Qurban bayramı sadəcə süfrə, ət və adət bayramına çevrilməməlidir - İlahiyyatçı
Sabah Azərbaycanda və bütün İslam dünyasında Qurban bayramı qeyd olunacaq. Hicri təqviminin ən mühüm günlərindən biri sayılan bu bayram İbrahim peyğəmbərin sədaqət və itaət rəmzi kimi qəbul edilən qurban mərasimi ilə bağlıdır və əsrlərdir həm dini, həm də sosial həmrəylik ənənəsi kimi yaşadılır.
Bu günlərdə ölkədə qurbanlıq heyvanların satışı və bayram hazırlıqları ənənəvi olaraq artır, ailələr isə həm dini vəzifəni yerinə yetirməyə, həm də ehtiyacı olanlara yardım etməyə hazırlaşır. Qurban bayramı təkcə ibadət deyil, eyni zamanda cəmiyyət daxilində paylaşma, sosial məsuliyyət və yardımlaşma dəyərlərini ön plana çıxaran mühüm bir mənəvi hadisə kimi qiymətləndirilir.

İlahiyyatçı Əkrəm Həsənov Crossmedia.az-a açıqlamasında Qurban bayramının mahiyyəti barədə danışıb: "Bildiyimiz kimi Qurban bayramı İslamın təkcə mərasim xarakterli bayramlarından biri deyil. Yəni, yalnız Qurban kəsib paylaşmaq, evdə qurban ətindən yeyib təbrikləşməkdən ibarət bir anlayış deyil. Bu bayram insanın Allaha olan münasibətini, Allah yolunda nəyisə qurban vermək anlayışını, itaəti, paylaşmağı, mərhəməti və insanın öz nəfsi ilə mübarizəsini özündə birləşdirən böyük mənəvi məktəbdir. Təəssüf ki, bəzən cəmiyyətdə qurban yalnız heyvan kəsimi kimi təqdim olunur. Halbuki Qurana diqqətlə baxdıqda görürük ki, əsas məsələ ətin özü deyil, insanın niyyəti, ixlası və Allaha yaxınlaşmaq istəyidir. Qurani Kərimdə buyurulur: “Onların nə əti, nə də qanı Allaha çatır. Allaha çatan yalnız sizin təqvanızdır”. Bu ayə qurbanın mahiyyətini çox açıq şəkildə ortaya qoyur. Yəni burada əsas olan zahiri görüntü deyil, insanın daxilindəki iman, səmimiyyət və Allah qarşısında daşıdığı məsuliyyət hissidir. İslam alimləri də əsrlər boyu bu ayəni şərh edərkən bildiriblər ki, qurban ibadəti insanın maddiyyatı mənəviyyata tabe etdirməsinin simvoludur. İnsan sevdiyi maldan, sahib olduğu nemətdən Allah rizası üçün verir və bununla öz daxilindəki xəsislik, eqoizm və dünya bağlılığı ilə mübarizə aparır.
Qurban bayramının əsasında İbrahim peyğəmbərin (əleyhissalam) imtahanı dayanır. Bu hadisə sadəcə tarixi bir hadisə deyil. Bu, insan iradəsinin, təslimiyyətin və ilahi hikmət qarşısında itaətin nümunəsidir. Quranda Saffat surəsində bu hadisə geniş şəkildə təsvir olunur. İbrahim peyğəmbər (əleyhissalam) oğlunu qurban verməyə hazır olur, İsmayıl (əleyhissalam) isə atasına “Sənə əmr olunanı et” deyərək təslimiyyət göstərir. Burada çox mühüm psixoloji və mənəvi məqam var".
