Azərbaycanın da iştirak etdiyi beynəlxalq təhsil konfransı Almaniyada baş tutub
30 may 2026-cı il tarixində Almaniyanın Nürnberq şəhərində Fridrix-Aleksandr Erlangen–Nürnberq Universitetinin koordinasiyası və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Almaniyanın ali təhsil müəssisələri arasında elm, təhsil və pedaqoqika sahəsində əməkdaşlığın inkişafına həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir.
Konfransı giriş nitqi ilə layihənin koordinatoru professor Rakoshkine açmışdır. O, çıxışında layihənin strateji əhəmiyyətini vurğulayaraq, iştirakçı ölkələrin universitetləri arasında elmi-tədqiqat və akademik əməkdaşlığın genişləndirilməsinin vacibliyindən danışmışdır. Eyni zamanda elm və təhsil sahələrində beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, tələbə və müəllim mübadiləsinin təşviqi, eləcə də diaspor təşkilatlarının bu prosesə cəlb edilməsinin əhəmiyyətini xüsusi qeyd etmişdir.
Konfransda Azərbaycan tərəfdən Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyəti də iştirak etmişlər. Universitet əməkdaşları uzun illərdir layihədə fəal iştirak edir və beynəlxalq akademik əməkdaşlığın inkişafına mühüm töhfələr verirlər.
Tədbirdə Azərbaycan diasporunu Bakı–Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin İdarə Heyətinin sədri, doktor Yaşar Musayev təmsil etmişdir. O, çıxışı zamanı Azərbaycan diaspor təşkilatlarının Almaniya ilə Azərbaycan arasında elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişafına verdiyi dəstək barədə məlumat vermiş, universitetlər, elmi müəssisələr və diaspor qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Konfrans çərçivəsində iştirakçı ölkələrin ali təhsil müəssisələri arasında mövcud əməkdaşlıq əlaqələri, birgə elmi layihələr, akademik mobillik proqramları və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Müzakirələr zamanı elm və təhsil sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və yeni birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.
Tədbirin yekununda iştirakçılar bu əməkdaşlıq platformasının gələcəkdə də fəaliyyətini davam etdirməsinin vacibliyini qeyd etmiş və konfransın hər il iştirakçı ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilməsi barədə razılığa gəldiklərini bildirmişlər. Bu təşəbbüsün Avropa və Mərkəzi Asiya regionunda elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi vurğulanmışdır.
19:43 30.05.2026
Oxunuş sayı: 57