Parisdə nümayişlər gərginləşdi – etirazçılar avtomobilləri yandırdı
Fransanın paytaxtı Parisdə kütləvi etirazlar zamanı iğtişaşlar baş verib. Etirazçılar Magenta bulvarında mağazaların vitrinlərini və bankomatları dağıdıb, ictimai nəqliyyat dayanacaqlarını və avtomobilləri yandırıblar.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Məlumata görə, etirazçılar arasında toqquşmalar Respublika meydanında yürüş başlamazdan əvvəl də baş verib. Aqressiv nümayişçilər hüquq-mühafizə orqanlarının əməkdaşlarına butulkalar, daşlar və fişənglər atıblar. Polis buna gözyaşardıcı qaz və səs qumbaraları ilə cavab verib.
Toqquşmalar yürüş zamanı da davam edib. Hüquq-mühafizə orqanları gözyaşardıcı qazdan, daha sonra isə su şırnaqlarından istifadə edib.
Nümayişə qoşulan qara geyimli gənclərin polisə qarşı təxribatlarını davam etdirdiyi, zibil konteynerlərini yandırdığı və ictimai nəqliyyat dayanacaqlarının şüşələrini sındırdığı bildirilir.
Daha sonra iğtişaşlar Magenta bulvarına keçib. Etirazçılar mağazaların vitrinlərini və bankomatları dağıdıb, dayanacaqları və yaxınlıqda park edilmiş avtomobilləri yandırıblar.
Fransada kütləvi etirazlar yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı keçirilir. Parislə yanaşı, Lion şəhərində də nümayişçilərlə polis arasında toqquşmalar baş verib.
20:53 17.10.2026
Oxunuş sayı: 68