Söz azadlığı və düzgün informasiya: gündəmdəki əsas məsələ
Medianın İnkişafı Agentliyinin son bəyanatı müxtəlif milli icmaların adından çıxış edən informasiya resurslarının fəaliyyətini yenidən gündəmə gətirib. Agentlik “Ajmedia.news”un Media Reyestrində olmadığını və “Media haqqında” Qanunun tələblərinin pozulması ilə bağlı məhkəmə qərarı əsasında fəaliyyətinin qanunsuz hesab edildiyini bildirərək, bütün media subyektlərinin hüquqi və peşəkar statusu barədə ictimaiyyətə şəffaf məlumat verməli olduğunu vurğulayıb.
Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycan söz azadlığını dəstəkləyən ölkələrdəndir və vətəndaşlar sosial şəbəkələrdə, onlayn və digər media platformalarında öz fikirlərini açıq şəkildə ifadə edə bilirlər: “Vacib məsələlərdən biri ictimaiyyətə doğru və qərəzsiz informasiyanın çatdırılmasıdır. Feyk və yanlış məlumatların yayılması həm insanların düzgün məlumatlandırılmasına mane olur, həm də media prinsiplərinə və jurnalistika etikasına uyğun deyil”.

V.Bayramov qeyd edib ki, bu baxımdan qanunvericiliyin təkmilləşdirilməsi və media sahəsində dövlət dəstəyinin artırılması mühüm əhəmiyyət daşıyır: “Müzakirə olunan məsələlər medianın doğru və qərəzsiz informasiya təqdim etməsinə, eyni zamanda media subyektlərinin fəaliyyətinin daha da dəstəklənməsinə xidmət edəcək”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı açıqlamasında bildirib ki, informasiya sahəsində hər kəsin məsuliyyətsiz şəkildə istənilən məlumatı yaymasının qarşısının alınması üçün bu istiqamətdə fəaliyyət qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənməlidir: “Bu, həm yanlış və qərəzli məlumatların yayılmasının qarşısının alınması, həm də informasiya məsuliyyətinin təmin olunması baxımından vacibdir. Eyni zamanda, bu yanaşma cəmiyyətin etibarlı və düzgün informasiya ilə təmin edilməsinə xidmət edir”.
Nigar Xəlilli
20:30 31.08.2026
Oxunuş sayı: 60