Ürək əməliyyatlarında risk: ölüm ehtimalını artıran əsas amillər
Ürək əməliyyatları tibbin ən mürəkkəb və riskli müdaxilələri sırasında yer alır. Belə əməliyyatlara ehtiyac yaranması adətən ürək və damar sistemində ciddi patologiyanın mövcudluğu ilə bağlı olur. Ürəyin orqanizmi fasiləsiz olaraq qanla təmin edən əsas orqan olması isə bu cür müdaxilələrin xüsusi diqqət və yüksək peşəkarlıq tələb etməsinə səbəb olur. Əməliyyat zamanı pasiyentin ümumi sağlamlıq vəziyyəti, ürəyin funksional durumu və mövcud xəstəliklər mümkün risklərin qiymətləndirilməsində mühüm rol oynayır. Xüsusilə ağır ürək patologiyaları olan pasiyentlərdə əməliyyat zamanı müxtəlif fəsadların yaranma ehtimalı daha yüksək ola bilər. Buna görə də xəstənin və yaxınlarının əməliyyatdan əvvəl mümkün risklər barədə ətraflı məlumatlandırılması vacib hesab olunur. Bəs ürək əməliyyatları zamanı ölüm riski hansı amillərdən asılıdır və həkimlər pasiyentə hansı məlumatları əvvəlcədən verməlidirlər?
Crossmedia.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, ürək əməliyyatları riskli əməliyyatlar qrupuna aiddir: "Pasiyent o zaman ürək əməliyyatına yönləndirilir ki, onda konkret bir xəstəlik olsun. İstər ürək damarlarının, istər sinirlərinin, istərsə də ürək əzələsinin hər hansı bir patologiyası kifayət qədər ciddi xəstəlik hesab olunur. Çünki ürək bütün orqanizmi fasiləsiz olaraq qanla təmin edən və həmin qanı ağciyərlərdə oksigenləşdirən orqandır. Bu, çox ciddi yük altında çalışan bir organdır.

Əlbəttə ki, narkoz altında mürəkkəb əməliyyatların icrası zamanı mənfi hallar baş verə bilər. Bəzən dayandırılmış ürəyin bərpası problemi yaşana bilər və s. Əməliyyat zamanı ürəyin dayanması riski təbii ki, mövcuddur və belə hallarda əməliyyata girən şəxslər, eləcə də onların yaxınları bu barədə məlumatlı olmalıdırlar".
Professor qeyd edib ki, ürək əməliyyatına göstəriş həyati göstərişdir: "Bu əməliyyatlar çox hallarda uğurlu nəticələnir, yalnız tək-tük hallarda fatal, yəni ölümlə nəticələnən hallar olur. Bəzən bu fatal nəticələr ürəyin ümumi vəziyyətindən asılıdır. Həddən artıq çox dəyişikliklər olduqda, çətin situasiyalar yarandıqda ürək dayanması baş verə bilər.
Ona görə də burada hansısa yatrogen, yəni həkim xətası səbəblərin olduğunu düşünmürəm, çünki bu əməliyyatları icra edən mütəxəssislərin kifayət qədər təcrübəsi var. Bu baxımdan situasiya fərdi olaraq araşdırıla bilər. Yəni xəstənin xəstəlik tarixi, patologiyası və digər amillər nəzərə alınmalıdır.
Məsələn, bəzi xəstələr var ki, onlarda bradikardiya, ventrikulyar ekstrasistoliyalar müşahidə olunur və bunlar çox təhlükəlidir. Belə əməliyyatlarda da ürək dayanması müşahidə oluna bilər".
Zeynəb Həsən
12:00 31.08.2026
Oxunuş sayı: 52