tendensiyası bir müddət də davam edə bilər.

Bununla belə, neft bazarı çox həssasdır və qiymətlər yalnız siyasi faktorlarla müəyyən olunmur. OPEC+ qərarları, qlobal tələbat, ABŞ-da hasilat göstəriciləri və Yaxın Şərqdə ümumi təhlükəsizlik vəziyyəti də mühüm rol oynayır. Bu səbəbdən hazırkı enişin uzunmüddətli olacağını qəti söyləmək çətindir.
Böyük ehtimalla yaxın dövrdə bazarda müəyyən normallaşma və qiymətlərin daha balanslı diapazonda formalaşması müşahidə oluna bilər. Yəni kəskin ucuzlaşmadan çox, dalğalı və ehtiyatlı bazar davranışı daha real görünür".
Turqut Ansari
19:05 30.05.2026
Oxunuş sayı: 57