Məkkə müdafiə sazişi rəsmiləşdi: Cənubi Qafqaz üçün də yeni mərhələ - MÜSAHİBƏ
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı
avqustun 31-də İstanbulda keçirilən ilk yüksək səviyyəli görüş zamanı yeni
müdafiə ittifaqını rəsmiləşdirib.
Üç ölkənin rəsmiləri və hərbi komandirləri “Məkkə Birgə
Müdafiə Sazişi” əsasında yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk
iclası üçün İstanbulda yerləşən Çırağan sarayında bir araya gəliblər.
Görüşdə Türkiyəni xarici işlər naziri Hakan Fidan,
müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu təmsil
edib. Pakistan və Səudiyyə Ərəbistanının yüksək vəzifəli rəsmiləri də qapalı
iclasa qatılıblar.
Görüşdən sonra açıqlama verən Fidan bildirib ki,
ittifaq rəsmi olaraq “Məkkə Müdafiə Alyansı” adlandırılacaq. Onun sözlərinə görə,
təşkilati strukturun yaradılması ilə bağlı işlərə başlanılıb.
Fidan bildirib ki, alyansın katibliyi Səudiyyə Ərəbistanının
paytaxtı Ər-Riyadda yerləşəcək, ilk baş katibin isə Pakistan nümayəndəsi
olacağı gözlənilir.
Nazir sazişin müdafiə məqsədi daşıdığını vurğulayıb və
ittifaqın hər hansı konkret ölkə və ya qrupa qarşı yönəlmədiyini bildirib.
Onun sözlərinə görə, alyans region ölkələrinin
suverenliyinə və ərazi bütövlüyünə hörmət, eləcə də daxili işlərə müdaxilə etməmək
prinsiplərinə əsaslanır.
Fidan qeyd edib ki, digər ölkələrin də ittifaqa
qoşulması ilə bağlı “yol xəritəsi” hazırlanır.
Görüşdə birgə imkanların artırılması, hərbi əməkdaşlıq və müdafiə sənayesi sahəsində əlaqələrin genişləndirilməsi məsələləri də müzakirə olunub.

Türkiyəli
politoloq, professor Selçuk Duman bu barədə Crossmedia.az-a geniş müsahibə
verib:
– Məkkə Müdafiə Sazişinin əhəmiyyətini necə qiymətləndirirsiniz?
– Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkədə imzalanan müdafiə sazişi, xüsusilə Türkiyənin 2002-ci ildən sonrakı dövrdə xarici siyasət yanaşmasında getdikcə daha qabarıq şəkildə özünü göstərən kimlik əsaslı siyasət anlayışının müəyyən dərəcədə institusional qarşılığını ortaya qoyan mühüm inkişaf kimi qiymətləndirilə bilər. Sözügedən saziş yalnız üç ölkə arasında hərbi əməkdaşlığın inkişafı baxımından deyil, eyni zamanda ortaq tarixi, mədəni və siyasi istinadlar əsasında təhlükəsizlik və əməkdaşlıq məkanının qurulması baxımından da nəzərdən keçirilməlidir. Sazişin meydana çıxmasında Türkiyədəki siyasi hakimiyyətin uzun illərə yayılan diplomatik və strateji təşəbbüslərinin mühüm rol oynadığını irəli sürmək olar. Bununla yanaşı, sazişin yaranmasını asanlaşdıran əsas amillərdən biri də tərəf ölkələrin siyasi və strateji istiqamətləri arasında müəyyən səviyyədə uyğunluğun olmasıdır. Bu baxımdan sözügedən razılaşma yalnız mövcud