Soltan Məmmədov: Füzulinin azadlığı Şuşa Zəfərinə aparan yolun mühüm strateji əsası oldu
Füzulinin işğaldan azad edilməsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan, Vətən müharibəsində tarixi Zəfərə gedən yolu müəyyənləşdirən mühüm hadisələrdən biridir. 2020-ci il oktyabrın 17-də şəhərin azadlığı Azərbaycan Ordusunun gücünü, xalqımızın qələbə əzmini və dövlətimizin qətiyyətini nümayiş etdirdi. Bu gün Füzuli yalnız Zəfərin rəmzi deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin, Böyük Qayıdışın və yeni inkişaf mərhələsinin nümunəsidir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Soltan Məmmədov Crossmedia.az-a açıqlama verib:
“17 oktyabr – Füzuli Şəhəri Günü Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət daşıyan, milli qürurumuzu və dövlətçilik iradəmizi təcəssüm etdirən əlamətdar tarixlərdən biridir. 2020-ci ilin 17 oktyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Füzuli şəhərini düşmən işğalından azad edərək, Vətən müharibəsində tarixi qələbəyə gedən yolun mühüm mərhələsini yazdı.
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə 5 yanvar 1994-cü ildə ordumuzun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdu. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin oktyabr ayında Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan azad edildi. Füzuli əməliyyatı Azərbaycanın hərb tarixində strateji əhəmiyyəti və tarixi nəticələri ilə seçilən, Vətən müharibəsinin gedişində həlledici rol oynayan mühüm mərhələlərdən biri oldu. Düşmənin uzun illər ərzində qurduğu mürəkkəb müdafiə istehkamlarının yarılması Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını, peşəkarlığını və qarşıya qoyulan vəzifələri qətiyyətlə yerinə yetirmək əzmini nümayiş etdirdi.Füzuli şəhərinin azad edilməsi sonrakı hərbi əməliyyatlar üçün əlverişli imkanlar yaratdı, Şuşanın azadlığına və tarixi zəfərimizin əldə olunmasına aparan yolun mühüm strateji əsaslarını formalaşdırdı”.
S Məmmədov vurğulayıb ki, bu gün Füzuli şəhəri həm də Böyük Qayıdışın, genişmiqyaslı bərpa - quruculuq işlərinin və sürətli inkişafın parlaq nümunəsinə çevrilib:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin azad edilmiş Füzuli rayonuna mütəmadi səfərləri, mühüm infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirakı bu prosesin Dövlət Başçısının xüsusi diqqətində olduğunu nümayiş etdirir. Qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, müasir infrastrukturun yaradılması, Böyük Qayıdış Proqramının uğurlu icrası Azərbaycan dövlətinin qüdrətinin, yüksək quruculuq potensialının və strateji hədəfləri reallaşdırmaq əzminin təcəssümüdür. Bu layihəllərin əhəmiyyəti infrastrukturun yenilənməsi ilə məhdudlaşmır, eyni zamanda Füzulinin iqtisadi potensialının reallaşdırılmasına, nəqliyyat -logistika imkanlarının genişləndirilməsi üçün mühüm zəmin yaradır. Eyni zamanda, yaradılan infrastruktur yeni iqtisadi fəaliyyət sahələrinin formalaşmasına, məşğulluğun artırılması baxımında xüsusi rol oynayır”.
Ayhan
19:52 17.10.2026
Oxunuş sayı: 69