Minimum əməkhaqqı 38, pensiya 14 dəfə ARTIB! – Deputat
Azərbaycan bu gün sosial-iqtisadi sahələrdə imza atdığı köklü islahatlar və qazandığı tarixi nailiyyətlərlə Cənubi Qafqazın şəksiz lider dövlətinə çevrilib. Ölkəmizin qlobal və regional müstəvidə artan siyasi çəkisi, strateji valyuta ehtiyatlarının ildən-ilə çoxalması və vətəndaşların rifahına yönəlmiş sosial paketlər Azərbaycanın uğurlarını həzm edə bilməyən marjinal siyasi qrupların və xarici anti-Azərbaycan dairələrinin əsassız iddialarına ən tutarlı cavabdır. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə təməli qoyulan iqtisadi bərpa modeli tənəzzülün qarşısını almış, sonra gələn illərdə isə Azərbaycan iqtisadiyyatını dəfələrlə böyüdərək qlobal miqyasda etibarlı tərəfdaş statusuna yüksəltmişdir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycanın əldə etdiyi makroiqtisadi göstəricilər ölkənin dayanıqlı inkişaf modelini aydın şəkildə nümayiş etdirir:
"Azərbaycan bu gün iqtisadi və sosial sahələrdə əldə etdiyi mühüm nailiyyətlərlə regionun aparıcı dövlətinə çevrilib. Bu inkişaf isə siyasi qrupların və bəzi xarici dairələrin əsassız iddialarına ən tutarlı cavabdır. Azərbaycanın uğurlarını həzm edə bilməyən marjinal siyasi qruplara və bəzi xarici dairələrə ünvanlayaraq qeyd etmək istərdik ki, ölkəmiz Qafqazın aparıcı ölkəsi olaraq regional və bir sıra qlobal məsələlərə öz töhfəsini verməkdədir.
Son 23 ildə Azərbaycan iqtisadiyyatının, eləcə də sosial təminat sisteminin kifayət qədər güclənməsi müşahidə olunub. 2003-cü il ilə müqayisədə Azərbaycanda minimum əməkhaqqı 38 dəfə, minimum pensiya 14 dəfə artıb. 2003-cü ildə Azərbaycanda ÜDM-in dollar ekvivalentində məbləği cəmi 7 milyard dollar idisə, bu gün həmin məbləğ 75 milyard dollardan çoxdur. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları həmin dövrdə 2 milyard dollardan az idi, ötən il isə bu rəqəm 90 milyard dollara çatıb”.
Millət vəkili iqtisadi tərəqqinin tarixi köklərinə və ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasına da diqqət çəkib:
"Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan iqtisadiyyatının yenidən bərpa edilməsinə və 1993-cü ildə müşahidə edilən tənəzzülün qısa zamanda aradan qalxmasına gətirib çıxardı. O vaxt Azərbaycanın ÜDM-i cəmi 375 milyon manat, büdcə gəlirləri isə cəmi 100 milyon manat idi. Çox qısa zamanda iqtisadiyyatdakı tənəzzülün qarşısı alındı və 1996-cı ildən ÜDM-dəki artım sonrakı dövrlərdə də sürətli iqtisadi artıma çevrildi. ÜDM çox qısa zamanda 4,5 dəfə artdı, Azərbaycan iqtisadiyyatı bir neçə il ərzində 5 dəfəyə yakın böyüdü”.
Zeynəb Həsən
20:00 17.10.2026
Oxunuş sayı: 63