şəraitdən irəli gələn təhlükəsizlik ehtiyaclarının deyil, həm də tərəflərin bir-biri ilə qurduqları siyasi və strateji yaxınlığın nəticəsi kimi qiymətləndirilə bilər. Sazişin əsas məqsədləri regional və qlobal miqyasda ortaya çıxan təhlükəsizlik problemlərinə ortaq perspektivdən yanaşılması, risk və təhdid anlayışlarının müəyyən dərəcədə yaxınlaşdırılması və hərbi-siyasi əməkdaşlıq sahələrinin inkişaf etdirilməsi çərçivəsində qiymətləndirilə bilər. Bu çərçivədə tərəflərdən hər hansı birinə yönələn təhdidlərin digər tərəflər üçün də ortaq təhlükəsizlik problemi kimi qəbul edilməsi; müdafiə potensialının inkişaf etdirilməsi yolu ilə regional və qlobal miqyasda çəkindirmə səviyyəsinin artırılması; yarana biləcək böhran və risklərin idarə olunmasında ortaq məsuliyyətin üzərinə götürülməsi; müdafiə sənayesi sahəsində texnologiya transferi, birgə istehsal və potensialın inkişaf etdirilməsi imkanlarının artırılması, eləcə də təhlükəsizlik problemlərinin həllində beynəlxalq hüquq çərçivəsində hərəkət edilərək sülh yolu ilə həll üsullarına üstünlük verilməsi bu əməkdaşlığın əsas istiqamətləri kimi dəyərləndirilə bilər. Bununla belə, sözügedən sazişin yalnız regional dinamikalar və kimlik əsaslı yaxınlaşmalar üzərindən qiymətləndirilməsi kifayət etməyəcək. Sazişin mahiyyətinin düzgün anlaşılması üçün tərəf ölkələrin qlobal sistem daxilindəki mövqeləri və böyük güclərlə münasibətləri də nəzərə alınmalıdır. Belə ki, Türkiyə NATO-nun mühüm üzvlərindən biri kimi alyansın kollektiv müdafiə mexanizmləri və beynəlxalq təhlükəsizlik sistemi çərçivəsindəki məsuliyyətlərini davam etdirir. Buna görə də Türkiyənin bu saziş vasitəsilə inkişaf etdirdiyi regional təhlükəsizlik əməkdaşlığı NATO üzvlüyü və alyans qarşısındakı öhdəlikləri ilə birlikdə qiymətləndirilməlidir. Digər tərəfdən, Səudiyyə Ərəbistanının xüsusilə təhlükəsizlik və müdafiə sahəsində ABŞ və Qərb müttəfiqləri ilə uzun illərdir davam edən strateji münasibətləri mövcuddur. Eyni şəkildə, Pakistan da təhlükəsizlik və xarici siyasət sahəsində Qərb aktorları ilə münasibətlərini tamamilə istisna edən mövqedə deyil. Bu səbəbdən sözügedən sazişin birbaşa mövcud qlobal təhlükəsizlik arxitekturasına meydan oxuyan və ya müəyyən bir böyük gücə qarşı yaradılmış bloklaşma təşəbbüsü kimi qiymətləndirilməsi analitik baxımdan ehtiyatla yanaşılmalı məsələdir. Daha doğru yanaşma, sazişin mövcud beynəlxalq sistem daxilində tərəflərin strateji muxtariyyətini və regional təhlükəsizlik potensialını artırmağa yönəlmiş çoxşaxəli əməkdaşlıq mexanizmi yaratmaq cəhdi kimi dəyərləndirilməsidir. Bu məqamda sazişin regional səviyyədə hansı aktorlar üçün təhlükəsizlik narahatlığı yarada biləcəyi məsələsi əhəmiyyət qazanır. Bu baxımdan İranın sözügedən inkişafa münasibətinin ayrıca qiymətləndirilməsi lazımdır. İran uzun müddətdir Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm aktor kimi önə çıxır və qeyri-dövlət aktorları ilə qurduğu münasibətlər vasitəsilə regional güc balansına təsir göstərir. