Ağ Evin altından çıxan sirr Trampı çətin vəziyyətə salıb
ABŞ-nin keçmiş prezidenti Barak Obama dövründə Ağ Evin altında inşa edilən gizli bunker Donald Trampın bal zalı layihəsi üçün hüquqi problem yarada bilər.
Crossmedia.az xəbər verir ki, “The Washington Post”un məlumatına görə, sığınacaq yerin təxminən 18 metr dərinliyində yerləşir və fövqəladə vəziyyət zamanı ABŞ rəhbərliyinin fəaliyyətini davam etdirməsi üçün nəzərdə tutulub.
Bunkerin nüvə zərbəsinə tab gətirə bildiyi və bir neçə on nəfərin həftələrlə tam müstəqil şəkildə burada qalmasına imkan verdiyi bildirilir.
Bunkerin tikintisinə 2001-ci il 11 sentyabr terror aktlarından sonra başlanılıb və layihə Obama prezidentliyi dövründə tamamlanıb.
Fiziki baxımdan bunker bal zalının tikintisinə maneə yaratmır. Lakin onun mövcudluğu Tramp administrasına hüquqi baxımdan problem yarada bilər.
Administrasiya bal zalının tikintisinin səbəblərindən biri kimi ölkə rəhbərliyi üçün qorunan xüsusi məkanın yaradılmasını göstərib. Artıq belə bir qorunan obyektin mövcud olması isə yeni sığınacağın tikintisinə ehtiyac məsələsini şübhə altına ala bilər.
Bu vəziyyət ABŞ Milli Tarixi İrs Fonduna yeni məlumatlara əsaslanaraq layihəyə Ali Məhkəmədə yenidən etiraz etmək imkanı verə bilər.
20:32 24.08.2026
Oxunuş sayı: 53