Sosioloqun təklifi rezonans yaratdı: Estetik əməliyyatlara yaş senzi gəlir?
Sosioloq , fəlsəfə doktoru Hüseyn İbrahimov bu günlərdə Crossmedia.az-a açıqlamasında səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub. Belə ki, o, müəyyən yaş həddinədək estetik əməliyyatlara məhdudiyyət qoyulmaısnı təklif edib: " Müəyyən yaş həddinədək estetik əməliyyatlara məhdudiyyət qoyulması həm sosial davranış normalarının qorunması, həm də sağlamlığın müdafiəsi baxımından əhəmiyyətli addım hesab oluna bilər. Burada söhbət yalnız qadınlardan getmir. İstər kişi, istər qadın olsun, gənc yaşlarda zahiri görünüşə müdaxilələrin artması cəmiyyət üçün ciddi sosial məsələdir".
Müasir dünyada qadın gözəlliyi bəzən sosial medianın diktə etdiyi süni standartların çərçivəsinə salınır. Bu təzyiq səbəbindən estetik əməliyyatlar bəzi xanımlar üçün tibbi və ya psixoloji tələbat olmaqdan çıxıb, cəmiyyət daxilində görünməz bir rəqabət alətinə çevrilir. Fərdiliyini qorumaq yerinə, trend halını almış gözəllik şablonlarına uyğunlaşmaq üçün cərrahi masaya əyləşənlərin sayı getdikcə artır. Nəticədə, daxili özünəinamı bərpa etməli olan bu prosedurlar vizual bir marafonun təqibçisinə çevrilməklə öz mahiyyətini itirir. Cəmiyyətdə geniş vüsət alan bu yarış fərqli üz cizgilərini silərək, bir-birinə bənzəyən standart obrazlar formalaşdırır. Halbuki insan müvəqqəti xarici görüntüsü ilə deyil, yalnız intellektual keyfiyyətləri və cəmiyyətə faydası ilə qalıcı ola bilər. Təqdim olunan mövzu estetik müdaxilələrin fərdi ehtiyacdan daha çox, sosial bir rəqabətə çevrilməsinin səbəb və fəsadlarını analiz edir. Məsələ ilə bağlı bəzi ekspertlər Crossmedia.az-a açıqlama veriblər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Crossmedia.az-a açıqlamasında məsələyə belə münasibət bildirib: "Əvvəla, estetik və plastik əməliyyatlar prinsipial olaraq iki kateqoriyaya bölünür. Birinci kateqoriya odur ki, onlar estetik görünüşə aid olsa da, xəstələrdə çox ciddi funksional çatışmazlıq yaradır. Məsələn: burun çəpərinin əyilməsi, qarnın həddən artıq genişlənməsi -hətta ventral yırtıq səviyyəsində-, çəkinin həddən ziyadə artması və s. Elə səbəblər var ki, onlar təkcə estetik görüntüyə aid deyil, həm də funksional çatışmazlıq və diskomfort yaradır. Bu cür əməliyyatlar, əslində, həkim tərəfindən dəyərləndirilir və onlar mütləq həyata keçirilməlidir.
Amma bəzi əməliyyatlar ki var, insanın öz arzusu ilə həyata keçirilir. Onlar xaricdə, əslində, "xəstə" də adlandırılmır. Bunlar xüsusi bir kateqoriyadan olan insanlardır. Yəni onlar öz orqanizmində dəyişiklik etmək istəyirlər. Bu, artıq insanın öz seçimidir. Düşünürəm ki, bu seçimə müdaxilə eləmək düzgün deyil, özləri bilər".