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında inkişaf edən təhlükəsizlik əməkdaşlığının institusionallaşması İran baxımından regional təsir sahələrinin və mövcud strateji manevr imkanlarının məhdudlaşdırılması ehtimalını gündəmə gətirə bilər. Buna görə də İranın mümkün narahatlığını yalnız üç ölkənin birbaşa İrana qarşı təhlükəsizlik strukturu yaratması ilə deyil, eyni zamanda İranın regional təsir və təhlükəsizlik strategiyalarının yeni əməkdaşlıq mexanizmi tərəfindən məhdudlaşdırıla biləcəyi perspektivindən qiymətləndirmək lazımdır. Bununla yanaşı, sazişin Çin baxımından birbaşa təhdid və ya təhlükəsizlik riski yaratdığını irəli sürmək də eyni dərəcədə ehtiyatla yanaşılmalı bir fikirdir. Çinlə Pakistan arasında uzun illərdir davam edən strateji tərəfdaşlıq Pekinin bu əməkdaşlıq mexanizminə münasibətində müəyyənedici amildir. Bundan əlavə, Çinlə Türkiyə arasında iqtisadi, diplomatik və strateji sahələrdə inkişaf edən münasibətlər də nəzərə alınmalıdır. Səudiyyə Ərəbistanının son illərdə Çinlə iqtisadi, diplomatik və strateji münasibətlərini şaxələndirmək istiqamətində həyata keçirdiyi siyasət də bu çərçivədə dəyərləndirilməlidir. Beləliklə, Türkiyə–Səudiyyə Ərəbistanı–Pakistan müdafiə sazişi birtərəfli hərbi ittifaq və ya müəyyən bir dövlətə qarşı yaradılmış təhlükəsizlik bloku kimi deyil; kimlik, ortaq təhdid anlayışları, regional təhlükəsizlik ehtiyacları, müdafiə potensialının inkişaf etdirilməsi və qlobal güc balansı arasındakı qarşılıqlı əlaqə üzərindən təhlil edilməlidir. Bu baxımdan saziş bir tərəfdən Türkiyənin 2002-ci ildən sonrakı xarici siyasət anlayışında qabarıqlaşan kimlik əsaslı və çoxistiqamətli regional açılımının əksi kimi görünür, digər tərəfdən isə tərəf ölkələrin qlobal sistem daxilində fərqli strateji mövqelərini qorumaqla regional təhlükəsizlik sahəsində birgə hərəkət imkanlarını inkişaf etdirmək cəhdi kimi qiymətləndirilə bilər. Bu vəziyyət sözügedən əməkdaşlığın klassik mənada ittifaq strukturundan daha çox dəyişən regional və qlobal təhlükəsizlik mühitinə uyğunlaşmağa yönəlmiş çevik və çoxşaxəli strateji tərəfdaşlıq modeli kimi nəzərdən keçirilməsinə imkan yaradır.
– Xarici işlər naziri Hakan Fidan bu sazişin heç kimə qarşı yönəlmədiyini bildirib. Sizcə, NATO və Rusiya da daxil olmaqla xarici aktorlar bunu belə anlayacaq, yoxsa təhdid kimi görəcəklər?
