Tələbələrə sığorta seçimi verilmir – “VFS Global” və “Mega Sığorta” ilə bağlı İDDİA
Azərbaycan dövləti gənclərin xaricdə təhsil almasını prioritet siyasət kimi müəyyənləşdirib. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində hər il yüzlərlə tələbəyə təqaüd verilir. Təhsil, viza, yaşayış, beynəlxalq nəqliyyat və tibbi sığorta xərcləri dövlət tərəfindən qarşılanır. Bu proqram gənclərin dünyaya çıxmasını, savadlı, bilikli, bacarıqlı və dünya görüşlü şəxsiyyət kimi formalaşmasını, sonra isə aldıqları təhsillə geri dönüb Azərbaycan dövlətinin inkişafına töhfə verməsini hədəfləyən açıq dövlət kursudur. Eyni zamanda ölkəmizi xaricdə ləyaqətlə təmsil etmək də bu siyasətin tərkib hissəsidir.
Lakin viza xidməti göstərdiyini elan edən bir sıra şirkətlər (o cümlədən xarici mənşəli olanlar) və onlarla əlbir olan sığorta strukturları bu situasiyadan şəxsi mənfəət üçün istifadə etməyə çalışırlar. Redaksiyamıza daxil olan tələbə şikayətlərinə görə viza xidməti göstərən “VFS Global” şirkəti tələbələrin hazırladığı sənədləri təftiş edərək sığorta ilə bağlı sənədi qəbul etmədiyinu bildirir. Həmin viza şirkəti Azərbaycan qanunvericiliyini kobud şəkildə pozaraq yalnız “Mega Sığorta” şirkətinə yönləndirir və yalnız həmin şirkətin verdiyi sığorta şəhadətnaməsini qəbul edir. Digər lisenziyalı sığorta şirkətlərinin – PAŞA Sığorta, Atəşgah Sığorta və digərlərinin – eyni və ya daha yüksək təminatlı, viza və qəbul tələblərinə tam cavab verən sənədləri isə rədd edilir.
Bu praktika Azərbaycan qanunvericiliyini kobud şəkildə pozur. Rəqabət Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Qanun sığorta bazarında inhisarçılığı, rəqabəti məhdudlaşdıran sazişləri və əməliyyatları qadağan edir. Tələbənin sığorta şirkətini sərbəst seçmək hüququ var. Vacib olan sənədin viza və ya qəbul tələblərinə uyğun olmasıdır, konkret bir şirkətin loqosu deyil. Viza şirkətinin “yalnız Mega Sığortanın sənədini qəbul edirik” deməsi əslində gizli komissiya mexanizmi və məcburi əməkdaşlıqdır. Bu, tələbənin seçim azadlığını məhdudlaşdırır, əlavə xərc yaradır, bazarın təbii rəqabətini pozur və monopoliyaya yol açır. Və tələbə yeni visa şirkətinə də müraciət edə bilmir. Çünki Avropa səfirlikləri yalnız bu şirkətlə çalışırlar.
İkinci problem isə qiymət artımıdır. Şikayətlərə görə, sığorta rüsumu keçən il 200 manat olduğu halda, indi 300 manata qaldırılıb – yəni 50 faiz artım. Sual doğur: bu artım hansı obyektiv meyarlara əsaslanır? Risk statistikası, zərərlilik əmsalı, inflasiya, təminat həcminin genişlənməsi, yoxsa sadəcə “imkan var – qaldıraq” məntiqi? Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) bazarın şəffaflığını və rəqabətini qorumaq əvəzinə belə ani və gərginlik yaradan artımların arxasında durursa və ya onlara göz yumursa, bu, tənqidə açıq məsələdir. Xaricə oxumağa gedən, orada dövlətimizi və millətimizi təmsil edəcək, sonra isə ölkənin inkişafına töhfə verəcək gənclərə əlavə maliyyə yükü yaratmaq heç bir “bazar şəraiti” ilə izah oluna bilməz.
Bu iki problem birlikdə daha təhlükəlidir: tələbə həm məcburi şəkildə müəyyən şirkətə yönləndirilir, həm də yüksək qiymət ödəməyə məcbur edilir. Nəticədə dövlətin yaratdığı imkanlar bir qrupun mənfəət mənbəyinə çevrilir. Dövlət proqramı iştirakçıları üçün sığorta xərcləri dövlət tərəfindən ödənildiyi halda, öz hesabına gedən tələbələr isə bu “vasitəçi monopoliyası”nın qurbanı olurlar.
Hansı haqla viza xidməti göstərən şirkət tələbəni yalnız Meqa Sığortaya yönləndirə bilər? Bu, rəqabəti pozur və süni inhisar yaradır. Aidiyyəti qurumlar – bu praktikanı araşdırmalı və tələbələrin hüquqlarını qorumalıdır.

Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, bu əgər tender qaydalarına uyğun şəkildə keçirilmişdirsə, burada məsələ qaydasındadır: “Bu şəxsi tanışlıqlar zəminindədirsə birbaşa korrupsiya işarəsidir. Ona görə də tələbələr mütləq şəkildə bu məsələ ilə bağlı həmin ölkələrin Xarici İşlər nazirliklərinə yazaraq, iddia etdikləri pozuntular barədə məlumat verməlidirlər. O cümlədən, məhz bu məsələlərin araşdırılması və onlara bir vətəndaş olaraq, bir şəxs olaraq cavab verilməsi barədə ərizələrində qeyd edə bilərlər. Əgər həqiqətən də pozuntu varsa, bu, artıq yenə də qeyd etdiyim kimi, korrupsiyadır və bununla bağlı cinayət işi başlanılmaqla aidiyyəti şəxslər məsuliyyətə cəlb olunmalıdırlar”.
PS: Redaksiya olaraq məsələni araşdırmağa davam edirik.
Ayhan
18:25 31.08.2026
Oxunuş sayı: 55