TRIPP layihəsində yeni mərhələ: Mərkəzi Asiya marşruta qoşulur
Ermənistanın TRIPP layihəsində Qazaxıstan və Qırğızıstana pay təklif etməsi marşrutun regional əhəmiyyətini artıran yeni addım kimi diqqət çəkir. Məlumata görə, İrəvan layihədəki 26 faizlik payından hər iki ölkəyə 5 faiz verməyi təklif edib. Azərbaycanın əsas hissəsini Naxçıvanla Ermənistan ərazisi üzərindən birləşdirməsi nəzərdə tutulan TRIPP-in Mərkəzi Asiya ölkələri ilə əlaqələndirilməsi marşrutun Orta Dəhliz və türk dövlətləri arasında nəqliyyat-ticarət əməkdaşlığı baxımından rolunu da gündəmə gətirir.
Azad Vətən Partiyasının sədri Akif Nağı Crossmedia.az-a açıqlamasında Ermənistanın Qazaxıstan və Qırğızıstanı TRIPP layihəsinə cəlb etmək təşəbbüsünün əsasən iqtisadi məqsədlər daşıdığını bildirib: “Bu addım daha çox siyasi deyil, iqtisadi hədəflərə xidmət edir. Bununla yanaşı, təşəbbüsün Azərbaycanla münasibətlər və regiondakı siyasi proseslər baxımından da müəyyən təsirləri ola bilər. Azərbaycanın Qazaxıstan və Qırğızıstanla münasibətləri yüksək səviyyədədir. Bu baxımdan həmin ölkələrin layihədə iştirakı Azərbaycana daha çox fayda verə bilər. Ermənistan müəyyən siyasi və iqtisadi divident əldə edə bilər, lakin burada bir neçə mühüm məqamı nəzərə almaq lazımdır. İlk növbədə, Nikol Paşinyan Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərini qorumağa çalışır. Ermənistan güzəştli iqtisadi imkanlardan yararlanmaq və həmin ittifaq çərçivəsində mövqeyini saxlamaq niyyətindədir. Qazaxıstan və Qırğızıstanın layihəyə cəlb olunması Paşinyan üçün Avrasiya İqtisadi İttifaqı daxilində əlavə dəstək qazanmaq məqsədi də daşıya bilər. Çünki Mərkəzi Asiyadan həmin təşkilatda əsas üzvlər məhz Qazaxıstan və Qırğızıstandır”.
A.Nağının fikrincə, Ermənistanın Qazaxıstan və Qırğızıstanı TRIPP layihəsinə cəlb etmək təşəbbüsü regional nəqliyyat və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından diqqət çəkir: "Layihədə Mərkəzi Asiya ölkələrinin mümkün iştirakı Ermənistanın həm yeni iqtisadi tərəfdaşlar qazanmasına, həm də regiondakı nəqliyyat proseslərinə daha fəal qoşulmasına imkan yarada bilər. Digər tərəfdən, bu təşəbbüs Rusiyaya müəyyən mesaj kimi də qiymətləndirilə bilər. Ermənistan Rusiyanın layihədə müəyyən payla iştirakına şərait yaratmağa çalışa bilər. Bu isə Moskva ilə münasibətlərin nizamlanması istiqamətində atılan addımlardan biri kimi nəzərdən keçirilə bilər. Hazırda dünyanın diqqəti Mərkəzi Asiyaya yönəlib və bir çox dövlətlər region ölkələri ilə siyasi, iqtisadi və nəqliyyat əlaqələrini genişləndirməyə çalışır. Ermənistanın da bu təşəbbüslə Mərkəzi Asiyada gedən iqtisadi və logistika proseslərinə qoşulmaq niyyəti mümkündür. Qazaxıstan və Qırğızıstanı layihəyə dəvət etməklə Ermənistan gələcəkdə Mərkəzi Asiyada həyata keçiriləcək digər iqtisadi və nəqliyyat layihələrinə cəlb olunacağına ümid edə bilər. Bununla belə, Ermənistanın regionda ciddi təsir imkanları formalaşdırması çətin görünür. ABŞ-lə əməkdaşlıq Ermənistanın müəyyən siyasi çəkisini artıra bilər, lakin Qazaxıstan və Qırğızıstanın dəstəyi Ermənistanın regional mövqeyini əsaslı şəkildə dəyişəcək amil deyil. Çünki Azərbaycanın regiondakı mövqeyi kifayət qədər güclüdür və Ermənistanın regional proseslərdəki imkanları bir çox hallarda Azərbaycanla münasibətlərdən asılıdır”.

Akif Nağının sözlərinə görə, Ermənistanın təşəbbüsü Azərbaycanın regional maraqları baxımından ciddi təhlükə yaratmır. Əksinə, Azərbaycanın Qazaxıstan və Qırğızıstanla mövcud yüksək səviyyəli münasibətləri bu ölkələrin layihədə iştirakı halında əlavə əməkdaşlıq imkanlarının yaranmasına şərait yarada bilər:
“Hesab edirəm ki, bu təşəbbüs Azərbaycan üçün təhlükə yaratmır. Əksinə, Qazaxıstan və Qırğızıstanın TRIPP layihəsində iştirakı Azərbaycanın maraqlarına daha çox cavab verə bilər. Azərbaycanın hər iki ölkə ilə yüksək səviyyəli münasibətləri mövcuddur və onların regiondakı iqtisadi və nəqliyyat layihələrinə qoşulması ümumi əməkdaşlıq imkanlarını genişləndirə bilər. Digər mühüm məqam isə maliyyə məsələsidir. Ermənistan layihədə payların digər tərəfdaşlara verilməsi vasitəsilə həm xərcləri bölüşmək, həm də layihənin maliyyə yükünü azaltmaq istəyir. Ermənistanın əsas məqsədlərindən biri layihədən gəlir əldə etməklə yanaşı, onun həyata keçirilməsi üçün tələb olunan xərcləri mümkün qədər digər tərəfdaşlarla paylaşmaqdır. Bu baxımdan regiona ciddi iqtisadi tərəfdaşların cəlb olunması Azərbaycan üçün də müsbət nəticələr verə bilər. Əgər Qazaxıstan və Qırğızıstan kimi ölkələr layihədə iştirak edərlərsə, Ermənistan ərazisindən keçən hissənin daha sürətli və keyfiyyətli şəkildə həyata keçirilməsi üçün əlavə imkanlar yarana bilər. Ermənistanın bu təşəbbüsü ilk baxışdan öz maraqlarına xidmət edən addım kimi görünsə də, Qazaxıstan və Qırğızıstanın prosesə qoşulması Azərbaycanın regional maraqlarına da cavab verə bilər. Regionda həyata keçirilən nəqliyyat və iqtisadi layihələrdə Azərbaycanın mövqeyi və təsir imkanları güclü olaraq qalır”.
Nigar Xəlilli
18:00 31.08.2026
Oxunuş sayı: 92