– Mövcud şərait çərçivəsində NATO-nun sözügedən sazişi birbaşa risk və ya təhdid elementi kimi qiymətləndirməsi real görünmür. Bunun əsas səbəbi Türkiyənin NATO-nun mühüm müttəfiqlərindən biri olması və Türkiyənin təhlükəsizlik anlayışında NATO-ya yönələn təhdidlərin eyni zamanda Türkiyənin milli təhlükəsizliyinə yönəlmiş təhdidlər kimi qəbul edilməsidir. Nəticə etibarilə, Türkiyə Silahlı Qüvvələri uzun illərdir dünyanın müxtəlif bölgələrində NATO-nun təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində müxtəlif missiya və əməliyyatlarda iştirak edir. Bu baxımdan sözügedən sazişin NATO tərəfindən təhdid kimi qəbul edilməsindən daha çox, NATO-nun regional təhlükəsizlik arxitekturası daxilindəki təsirinin və strateji görünürlüğünün artırılmasına töhfə verə biləcək inkişaf kimi qiymətləndirilməsi daha mümkündür. Bununla yanaşı, Rusiya Federasiyasının sözügedən sazişə daha ehtiyatlı və temkinli perspektivdən yanaşdığını söyləmək olar. Moskva tərəfindən sazişlə bağlı açıq və birbaşa təhdid qiymətləndirməsi hələ ortaya qoyulmasa da, sazişin regional təhlükəsizlik balansı üzərində mümkün təsirlərinin Rusiya tərəfindən yaxından izlənildiyini düşünmək olar. Rusiyanın sazişə münasibətinin əsasını isə sazişin NATO, ABŞ və onların regional müttəfiqlərinin sözügedən coğrafiyadakı siyasi, hərbi və strateji təsirini artırıb-artırmayacağı sualı təşkil edir. Bu çərçivədə Rusiyanın təhlükəsizlik yanaşmasını xüsusilə 2008-ci ildən sonra Avropa təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklərlə birlikdə qiymətləndirmək lazımdır. Rusiyanın Gürcüstan, Ukrayna və Moldova kontekstində hərbi və siyasi müdaxilələri, Şərqi Avropa, Baltik dənizi və Arktika bölgəsindəki strateji fəaliyyəti Moskvanın Avropa təhlükəsizlik düzəninə dair revizionist yanaşmasının mühüm göstəriciləri kimi dəyərləndirilir. Bu prosesdə Rusiyanın müxtəlif dövrlərdə, başda Baltik ölkələri və Polşa olmaqla, NATO üzvü dövlətlərin təhlükəsizliyinə birbaşa təsir edən hərbi və siyasi siyasət yürütməsi Avropadakı təhlükəsizlik rəqabətinin daha da qabarıqlaşmasına səbəb olub. Buna görə də Rusiyanın sözügedən sazişlə bağlı əsas narahatlığının sazişin kimlik və ya ideoloji ölçüsündən daha çox onun regional güc balansı və xüsusilə NATO-nun təsiri üzərində mümkün nəticələri ilə bağlı olduğunu irəli sürmək olar. Başqa sözlə, Moskva üçün əsas məsələ sazişin Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasındakı münasibətlərin xarakterindən daha çox, bu əməkdaşlığın NATO və ABŞ-nin bölgədəki strateji mövqeyini gücləndirmək potensialıdır. Bu nöqtədə Rusiyanın yanaşması ilə Türkiyənin sazişə verdiyi məna arasında mühüm fərq ortaya çıxır. Türkiyə baxımından saziş təhlükəsizlik əməkdaşlığının inkişaf etdirilməsi, strateji tərəfdaşlıqların şaxələndirilməsi və regional təsirin artırılması çərçivəsində qiymətləndirilə bilər. Rusiya baxımından isə əsas qiymətləndirmə bu inkişafın mövcud güc balansını və NATO-nun regional təsirini necə dəyişdirəcəyi üzərindən formalaşır. Buna görə də Rusiyanın narahatlığını sazişin kimlik ölçüsündən daha çox, öz revizionist strateji hədəflərinin qarşısındakı ən mühüm institusional və hərbi aktorlardan biri kimi gördüyü NATO-nun bölgədəki təsirinin güclənməsi ehtimalı ilə izah etmək daha doğru olar.
– İsrailin mümkün reaksiyasını necə qiymətləndirirsiniz?
– İsrailin
ABŞ və Avropa ölkələri ilə malik olduğu strateji tərəfdaşlıq münasibətləri nəzərə
alınmalıdır. Bu çərçivədə ABŞ və Avropa ölkələrinin ümumilikdə müsbət yanaşdığı
müdafiə və ya təhlükəsizlik sazişinin İsrail tərəfindən birbaşa risk və ya təhdid
elementi kimi qiymətləndirilməsi gözlənilməməlidir. Buna görə də sözügedən
sazişin İsrailə qarşı birbaşa təhlükəsizlik təhdidi yaratdığı barədə qiymətləndirməyə
mövcud beynəlxalq və regional münasibətlər kontekstində ehtiyatla yanaşmaq
lazımdır. Bununla yanaşı, İsrailin xüsusilə son dövrlərdə həyata keçirdiyi
xarici siyasət yanaşmasının Hücum Realizmi (Offensive Realism) perspektivindən
qiymətləndirilə biləcək bəzi xüsusiyyətlər daşıdığını irəli sürmək olar.