Professor əlavə edib ki, insanın cəmiyyətdəki rolu onun yalnız xarici görünüşü ilə müəyyən edilmir: "Məsələn, xaricdə bu əməliyyatları edən tək-tük adam ola bilər, siz onları heç vaxt görməzsiniz. Amma bizdə bu əməliyyatlar, az qalai, nsanları identifikasiya edir, bir-birinə oxşadır. Bunlar hamısı bir dövrdür, bəlkə də, keçib gedəcək. Biz indi bu dövrü yaşayırıq. İnsanlarda natamamlıq kompleksi var. Amma hesab edirəm ki, insanlar başa düşməlidirlər ki, xarici görüntü müvəqqətidir. İnsanlar cəmiyyətdə ancaq faydalılıq əmsalı ilə, beyinləri ilə, əqli məhsulları ilə lazımlı, faydalı ola bilərlər və tarix boyu da belə lazım olublar. Qalan məsələlərin hamısı ancaq, bir küy sədasıdır. Biz, yəqin, gələcəkdə Avropa ölkələrinin səviyyəsinə çatanda görəcəyik ki, bunlara xüsusi bir ehtiyac yoxdur. Əgər onda ciddi bir funksional çatışmazlıq yoxdursa, əmək fəaliyyətində, iş fəaliyyətində ciddi bir problem yaratmırsa, o, elə o cür də yaşayır və başqa şeylərə ehtiyac duyulur. Bu baxımdan hesab edirəm ki, belə məsələlərdə, yəni sırf estetik istiqamətli prosedurlarda insanlar - xüsusilə qadınlar özləri seçim etməlidir".
O bildirib ki, yaş məhdudiyyəti effektiv deyil: "Onlara yaş məhdudiyyəti qoymaq nə nəticə verəcək ki? Onda bu işi gizli edəcəklər. Məsələn, buna yaş məhdudiyyəti qoymaq, bir növ, insan haqlarına müdaxilə kimi dəyərləndirilə bilər. Bunu da nəzərə almaq lazımdır".

Psixoloq Zeynəb Eyyubova məsələnin psixoloji tərəflərinə aydınlıq gətirib: "Estetik əməliyyatlara marağın artması cəmiyyətdə geniş müzakirə olunan mövzulardan biridir. Xüsusilə də yeniyetmə və çox gənc yaşda olan xanımların bu əməliyyatlara müraciət etməsi müəyyən narahatlıqlar yaradır. Bu baxımdan estetik əməliyyatlara yaş məhdudiyyətinin tətbiqi ilə bağlı təkliflər həm tibbi, həm də psixoloji baxımdan aktual hesab olunur. Psixoloq kimi qeyd edə bilərəm ki, gənc yaşlarda insanın şəxsiyyət formalaşması prosesi hələ tam tamamlanmır. Yeniyetməlik və erkən gənclik dövründə insanlar xarici görünüşə qarşı daha həssas olur, sosial təsirlərə və müqayisələrə daha açıq yanaşırlar".
Psixoloq sosial şəbəkələrdə yaradılan müəyyən obrazların da bu mövzuya ciddi təsir etdiyini vurğulayıb: "Sosial şəbəkələrdə yaradılan “ideal görünüş” anlayışı bir çox gəncdə öz görünüşündən narazılıq hissini artırır. Bəzən estetik əməliyyata müraciət real tibbi ehtiyacdan deyil, özgüvən çatışmazlığı, qəbul olunmaq istəyi və ya psixoloji təzyiqlərdən qaynaqlanır".
O, yaş məhdudiyyətinin tətbiqinə də diqqət çəkib: "Yaş məhdudiyyətinin tətbiqi bu baxımdan müəyyən müsbət nəticələr verə bilər. İlk növbədə, emosional qərarların qarşısını almağa kömək edər. Çünki gənc yaşda verilən qərarlar zamanla dəyişə bilir. Sonradan peşmanlıq hissinin yaranması mümkündür. Digər tərəfdən, yaş məhdudiyyəti gənclərə öz bədənlərini və görünüşlərini daha sağlam şəkildə qəbul etmələri üçün vaxt qazandıra bilər. Burada əsas məsələ estetik əməliyyatları tamamilə qadağan etmək deyil, psixoloji hazırlığı və qərarın yetkin şəkildə verilməsini təmin etməkdir. Düşünürəm ki, xüsusilə azyaşlı şəxslər üçün estetik müdaxilələrdən əvvəl psixoloq konsultasiyası da vacib addımlardan biri ola bilər. Çünki bəzi hallarda problem xarici görünüşdə deyil, insanın özünüqavrayışında və daxili narahatlığında olur. Cəmiyyət olaraq gənclərə “ideal görünüş” təzyiqi deyil, sağlam özünüqəbul və psixoloji dayanıqlıq mesajı vermək daha vacibdir"

