Avtobus dayanacaqlarındakı görünməz təhlükə
Avtobusdan düşən 15 yaşlı qızın avtomobil tərəfindən vurulması ictimai nəqliyyatda sərnişinlərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Hadisə avtobusların sərnişinləri dayanacaqdan kənarda düşürməsi, eləcə də bəzi dayanacaq məntəqələrində yol infrastrukturunun təhlükəsizlik baxımından nə dərəcədə düzgün təşkil olunması ilə bağlı suallar yaradıb. Xüsusilə uşaqların və yeniyetmələrin avtobusdan düşdükdən sonra avtomobillərin, velosiped və digər mikromobillik vasitələrinin hərəkət etdiyi zolaqlarla qarşılaşması əlavə risk yarada bilər. Mütəxəssislər hesab edirlər ki, sərnişinin təhlükəsizliyi yalnız nəqliyyat vasitəsinin hərəkəti zamanı deyil, avtobusdan minib-düşmə prosesində də təmin edilməlidir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda sərnişinin təhlükəsizliyi yalnız avtobusun hərəkəti ilə məhdudlaşmır:
“Avtobusdan düşən 15 yaşlı qızın avtomobil tərəfindən vurulması bir daha göstərir ki, ictimai nəqliyyatda sərnişinin təhlükəsizliyi yalnız avtobusun hərəkəti ilə məhdudlaşmır, sərnişinin avtobusdan düşdüyü nöqtə və həmin nöqtədə yaradılmış yol infrastrukturu da təhlükəsiz olmalıdır.
Ümumi qayda ondan ibarətdir ki, müntəzəm sərnişindaşıma həyata keçirən avtobus sərnişini müəyyən edilmiş dayanacaq məntəqəsində mindirib-düşürməlidir. Sürücünün sərnişinin xahişi ilə dayanacaqdan əvvəl, sonra, yolun hərəkət hissəsində və ya təhlükəli ərazidə qapıları açaraq sərnişin düşürməsi normal hal kimi qəbul edilə bilməz.

Yalnız fövqəladə və obyektiv zərurət yarandığı, məsələn, avtobusun hərəkətini davam etdirməsinin mümkün olmadığı qəza, texniki nasazlıq və digər məcburi hallarda sərnişinlərin təhlükəsiz şəkildə avtobusdan çıxarılması zərurəti yarana bilər. Belə vəziyyət adi sərnişin düşürülməsi ilə eyniləşdirilməməlidir.
Dayanacaqdan kənarda sərnişin mindirib-düşürən avtobus sürücüsünün hərəkətinə konkret hadisənin şəraitindən asılı olaraq inzibati məsuliyyət məsələsi yarana bilər, hadisə nəticəsində insanın sağlamlığına zərər dəyibsə isə məsələ daha ciddi hüquqi qiymətləndirmə tələb edir.
Burada çox mühüm başqa bir problem də var: biz bütün məsuliyyəti yalnız avtobus sürücüsünün üzərinə qoymaqla kifayətlənməməliyik. Dayanacaqlar elə layihələndirilməlidir ki, avtobus dayanacaq platformasına mümkün qədər yaxınlaşa bilsin və sərnişin avtobusdan düşən kimi özünü avtomobil, velosiped, moped və ya elektrik skuteri ilə hərəkət edən şəxslərin yolunda tapmasın.
Bəzi küçələrdə velosiped və mikromobillik zolağının avtobus dayanacağı ilə avtobusun dayanma mövqeyi arasından keçirilməsi əlavə risk yaradır. Belə vəziyyətdə avtobusdan düşən sərnişin faktiki olaraq velosiped və ya skuter zolağını keçməyə məcbur olur.
Xüsusilə uşaq, yaşlı, görmə və hərəkət imkanları məhdud olan sərnişin avtobusdan enərkən həmin zolaqla yüksək sürətlə yaxınlaşan iki təkərli nəqliyyat vasitəsini vaxtında görməyə bilər. Eyni zamanda velosipedçi və ya skuter sürücüsü də avtobusun qapısının açılmasını və sərnişinin qəfil qarşısına çıxmasını gec görə bilər. Bu, əvvəlcədən proqnozlaşdırılması mümkün olan konflikt nöqtəsidir və yol infrastrukturu qurularkən məhz belə konfliktlər minimuma endirilməlidir.
Əgər velosiped zolağının dayanacağın arxasından keçirilməsi mümkündürsə, sərnişin üçün ayrıca təhlükəsiz gözləmə və enmə platforması yaradılmalı, velosiped zolağı ilə kəsişən hissədə aydın nişanlanma, yol nişanları, sürəti azaldan həllər və piyadaya üstünlük verildiyini göstərən elementlər tətbiq edilməlidir.
Əgər mövcud küçənin ölçüləri buna imkan vermirsə, həmin ərazidə velosiped zolağının layihəsi yenidən qiymətləndirilməlidir. Sadəcə yolda xətt çəkib bunu velosiped infrastrukturu adlandırmaq təhlükəsiz nəqliyyat sistemi yaratmaq demək deyil. Avtobus dayanacağı, piyada infrastrukturu və velosiped yolu vahid sistem kimi layihələndirilməlidir.
Digər tərəfdən, dayanacaqda qanunsuz saxlanılan və park edilən avtomobillər də avtobusun dayanacağa yaxınlaşmasına mane olur. Nəticədə avtobus sürücüsü ikinci cərgədə və ya hərəkət zolağında dayanır, sərnişin isə birbaşa yolun hərəkət hissəsinə düşür.
Belə hallarda yalnız avtobus sürücüsünü cəzalandırmaq problemin kökünü həll etmir; dayanacağı zəbt edən avtomobillərə qarşı da effektiv nəzarət həyata keçirilməli, dayanacaq məntəqələrinin avtobus üçün daim əlçatan olması təmin edilməlidir.
Sürücü də dayanacaq zəbt olunub deyə sərnişini təhlükəli nöqtədə düşürməyi avtomatik olaraq düzgün hesab etməməli, mümkün qədər təhlükəsiz mövqe seçməli və sərnişinin həyatını riskə atmamalıdır.
Xüsusilə avtobusdan düşən uşaqlarla bağlı risk daha yüksəkdir. 15 yaşlı yeniyetmədən böyüklərlə eyni səviyyədə yol şəraitini qiymətləndirməsini gözləmək olmaz. İctimai nəqliyyat sistemi sərnişini sadəcə mənzil başına yaxınlaşdırmamalı, onu təhlükəsiz nöqtədə avtobusdan endirməlidir.
Baş vermiş hadisələrdən sonra yalnız konkret sürücünün təqsirli olub-olmadığını araşdırmaqla kifayətlənmək əvəzinə, həmin dayanacağın niyə təhlükəli olduğu, avtobusun dayanacağa tam yaxınlaşmasına nə mane olduğu, sərnişinin düşdükdən sonra hansı hərəkət trayektoriyasına məcbur edildiyi, velosiped və mikromobillik zolağının haradan keçirildiyi, digər avtomobillərin dayanacağı zəbt edib-etmədiyi də araşdırılmalıdır.
Təhlükəsizlik yalnız cərimə ilə deyil, düzgün infrastruktur, sürücünün məsuliyyəti, effektiv nəzarət və sərnişinin təhlükəsiz hərəkətinin birlikdə təmin olunması ilə mümkündür.”
Zeynəb Həsən
14:00 01.09.2026
Oxunuş sayı: 59