İsrailin regional səviyyədə hərbi, siyasi və strateji təsirini genişləndirməyə
yönəlmiş siyasəti ətraf ölkələrdə təhlükəsizlik narahatlıqlarının və təhdid
anlayışlarının güclənməsinə səbəb olur. Bu baxımdan diqqət yetirilməli əsas məqam
Türkiyə–Səudiyyə Ərəbistanı–Pakistan arasında həyata keçirilən müdafiə əməkdaşlığının
birbaşa İsrailə qarşı yaradılmış ittifaq xarakteri daşımamasıdır. Sazişin əsas
məqsədinin tərəf ölkələr arasında müdafiə və təhlükəsizlik əməkdaşlığını gücləndirmək
olduğu qənaətinə gəlmək olar. Bununla yanaşı, İsrail baxımından yaranan əsas
narahatlığın Türkiyənin İsrailin başda Livan, Suriya, İraq və Somali olmaqla
müxtəlif regional məkanlarda artan təsirinə münasibəti ilə bağlı olduğunu söyləmək
olar. Türkiyənin sözügedən bölgələrdə İsrailin hərbi və siyasi təsirini məhdudlaşdırmağa
yönəlmiş siyasət yürütməsi iki ölkə arasındakı rəqabətin yalnız ikitərəfli
münasibətlər səviyyəsində deyil, daha geniş regional güc mübarizəsi çərçivəsində
qiymətləndirilməsini zəruri edir. Bu rəqabət kontekstində İsrailin Baş naziri
Benyamin Netanyahunun son dövrlərdə verdiyi açıqlamalarda Türkiyəni regional səviyyədə
mühüm rəqib kimi təqdim etməsi də diqqət çəkir. Türkiyənin malik olduğu hərbi
potensial, geosiyasi mövqeyi, regional münasibətləri və müxtəlif
coğrafiyalardakı diplomatik fəaliyyəti İsrailin regional hərəkət imkanlarını məhdudlaşdıra
biləcək mühüm amillər sırasında qiymətləndirilə bilər. Bununla yanaşı, Türkiyənin
İsrailin regional siyasətini məhdudlaşdırmaq potensialının birbaşa hərbi
qarşıdurma mənasına gəlmədiyi də xüsusi olaraq vurğulanmalıdır. Nəticə etibarilə,
iki ölkənin eyni və ya kəsişən müttəfiqlik və tərəfdaşlıq şəbəkələri daxilində
yer alması ortaya çıxa biləcək rəqabətin birbaşa qarşıdurmaya çevrilməsini müəyyən
dərəcədə məhdudlaşdıra biləcək amil kimi qiymətləndirilə bilər. Buna görə də
Türkiyə–İsrail münasibətlərinə yalnız qarşıdurma və təhdid perspektivindən
deyil; rəqabət, qarşılıqlı çəkindirmə, regional güc balansı və ortaq müttəfiqlik
münasibətlərinin yaratdığı məhdudiyyətlər çərçivəsində yanaşmaq daha izahlı
olar. Bu perspektivdən baxdıqda, Türkiyənin regional səviyyədə İsrailin hərəkət
imkanlarını məhdudlaşdırmaq potensialı birbaşa hərbi qarşıdurmadan daha çox
diplomatik, siyasi, iqtisadi və strateji vasitələrin birlikdə istifadə edildiyi
balanslaşdırma mexanizmi kimi qiymətləndirilə bilər.
