Zorakılıq terapiya metodu deyil – Mütəxəssis
Özünü psixoloq kimi təqdim etdiyi bildirilən bir şəxsin uşağa qarşı zorakılıq göstərməsi ilə bağlı iddialar cəmiyyətdə ciddi narahatlıq yaradıb və uşaqlarla çalışan mütəxəssislərin peşə məsuliyyəti məsələsini yenidən gündəmə gətirib. Belə hallarda yalnız konkret hadisənin hüquqi tərəfi deyil, eyni zamanda uşaqlarla işləyən şəxslərin peşəkar hazırlığı, etik prinsiplərə riayət etməsi, psixoloji müdaxilə zamanı yol verilən davranışların sərhədləri və azyaşlıların təhlükəsizliyinin necə təmin olunması da xüsusi əhəmiyyət daşıyır. Uşağın psixoloji dəstək almalı olduğu bir mühitdə hər hansı fiziki və ya psixoloji zorakılıq iddiası bu sahədə nəzarət və məsuliyyət mexanizmlərinin effektivliyinə dair suallar yaradır.
İngla Kids and Preschool-un direktor müavini, uşaq və yeniyetmə psixoloqu Aysu Həsənzadə Crossmedia.az-a açıqlamasında uşaqlara qarşı zorakılığın psixoloji müdaxilə üsulu olmadığını bildirib:
“İlk növbədə qeyd etmək lazımdır ki, hazırda məsələ ilə bağlı araşdırma aparıldığı üçün konkret şəxs haqqında hüquqi baxımdan yekun fikir bildirmək doğru olmaz. Lakin psixoloq kimi məsələyə peşə etikası baxımından yanaşdıqda, uşağa qarşı zorakılığın heç bir halda psixoloji müdaxilə üsulu olmadığını aydın şəkildə deyə bilərik.
Psixoloqun, xüsusilə uşaqlarla çalışan mütəxəssisin əsas vəzifələrindən biri uşağın özünü təhlükəsiz hiss etdiyi və güvənə bildiyi mühit yaratmaqdır. Uşaq seansa qorxmaq üçün deyil, özünü ifadə etmək, anlaşılmaq və dəstək almaq üçün gəlir. Psixoloq uşağın davranışını tənzimləyərkən onun yaşını, emosional vəziyyətini və fərdi xüsusiyyətlərini nəzərə almalı, yalnız peşəkar psixoloji metodlardan istifadə etməlidir”.
Mütəxəssis qeyd edir ki, uşağın davranışından asılı olmayaraq, psixoloqun əsas məsuliyyəti təhlükəsiz və peşəkar mühitin qorunmasıdır. Bu baxımdan fiziki və psixoloji təzyiqin hər hansı formada tətbiqi peşə fəaliyyəti ilə ziddiyyət təşkil edir:
“Fiziki güc tətbiq etmək, uşağı qorxutmaq, təhqir etmək və ya alçaltmaq nə terapiya metodu, nə də psixoloq etikası ilə uyğunlaşdırıla bilər. Hətta uşaq aqressiv davranış göstərsə, əməkdaşlıq etməsə və ya idarə olunması çətin vəziyyət yaransa belə, mütəxəssisin məsuliyyəti öz emosiyalarını idarə etmək və uşağın təhlükəsizliyini qorumaqdır. Çünki qarşımızdakı şəxs uşaqdır və bu münasibətdə peşəkar məsuliyyət mütəxəssisin üzərindədir.
Məsələnin digər vacib tərəfi özünü psixoloq kimi təqdim edən şəxslərin həqiqətən bu peşə üzrə təhsil və fəaliyyət hüququna malik olub-olmadığının yoxlanılmasıdır. Azərbaycan Respublikasının “Psixoloji yardım haqqında” Qanununda da psixoloqun müvafiq təhsilə malik olması, müraciət edən şəxsin hüquq və ləyaqətinə hörmət etməsi, peşə etikası və psixoloji yardım standartlarına riayət etməsi nəzərdə tutulur”.
A.Həsənzadə xüsusilə uşaqlarla işləyən mütəxəssislərin seçimi zamanı yalnız təhsil sənədinin deyil, onların ixtisaslaşması, praktiki hazırlığı və etik prinsiplərə əməl etməsinin də nəzərə alınmasının vacibliyini vurğulayıb:
“Xüsusilə uşaqlarla işləyən mütəxəssislərin yalnız diplomuna deyil, ixtisaslaşmasına, praktik hazırlığına və etik prinsiplərə uyğun fəaliyyətinə də diqqət yetirilməlidir. Valideynlərin də övladını etibar etdiyi şəxsin təhsilini və peşəkar hazırlığını araşdırması vacibdir.
Psixoloqun işi uşağın həyatında əlavə travma yaratmaq deyil. Əksinə, onun psixoloji sağlamlığını qorumaq, ona zərər verməmək və sağlam inkişafını dəstəkləməkdir”.
Nigar Xəlilli
19:15 31.08.2026
Oxunuş sayı: 60