Ə.Həsənovun fikrincə, insan həyatda ən çox bağlandığı şeyi Allah yolunda fəda etməyə hazır olmalıdır: "Çünki iman sadəcə dillə deyil, seçimlərlə ölçülür. Məhəmməd peyğəmbər (s.ə.s) də qurban ibadətinə böyük əhəmiyyət verib. Səhih hədislərdə bildirilir ki, Peyğəmbərimiz (s.ə.s) hər il qurban kəsərdi və bu ibadəti ümmətinə tövsiyə edərdi. Bir hədisdə buyurur: “Adəm övladı Qurban günü Allah yanında qan axıtmaqdan daha sevimli əməl etməmişdir”. Alimlər burada məqsədin sadəcə heyvan kəsmək olmadığını, Allah üçün edilən fədakarlığın və ibadət ruhunun vurğulandığını bildiriblər. İslam fiqhində qurbanın hökmü ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Hənəfi məzhəbinə görə maddi imkanı olan müsəlman üçün vacib hesab edilir. Şafii, Maliki və Hənbəli alimlərinin bir qismi isə bunu güclü sünnə kimi dəyərləndirib. Amma bütün məzhəblər bir məsələdə ortaq mövqedədirlər: qurban ibadəti İslamın mühüm ibadətlərindən biridir və cəmiyyətin dini-mənəvi həyatında xüsusi yer tutur. Qurban bayramı yalnız fərdi ibadət deyil, sosial həmrəylik modelidir. Bayram günlərində kasıbların, ehtiyac sahiblərinin yada salınması təsadüfi deyil. Müasir sosial tədqiqatlarda da paylaşmanın insan psixologiyasına müsbət təsiri göstərilir. Yardımlaşma insanın daxili gərginliyini azaldır, sosial bağlılığı gücləndirir və cəmiyyətdə güvən hissi yaradır. İslam isə bunu əsrlər öncə ibadət formasında insan həyatına yerləşdirib. Qurban ətinin paylanması sadəcə qida yardımı deyil, “sən bu cəmiyyətin unudulmuş insanı deyilsən” mesajıdır".
İlahiyyatçı, həmçinin bayram namazı barədə bilməli olduğunuz məqamları diqqətə çatdırıb: " Qurban bayramında bayram namazı qılınır. Bayram namazı İslamın açıq şəkildə görünən ibadətlərindən biridir və müsəlmanların birlik ruhunu göstərir. Peyğəmbərimiz (s.ə.s) həm Ramazan, həm də Qurban bayramında müsəlmanları bir yerə toplayar, namaz qılar və insanlara xütbə ilə müraciət edərdi. Hədislərdə qadınların, uşaqların belə bu bayram sevincində iştirak etməsinin tövsiyə edildiyi bildirilir. Bayram namazı iki rükətdən ibarətdir və camaatla qılınır. Hənəfi məzhəbində vacib sayılır. Digər məzhəblərdə isə güclü sünnə və ya fərzi-kifayə kimi qiymətləndirilir. Namazdan sonra xütbə oxunur və insanlara dini, mənəvi, ictimai mövzularla bağlı tövsiyələr edilir. Əslində bayram namazının özü də çox böyük mesaj daşıyır. İnsanlar fərq qoyulmadan eyni səfdə dayanırlar. Varlı, kasıb, vəzifəli, sadə insan hamısı eyni sırada olur. Bu da İslamın sosial bərabərlik anlayışını göstərir. Burada bir mühüm məqama da diqqət etmək lazımdır. Qurban bayramı sadəcə süfrə, ət və adət bayramına çevrilməməlidir. Təəssüf ki, bəzən insanlar ibadətin ruhundan çox görüntüsünə diqqət yetirirlər. Halbuki İslam alimləri bildiriblər ki, qurban insanın daxilində mərhəmət yaratmırsa, onu daha vicdanlı etmirsə, kasıbı düşündürmürsə, məqsəd tam başa düşülməyib. İmam Qəzali yazırdı ki, ibadətin zahiri olduğu kimi, batini tərəfi də var. Zahiri əməl bədəni hərəkət etdirir, batini hikmət isə qəlbi dəyişdirir.
Bu bayramın digər mühüm tərəfi ailə bağlarını gücləndirməsidir. İnsanların bir-birini ziyarət etməsi, küsülülərin barışması, yaxınlarla əlaqələrin möhkəmlənməsi İslamın təşviq etdiyi əxlaqi prinsiplərdəndir. Hətta bir çox alimlər qeyd edirlər ki, bayramın əsas ruhu sevincin paylaşılmasıdır. Təkcə özünün deyil, başqasının da sevinməsinə çalışmaq ibadətin bir hissəsidir. Müasir dövrdə qurban ibadətinə müxtəlif tənqidi yanaşmalar da olur. Xüsusilə heyvan hüquqları mövzusu ətrafında müzakirələr aparılır. Burada vacib məqam odur ki, İslam heyvana əziyyət verilməsini qəti şəkildə qadağan edir. Peyğəmbərimiz (s.ə.s) heyvana işgəncə edən insanları sərt şəkildə qınayıb".