– Azərbaycan da daxil olmaqla digər islam ölkələrinin gələcəkdə sazişə qoşulması ehtimalını necə qiymətləndirirsiniz?
– Türkiyənin xarici işlər naziri Hakan Fidanın
sözügedən sazişin hər hansı bir dövlətə qarşı yaradılmadığını və digər dövlətlərin
də bu struktura qoşulmasına açıq olduğunu dəfələrlə vurğulaması əhəmiyyət
daşıyır. Bu açıqlamalar bir tərəfdən sazişin müəyyən kimlik siyasəti müstəvisində
regional təhdid və ya istisnaedici ittifaq kimi qəbul edilməsinin qarşısını
almağa, digər tərəfdən isə sazişə tərəf olan dövlətlərin revizionist xarici
siyasət anlayışı çərçivəsində hərəkət etmədiyini ortaya qoymağa yönəlib. Bu çərçivədə
Türkiyənin ritorik səviyyədə sazişi inklüziv, müdafiə yönümlü və hər hansı
üçüncü dövləti hədəf almayan təhlükəsizlik əməkdaşlığı mexanizmi kimi təqdim
etdiyi görünür. Bununla yanaşı, bu açıqlamalara baxmayaraq, sazişə gələcəkdə
qoşulması mümkün olan dövlətlərin malik olduqları kimlik anlayışları, təhlükəsizlik
yanaşmaları və regional, eləcə də qlobal aktorlarla inkişaf etdirdikləri
münasibətlər sazişin beynəlxalq sistem daxilində necə qəbul olunmasında müəyyənedici
olacaq. Buna görə də sazişi yalnız tərəf dövlətlərin rəsmi açıqlamaları əsasında
qiymətləndirmək kifayət deyil, mümkün yeni üzvlərin xarici siyasət istiqamətləri
və mövcud ittifaq münasibətləri də nəzərə alınmalıdır. Bu çərçivədə Azərbaycanla
bağlı ayrıca qiymətləndirmə aparıldıqda, Azərbaycanın sözügedən struktura
qoşulmasının mövcud şəraitdə ehtiyatla nəzərdən keçirilməli olduğu qənaətindəyəm.
Azərbaycanın özünü belə bir təhlükəsizlik strukturunun daxilində birbaşa mövqeləndirməsinin
onun çoxşaxəli xarici siyasət yanaşması və regional konyunktur baxımından
asanlıqla proqnozlaşdırıla bilən inkişaf olmadığı düşünülə bilər. Xüsusilə Azərbaycanın
təxminən 50 milyonluq coğrafi perspektiv daxilindəki mövqeyi, regional güc balansı
və müxtəlif aktorlarla inkişaf etdirdiyi münasibətlər nəzərə alındıqda, belə
bir struktura münasibətini yalnız Türkiyə və Pakistanla yaxın əlaqələri əsasında
qiymətləndirmək mümkün deyil. Bu səbəbdən Azərbaycanın sözügedən sazişlə bağlı
qərarını öz milli maraqları, regional təhlükəsizlik prioritetləri və malik
olduğu çoxşaxəli xarici siyasət balansı çərçivəsində formalaşdırması ehtimal
olunur. Buna görə də Azərbaycan üçün əsas müəyyənedici amil sazişin Türkiyə və
Pakistan tərəfindən necə təqdim edilməsindən daha çox, bu strukturun Bakının
mövcud xarici siyasət strategiyası və regional mövqeyi ilə nə dərəcədə
uyğunlaşacağı olacaq.
– Məkkə Müdafiə Sazişinin Cənubi Qafqazda baş verən proseslərə mümkün təsirini necə qiymətləndirirsiniz?
