Səhər yeməyinin heç vaxt eşitmədiyiniz faydaları
Səhər yeməyi insanın gün ərzində enerji və diqqət səviyyəsinin formalaşmasında mühüm rol oynayır. Günə balanslı qidalanma ilə başlamaq orqanizmin ehtiyac duyduğu enerji və qida maddələrinin təmin olunmasına kömək edir. Düzgün seçilmiş səhər yeməyi sağlam qidalanma vərdişlərinin formalaşmasına və gün ərzində daha nizamlı qidalanmağa şərait yaradır.
Mövzu ilə bağlı qida eksperti Seymur Qafarov Crossmedia.az-a açıqlamasında bildirib ki, gündəlik qidalanma rasionunda səhər yeməyinin mövcudluğu olduqca vacibdir:
“Günün enerji təminatının və gün boyu sərf olunacaq enerjinin əvvəlcədən əldə olunmasında səhər yeməyinin rolu əvəzsizdir. Səhər yeməyini artırmaq və səhər yeməyini miqdarından az şəkildə qəbul etmək, sözsüz ki, insan orqanizminə öz mənfi təsirini göstərə bilər. Səhər yeməyindən ümumiyyətlə imtina etmək səhhətə, sağlamlığa mənfi təsir göstərir və günün erkən saatlarında enerji təminatını aşağı salır. Səhər yeməyindən imtina olunması enerji və konsentrasiya itkisinə səbəb olur. Beyin üçün əsas yanacaq olan qlükozanın çatışmazlığı halsızlıq, yorğunluq, diqqət dağınıqlığı və başgicəllənmə yaradır”.

Qida eksperti qeyd edib ki, maddələr mübadiləsinin yavaşlamasında orqanizmin enerjiyə qənaət rejiminə keçməsi metabolizmi zəiflədir:
“Həddindən artıq səhər yeməyinin qəbulu, həddindən artıq yemək istəyi isə günün irəliləyən saatlarında, xüsusən də axşam saatlarına yaxın güclü aclıq hiss edilməsinə və sürətli şəkildə karbohidratla zəngin qidaların — qənnadı məmulatları, çörək, taxıllı bitkilərdən ərsəyə gələn karbohidratla zəngin məhsulların — və karbohidratların qəbulunun çox olmasına gətirib çıxarır. Bu da öz növbəsində həm obezitə, çəki artımına, həm də diabet riskinin artmasına səbəb olur. Mədə-bağırsaq problemləri ilə əlaqədar olaraq uzunmüddətli ac qalmaq mədə şirəsinin ifrazını pozaraq qastrit və digər mədə narahatlıqları riskini yarada bilir; bu, mədə xorası da yarada bilər. Sağlam və balanslı səhər yeməyində isə əsas qida qruplarına — yəni hansı qidalara üstünlük verməli olduğumuz hissəyə — zülallar, sağlam yağlar, mürəkkəb karbohidratlar, lif və vitaminlər mütləq daxil olmalıdır.
Zülallar — yəni proteinlər — toxluq hissini uzadır və əzələləri qoruyur. Yumurta, kəsmik, adi duzlu pendir, qatıq və digər xama kimi məhsullardan istifadə tövsiyə olunur”.
S.Qafarov vurğulayıb ki, mürəkkəb, kompleks karbohidratların qəbulu zamanı enerji bədənə tədricən ötürülür, qan şəkərini kəskin şəkildə qaldırmır və qidalanmada lifli qidalara da üstünlük verildiyindən həzm sistemini rahatlaşdırır:
“Yulaf əzməsini misal göstərmək olar, tam buğdadan və ya çovdardan hazırlanmış qarabaşaq və digər çörək növlərini göstərmək olar. Beyin fəaliyyətini normallaşdırmaq, hormonal balansı dəstəkləmək üçün səhər yeməklərində sağlam yağlardan istifadə mütləqdir. Zeytun yağından istifadə oluna bilər; qoz, fındıq, badam və ya toxumlardan, çia, kətan toxumundan istifadə edə bilərik, avokadodan istifadə edə bilərik. Lif, vitamin və minerallarla zəngin qidalarda isə təzə tərəvəzlər — xiyar, pomidor, göyərti, meyvə, giləmeyvələr, alma, banan, moruq — bunlar həzm sistemini tənzimləyir və immuniteti gücləndirir.
Nuray Mehtiyeva
19:30 31.08.2026
Oxunuş sayı: 62