İlahiyyatçı: Çalışıram məzhəb mövzularına girməyim
Məzhəblər arasında fikir ayrılıqları İslam dünyasında uzun illərdir mövcud olan məsələlərdən biridir. Fərqli məzhəblərin ibadət qaydaları, dini məsələlərə yanaşmaları və bəzi hökmlərin izahında müxtəlif mövqeləri var. Lakin bu fərqliliklərin özü cəmiyyət üçün təhlükə hesab edilmir. Əsas problem dini fikir ayrılıqlarının qarşıdurma, təhqir və radikalizmə çevrilməsi ilə başlayır. Azərbaycanda müxtəlif məzhəb nümayəndələrinin birgə dini mərasimlərdə iştirakı tolerantlığın nümunələrindən biri kimi qiymətləndirilir. Din xadimləri də məzhəb fərqlərinin qarşılıqlı hörmət və səbir çərçivəsində qəbul edilməsinin vacibliyini vurğulayırlar. Bəs məzhəb fərqləri hansı halda cəmiyyət üçün təhlükəyə çevrilir və bu fikir ayrılıqları müsəlmanların birliyinə necə təsir edir?

Crossmedia.az-a açıqlamasında ilahiyyatçı Fazil Əhmədli bildirib ki, dini sahədə fikir ayrılıqlarının olması təbii və qaçılmazdır: “Bu, bütün sahələrdə də var. Belə deyil ki, təkcə dini sahədədir. Məsələn, bir xəstəliyin müalicəsi ilə bağlı tibb mütəxəssisləri müxtəlif fikrə bölünürlər. Biri deyir ki, əməliyyat olunmalıdır, biri deyir ki, yox, əməliyyatla olmaz, müalicə ilə olunmalıdır. Fikir ayrılıqlarının olması bütün sahələrdə var. Ən tanınmış avtomobil ustalarında belə fikir ayrılıqları var. Bir binanın tikilməsi ilə bağlı mühəndislər arasında da xeyli fikir ayrılıqları olur. Bu fikir ayrılığının olması faciə deyil. Dini sahədə fikir ayrılığının olması da var, amma faciə o vaxt olur ki, insanlar bir-birinə qarşı radikal düşüncədə olurlar. Məsələn, bizim Azərbaycan bu barədə tolerantlıq baxımından çox yaxşıdır. Yalnız sosial şəbəkələrdə bəzən görürsən ki, bəzi insanlar bir-birini tənqid və təhqir edirlər. Amma ilahiyyatçılıq bu barədə Azərbaycanda çox yaxşıdır.
Özüm də çalışıram ki, məzhəb mövzularına ümumiyyətlə girməyim, məzhəb mövzularında danışmayım və ya insanların məzhəbçilik barədə düşüncələrində haradasa əks düşüncə, fikir yaratmayım. Hara dəvət alıramsa – konfranslar olsun, bəzən hətta yas məclisləri olsun – heç vaxt məzhəb mövzularında danışmıram. Daha çox vəhdət mövzusunda və məzhəblərin bir-birinə yaxın olması barədə, dinin özündə bunun nə qədər əsaslarının olması barədə danışıram. XXI əsrdə məzhəb fərqlərinin olması təbiidir. İnsanlar fərqli namaz qıla bilərlər, insanlar fərqli düşüncədə ola bilərlər. Əsas məsələ bir-birinə qarşı aqressiyanın olmamasıdır. Bizim əsas ideyamız, təbliğimiz budur ki, fərqliliyin olması insanların bir-birinə qarşı aqressiv olmasına səbəb olmasın. Şuşa məscidində və digər məscidlərdə müxtəlif məzhəb nümayəndələri bir yerdə namaz qılırlar. Bu, bütün müsəlman ölkələri üçün bir nümunədir. Bu, bizim Azərbaycan tolerantlığının yüksək göstəricisidir və eyni zamanda bir nümunədir. Bu, təbiidir. Amma xətərli cəhət yalnız budur ki, bunların nümayəndələri arasında radikalizm olmasın. Bu, o vaxt zərər vurur ki, təriqətlər və məzhəblər bir-birinə qarşı mübarizə aparmağa başlayırlar. Müxtəlif tədbirlər düşünürlər ki, qarşı tərəfi susdursunlar, qarşı tərəfi arzuolunmaz debatlara çəksinlər və cəmiyyətdə ikitirəlik yaratsınlar. Problem də burada yaranır. Amma nə qədər görmüşəm ki, elə Azərbaycanda da, Türkiyədə də, müxtəlif müsəlman ölkələrində də müxtəlif məzhəb nümayəndələri bir yerdə Peyğəmbərin mövlud gününü qeyd edirlər, bayram kimi qeyd edirlər. Müxtəlif məzhəb nümayəndələri bir yerə yığışıb oruc, iftar açırlar. Azərbaycanda da bunu müşahidə edirik, xaricdə də müşahidə edirik. Bax, bu cür olmalıdır əslində”.