– Bu sazişin ABŞ və Avropa ölkələrinin ümumi
xarici siyasət və təhlükəsizlik perspektivi ilə əhəmiyyətli dərəcədə üst-üstə
düşdüyünü bir daha vurğulamaq lazımdır. Sazişin birbaşa hər hansı dövləti hədəf
alan revizionist təhlükəsizlik strukturu olmaqdan daha çox, regional
sabitliyin, təhlükəsizlik əməkdaşlığının və mövcud beynəlxalq sistem daxilində
strateji balansın qorunmasına yönəlmiş çərçivə təqdim etdiyi qənaətinə gəlmək
olar. Bu baxımdan sazişin Qərb aktorlarının regional təhlükəsizlik anlayışı ilə
tamamilə ziddiyyət təşkil edən struktur ortaya qoymadığını söyləmək olar. Bu
yanaşmadan çıxış edərək, sözügedən sazişin Cənubi Qafqazdakı təhlükəsizlik və
diplomatiya prosesləri üzərində də dolayı və müsbət təsirlər yarada biləcəyini
proqnozlaşdırmaq mümkündür. Xüsusilə Azərbaycan və Ermənistan arasında sülh və
saziş prosesinin regional təhlükəsizlik arxitekturasının gücləndirilməsi
baxımından daha əlverişli siyasi zəmin əldə etməsi mümkün görünür. Türkiyənin
bu prosesdə Azərbaycanla strateji münasibətlərini davam etdirərkən Ermənistanla
normallaşma və diplomatik münasibətlərin inkişafına yönəlmiş siyasəti də nəzərə
alındıqda, sözügedən inkişafların Türkiyə–Ermənistan münasibətlərinə müsbət
töhfə vermək potensialı mövcuddur. Bununla yanaşı, Cənubi Qafqazdakı prosesləri
yalnız Türkiyə, Azərbaycan və Ermənistan arasındakı münasibətlər çərçivəsində
qiymətləndirmək kifayət etməyəcək. Xüsusilə Gürcüstan vasitəsilə formalaşan
Rusiya–Qərb, daha konkret desək, Rusiya–Avropa rəqabətinin regional təhlükəsizlik
arxitekturasına təsirləri nəzərə alınmalıdır. Gürcüstanın geosiyasi mövqeyi,
Qara dənizlə Cənubi Qafqaz arasındakı strateji əlaqə nöqtələrindən biri olması
və Avro-Atlantik institutlarla münasibətləri bu ölkəni regional güc rəqabətinin
mühüm aktorlarından birinə çevirir. Buna görə də sazişin regional təhlükəsizlik
balansına necə təsir edəcəyi məsələsində Gürcüstan amili və Rusiya ilə Avropa
arasındakı rəqabətin yarada biləcəyi nəticələr proses daxilində qiymətləndirilməlidir.
Bu məqamda Türkiyə və Pakistanın ərazi bütövlüyü və dövlətlərin suverenlik
hüquqları ilə bağlı yanaşmalarını ayrıca vurğulamaq da əhəmiyyət daşıyır. Hər
iki ölkənin dövlətlərin ərazilərinin işğal edilməsinə və mövcud sərhədlərin güc
yolu ilə dəyişdirilməsinə qarşı olduqlarını bildirmələri sözügedən təhlükəsizlik
əməkdaşlığının yalnız ikitərəfli və ya üçtərəfli strateji maraqlar əsasında
deyil, eyni zamanda beynəlxalq hüququn əsas prinsipləri və dövlət suverenliyi çərçivəsində
qiymətləndirilməsinə imkan yaradır. Buna görə də sazişin regional təhlükəsizlik
üzərində mümkün təsirləri yalnız hərbi potensial və güc balansı baxımından
deyil, suverenlik, ərazi bütövlüyü, regional sabitlik və münaqişələrin
diplomatik yollarla həlli kimi normativ elementlər üzərindən də təhlil edilməlidir.
– Bu saziş Qəzza ilə bağlı nələri dəyişə bilər?
