ABŞ-dən hiyləgər plan: Kubada hakimiyyət çevrilişinə hazırlıq görülür
ABŞ və Kuba arasında uzun illərdir davam edən gərgin münasibətlər fonunda tərəflərin yüksək rütbəli hərbçilərinin görüş keçirməsi diqqət çəkib.ABŞ Cənub Komandanlığının rəhbəri general Frensis L. Donovanın Kuba Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Roberto Leqra Sotolonqo ilə görüşü Vaşinqton-Havana xəttində yeni müzakirələrə səbəb olub. Görüşün Quantanamo bazası yaxınlığında keçirilməsi isə hadisəyə marağı daha da artırıb. Tərəflər operativ təhlükəsizlik məsələlərini müzakirə etsələr də, bu təmasın mümkün siyasi və hərbi nəticələri suallar doğurur. Maraqlıdır, ABŞ və Kuba arasında hərbi dialoqun aktivləşməsi hansı məqsədlərə xidmət edir?
ABŞ -Kuba münasibətini Crossmedia.az-a şərh edən siyasi şərhçi Zeynal Əmrəliyev tərəflər arasındakı münasibətlərin gərginləşməsinin gözlənilən olduğunu vurğulayıb:
" ABŞ prezidenti Donald Tramp prezident seçildikdən sonra məhz münasibətlərin gərginləşməsi, yəni İranla müharibə fonunda növbəti hədəfin Kuba olduğunu bəyan etmişdi. Ümumilikdə söhbət 67 illik bir dövrü əhatə edir. Belə ki, 1959-cu ildə Fidel Kastro hakimiyyətə gəldikdən və Kubada kommunist rejimi qurduqdan sonra bu ölkə ilə Vaşinqton arasındakı münasibətlərdə gərginlik ən yüksək səviyyədə inkişaf edirdi. Buna görə də iki tərəf arasında münasibətlərin gərgin olmasının tarixi əhəmiyyəti burada xüsusilə vurğulanmalıdır. Tramp hakimiyyətə gəldikdən sonra artıq uzun illərdir mövcud olan kommunist rejimin Kubada hakimiyyətini devirmək üçün konkret planlar müzakirə edilib. Hazırda ABŞ tərəfindən Kubaya enerji sanksiyaları tətbiq olunur və bu enerji sanksiyaları nəticəsində 3 milyondan çox insan Kubada konkret olaraq çətin vəziyyətdə qalıb. Yəni hazırda Kubada ciddi şəkildə su problemi var. Kuba ada dövlətidir, hər tərəfdən su ilə əhatə olunub.
Demək olar ki, qonşularından da yardım ala bilmir. Üstəlik, regiondakı ən güclü müttəfiqi olan Venesuela da hakimiyyət dəyişikliyindən sonra Kubaya əvvəlki dəstəyi göstərə bilmir. Kuba konkret olaraq çıxılmaz vəziyyətdə qalıb. Yəni ABŞ və Çindən də istədiyi dəstəyi ala bilmir və hazırda vəziyyət pisdir.
Onun sözlərinə görə, Vaşinqton Kubada hərbi müdaxilə olmadan siyasi dəyişikliklərə nail olmağa çalışır:
"ABŞ hazırda çalışır ki, hərbi müdaxilə olmadan normal şəkildə Kubada hakimiyyət dəyişikliyinə nail ola bilsin. Buna görə də kubalı hərbçilərlə görüşlərin keçirilməsində məqsəd odur ki, hərbçilər ölkədə hakimiyyətə müdaxilə etsinlər və ABŞ-nin istədiyi siyasət Kubada həyata keçirilsin. Yəni ABŞ hərbçilərin əli ilə Kubada hərbi çevriliş yolu ilə hakimiyyəti ələ almaq niyyətindədir. Düşünürəm ki, vaxtilə Fidel Kastro, Raul Kastro və Ernesto Çe Gevara tərəfindən əsası qoyulmuş kommunist rejim artıq son günlərini yaşayır".
Fatimə Məmmədova
19:26 30.05.2026
Oxunuş sayı: 61