Müsahibimiz Qurban kəsimi zamanı heyvana əziyyət verməmək, onu qorxutmamaq, kəsimi peşəkar və düzgün şəkildə etməyin dini tələb olduğunu vurğulayıb: "Yəni İslamın məqsədi qəddarlıq deyil, nəzarətli, məsuliyyətli və mənəvi məzmunlu ibadətdir. Əslində Qurban bayramı insana bir sual verir: “Sən Allah yolunda nəyi fəda etməyə hazırsan?” Bəzən insanın qurban verməli olduğu şey malı deyil, eqosu olur. Bəzən kinidir, bəzən haram qazancıdır, bəzən vicdansızlığıdır. Qurbanın ruhu məhz burada başlayır. Heyvan kəsmək ibadətin zahiri tərəfidir, insanın daxilindəki dəyişiklik isə onun həqiqi nəticəsidir. Ona görə Qurban bayramına yalnız dini ritual kimi yox, insanı mənəvi cəhətdən yeniləyən bir məktəb kimi baxmaq lazımdır. Bu bayram insana həm Allahla münasibətini, həm də insanlarla münasibətini yenidən düşünmə imkanı verir. İslamın məqsədi də məhz budur: ibadətlə insanın daxilini dəyişmək, onu daha mərhəmətli, vicdanlı və məsuliyyətli bir şəxsə çevirməkdir".

Qida eksperti Fərid Səfərov isə qurban əti ilə bağlı açıqlama verib. Ekspert söyləyib ki, Qurban bayramı dövründə ətin düzgün saxlanılması və gigiyenik qaydalara əməl olunması qida zəhərlənmələrinin və müxtəlif infeksiyaların qarşısını almaq baxımından çox vacibdir: "İlk növbədə, kəsilmiş ət uzun müddət otaq temperaturunda saxlanılmamalıdır. Ət hissələrə bölündükdən sonra təmiz qablara yerləşdirilməli, soyuducuda +2°C ilə +4°C temperaturda saxlanmalıdır. Uzun müddətli istifadə üçün isə dondurucuda saxlanılması tövsiyə olunur. Təzə kəsilmiş ətin dərhal bişirilməsi məsləhət görülmür, bir neçə saat soyuducuda saxlandıqdan sonra istifadə edilməsi həm dad, həm də həzm baxımından daha uyğun hesab edilir".
F.Səfərovun sözlərinə görə, ətin təkrar-təkrar dondurulub əridilməsi keyfiyyətin azalmasına və bakterial risklərin artmasına səbəb ola bilər:
" Bayram günlərində antisanitar şəraitdə heyvan kəsiminin qarşısını almaq üçün kəsim yalnız xüsusi ayrılmış və baytarlıq nəzarəti olan məntəqələrdə aparılmalıdır. Kəsim zamanı istifadə olunan bıçaq, masa və digər avadanlıqlar təmiz saxlanmalı, işçilər qoruyucu əlcək və xüsusi geyimdən istifadə etməlidirlər. Heyvan tullantıları açıq ərazilərə atılmamalı, ətraf mühit və su mənbələri çirkləndirilməməlidir. Həmçinin küçə və yaşayış binalarının həyətlərində nəzarətsiz kəsim gigiyenik və epidemioloji baxımdan risklidir".
Müsahibimiz, həmçinin bildirib ki, baytarlıq nəzarətindən keçməyən heyvanların əti insan sağlamlığı üçün ciddi təhlükələr yarada bilər: " Belə heyvanlarda bruselyoz, vərəm, parazitar xəstəliklər və müxtəlif bakterial infeksiyalar ola bilər. Xəstə heyvanın ətinin istehlakı qida zəhərlənmələri, həzm sistemi pozğunluqları və bəzi hallarda ağır infeksion xəstəliklərlə nəticələnə bilər. Buna görə də heyvanın sağlamlıq arayışının və baytarlıq möhürünün olması vacibdir. Vətəndaşlar qurbanlıq heyvan alarkən heyvanın ümumi görünüşünə diqqət etməlidirlər. Sağlam heyvan aktiv olur, gözləri canlı görünür, tük örtüyü parlaq olur və nəfəsalma problemi müşahidə edilmir. Həddindən artıq arıq, halsız və ya yaralı heyvanlardan uzaq durmaq lazımdır. Ət seçərkən isə rəngin təbii olması, xoşagəlməz qoxunun olmaması və səthin həddindən artıq yapışqan görünməməsi əsas göstəricilərdəndir. Ətin etibarlı satış məntəqələrindən alınması və gigiyenik şəraitdə daşınması da vacib amillərdəndir".
Fatimə Məmmədova
19:20 26.05.2026
Oxunuş sayı: 60