– Türkiyənin Qəzza Sülh Planını Misir, Qətər, ABŞ və İsraillə birlikdə imzalamış olması sözügedən təşəbbüsün regional təhlükəsizlik arxitekturası baxımından qiymətləndirilməsini zəruri edir. Bu planın ən mühüm nəticələrindən birinin HƏMAS-ın silahsızlaşdırılması və daha geniş mənada bölgədəki qeyri-dövlət silahlı aktorların silahlı potensialının məhdudlaşdırılması olduğu görünür. Bu çərçivədə planı yalnız Qəzzadakı münaqişənin sona çatdırılmasına yönəlmiş təşəbbüs kimi deyil, eyni zamanda bölgədəki qeyri-dövlət silahlı strukturlarının təsirini azaltmağı hədəfləyən daha geniş təhlükəsizlik tənzimləməsinin bir hissəsi kimi qiymətləndirmək mümkündür.
Digər tərəfdən,
sözügedən sazişə tərəf olan Səudiyyə Ərəbistanının bölgədəki qeyri-dövlət
aktorları ilə inkişaf etdirdiyi münasibətlər və malik olduğu diplomatik, siyasi
təsir də nəzərə alındıqda, bu sazişin Qəzza Sülh Planının həyata keçirilməsini
asanlaşdıra biləcək amil olduğunu irəli sürmək olar. Bu baxımdan Türkiyə–Səudiyyə
Ərəbistanı–Pakistan arasında həyata keçirilən müdafiə əməkdaşlığının regional
aktorlar üzərində diplomatik və siyasi təsir vasitəsilə Qəzza Sülh Planının
reallaşdırılmasına yönəlmiş prosesləri dəstəkləyə biləcəyi proqnozlaşdırıla bilər.
– Bu saziş yeni dünya düzənində ümumilikdə nələri dəyişəcək?
– Bu suala
verilə biləcək əsas cavab ondan ibarətdir ki, sözügedən sazişi imzalayan dövlətlər
təkbaşına və ya ittifaq çərçivəsində hərəkət edərək qlobal sistemin mövcud
strukturunu dəyişdirə və ya istiqamətləndirə biləcək səviyyədə siyasi, hərbi və
iqtisadi potensiala malik deyillər. Buna görə də bu sazişin qlobal güc
balansını birbaşa dəyişdirəcək xarakterli güc bloku yaratdığını irəli sürmək
mövcud beynəlxalq sistemin struktur reallıqları baxımından inandırıcı görünmür.
Nəticə etibarilə, hazırda formalaşmaqda olan yeni dünya düzəninin Münhen Təhlükəsizlik
Konfransında əks olunan müzakirələr və qlobal güc mərkəzlərinin siyasəti çərçivəsində
əsasən ABŞ, Çin və Avropa İttifaqı oxunda çoxmərkəzli struktur istiqamətində
inkişaf etdiyini söyləmək olar. Bu aktorların iqtisadi, hərbi, texnoloji və
diplomatik potensialları, eləcə də beynəlxalq sistemə dair yanaşmaları yeni
dünya düzəninin əsas parametrlərini müəyyən edən başlıca amillər sırasındadır. Bu
çərçivədə sözügedən sazişi imzalayan dövlətlərin beynəlxalq sistem daxilindəki
mövqelərini qiymətləndirərkən yalnız onların öz hərbi və ya iqtisadi
potensialına diqqət yetirmək kifayət deyil. Bu dövlətlərin başda ABŞ, Çin və
Avropa İttifaqı olmaqla qlobal güc mərkəzləri ilə inkişaf etdirdikləri siyasi,
iqtisadi, hərbi və diplomatik münasibətlər də nəzərə alınmalıdır. Buna görə də
sazişin beynəlxalq sistem baxımından daşıdığı məna yalnız imzaçı dövlətlərin
malik olduqları güc potensialı əsasında deyil, eyni zamanda bu dövlətlərin
qlobal güc mərkəzləri ilə qurduqları münasibətlər və həmin münasibətlərin
regional güc balansına təsirləri əsasında qiymətləndirilməlidir.
13:06 01.09.2026
Oxunuş sayı: 64