Məsələyə sosioloq Üzeyir Şəfiyev də münasibət bildirib. O, bunun kütlə psixologiyasından irəli gəldiyini vurğulayıb: "Cəmiyyətimizdə estetik əməliyyatlara doğru bum xarakterli, sürətli bir axın var və bu da, təəssüflər olsun ki, cəmiyyətimizdə daha çox kütlə psixologiyası ilə davranmağı göstərir. Bizdə kütlə şüuru rasional seçimdən, rasional qiymətləndirmədən daha güclüdür. Təəssüflər olsun ki, bizim cəmiyyətdə bu, sosial bir yarış halını alıb. Daha çox qadınlar arasında, eyni zamanda, təəssüf ki, kişilər arasında da bu tendensiya boy göstərməyə başlayıb. Yəni bu, məhz bizim cəmiyyətin təqlid, imitasiya ilə hərəkət etdiyini göstərir. Bu, cəmiyyətimizin, təəssüflər olsun ki, sosial xarakterinin bir cizgisidir. Bəzən ehtiyac oldu-olmadı, bax, bu estetik əməliyyatlara yol verirlər. Bəlkə də mübaliğəsiz demək olar ki, heç bir cəmiyyətdə bizim cəmiyyətdəki qədər estetik əməliyyatlara kütləvi maraq və meyil yoxdur. Əlbəttə ki, bu, bəzən yaş baryerlərini də aşır, yaş xüsusiyyətlərinin də sərhədlərini keçir; estetik əməliyyatlara müraciət edənlər üçün bəzən azyaşlılar arasında da maraq və müraciətlər olur".
Ekspert yas məhdudiyyətinin tətbiqinin doğru olmadığını deyib: "Bu, hər bir vətəndaşın azad seçimidir. Sadəcə olaraq, bu məsələdə daha ciddi olmaq lazımdır. Məncə, yaş məhdudiyyətinin qoyulması düzgün deyil. İnsanların azad seçim imkanlarını tanımaq lazımdır. Sadəcə olaraq, sahə mütəxəssisləri, səhiyyə işçiləri bu istiqamətdə tövsiyələr verə bilərlər, çəkindirici tövsiyələr verə bilərlər. Təəssüflər olsun ki, bunu da onlar etmirlər. Çünki onlar bu estetik əməliyyatları təşviq və təbliğ edirlər, nəinki bundan çəkindirmək üçün hansısa bir maarifləndirici çıxışlar etsinlər. Yəni bir qədər də onların işinə yaradığına görə, bu prosesin bum xarakteri almasında onların da təşviqedici və təbliğatçı rolu var, bu onlara məlumdur.
Sosioloq bəzi pasiyentlərin bu prosedurlardan sonra peşmanlıq hisslərinin olduğunu lakin bunun işıqlandırılmadığını əlavə edib: "Halbuki bu estetik əməliyyatları etdirən insanların bir çoxu sonradan peşmançılıq çəkir. Çünki həmin yeni şəkilləndirmədən də bezir və öz təbii, halına qayıtmaq istəyir. Ancaq bu, çox gec olur və bəlli bir müddət keçəndən sonra bu estetik əməliyyatların nəticəsində daha böyük fəsadlar yaranır; həm səhhətlə bağlı fəsadlardan, həm də psixoloji olaraq əziyyət çəkirlər. Ona görə də mənə elə gəlir ki, elə-belə həyat hekayəsi olan örnəkləri, nümunələri televiziyalar, saytlar vasitəsilə göstərmək lazımdır. Estetik əməliyyatlara maraq göstərən, meyil göstərən insanlar baxıb nəticə çıxarsınlar, görsünlər ki, bu estetik əməliyyatdan istifadə edənlər nə qədər peşmançılıq hissləri və hansı xəyal qırıqlığını yaşayırlar. İlk halda bəhanə gətirirlər ki, səhhətlərində, nəfəs almalarında və s. problem olduğuna görə müraciət edirlər, amma ortada sürəkli bir axın var. Təəssüf ki, bu, belədir. Yaxşı olar ki, belə bir estetik əməliyyat etdirib sonradan peşmanlıq çəkən insanların və müraciətçilərin keyslərini sosial çarxlar, sosial media və televiziyalar vasitəsilə nümayiş etdirsinlər. Beləliklə, insanlar estetik əməliyyata tələsməz, meyil və maraq göstərməzlər. Bu, ancaq merkantil maraq güdən işbaz həkimlərin işinə yarayan bir tendensiyadır".
Turqut Ansari
19:35 28.05.2026
Oxunuş sayı: 50