İlahiyyatçı qeyd edib: “Əlbəttə bir insan tədqiq edib və bu həqiqətə çatıb ki, namazını filan cür qılmalıdır. Digər bir insan da, bir müsəlman da tədqiq edib və bu nəticəyə gəlib ki, namazını, tutalım, əliaçıq və ya əlibağlı qılmalıdır. Bu, insanın özünün araşdırması nəticəsində gəldiyi nəticədir. Belə deyil ki, əliaçıq qılan elan etməlidir ki, mənim namazım düzdür, hamı mənim kimi qılmalıdır. Əksini edən də bunu deməməlidir ki, mənim namazım düzdür. Biz deyirik ki, hər kəs öz tədqiqatına etimad etsin, ibadətini yerinə yetirsin. Qurani-Kərim buna toxunub. Quran bilmirdimi ki, insanlar fərqli düşüncədə olacaq? Allah bilmirdi? Allah Qurani-Kərimdə bu barədə dörd yerdə buyurur: “İxtilafda olduğunuz məsələlərlə bağlı qiyamət günü sizə açıqlama veriləcək”. Qurani-Kərimin dörd yerində bu ayə gəlir. Yəni bu o deməkdir ki, ixtilafın üstünə çox getməyin.
biri bir cür oruc tutur, biri digər cür oruc tutur. Məsələn, vaxt məsələsi barədə. Biri, məsələn, səfərdə də oruc tutur, o birisi deyir ki, yox, səfərdə oruc tutmaq olmaz. Biri namazı əliaçıq qılır, biri əlibağlı qılır. Allah bunları əvvəlcədən bilirdi. Ona görə ayədə buyurur ki, ixtilafda olduğunuz məsələlərlə bağlı qiyamət günü sizə açıqlama veriləcək. Yəni ixtilafdadasınızsa, bu məsələləri dinc şəkildə həll edin, bir-birinizə dözün, səbirli olun. Hətta bir ailədə tanıyıram ki, iki qardaş fərqli namaz qılır – bir-birinə hörmət edərək, bir-birinin namazına hörmət edərək. Burada çətin bir proses yoxdur. Amma o vaxt problemə çevrilir ki, bunlar arasında mübarizə, düşmənçilik və aqressiya yaranır, bir-birinə radikal sözlər atılır, radikal çağırışlar olunur. Onda artıq problem böyüyür. Yəni İslamın əsas məqsədindən kənara çıxılır. Əsas məqsəd budur ki, insanlar xoşbəxt həyat yaşasınlar. Dinin gəlişi, İslam dininin əsas məqsədi insanı həm bu dünyada, həm də axirətdə xoşbəxt etməkdir. Dünya xoşbəxtliyi üçün konsepsiya qurub, axirət xoşbəxtliyi üçün dinin konsepsiyası var. Bu konsepsiyanı çatdırmaqdır. Amma gəlib məzhəbçilik mövzusunda mübahisə, böyük-böyük müzakirələr açanda və ondan sonra radikal düşüncələr ortaya gələndə həmin məqsəd kənarda qalır. Artıq qəzəb önə keçir, bir-birinə qarşı aqressiya önə keçir və istər-istəməz xoşagəlməz nəticələrlə bitir. Hətta başqa ölkələrdə bu, silahlı qarşıdurmaya qədər gedib çıxa bilir”.
Zeynəb Həsən
20:30 24.08.2026
Oxunuş sayı: 56