Süni intellekt - Uşaqları çökdürür, ya inkişaf etdirir? - ARAŞDIRMA
Uşaqların həyatında Süni İntellektin (Sİ) rolu sürətlə artır – məktəb dərslərindən tutmuş ev oyunları və ünsiyyətə qədər, yeni nəsli formalaşdırır ki, mütəxəssislər artıq onu "Generation AI" adlandırır.
Bu barədə "The Economist" nəşri yazıb.
Məktəblər və süni intellekt: inamsızlıqdan hərtərəfli istifadəyə
Müəllimlər təəccübləniblər: bəzi uşaqlar "Khan Academy" onlayn platformasından istifadə edərək riyaziyyat üzrə ev tapşırıqlarını "yardımçı" ilə yerinə yetirirdilər. Məlum oldu ki, bu, qədim yunan riyaziyyatçısı Pifaqorun rəqəmsal simulyasiyasıdır. Platforma uşaqlara keçmişin böyük düşünürlərinin Sİ-simulyasiyaları ilə qarşılıqlı əlaqədə olmaq imkanı verir və bu, təhsil üçün yeni imkanlar açır.
Demokratiya və Texnologiyalar Mərkəzinin (CDT) sorğusuna görə, amerikalı yeniyetmələr Sİ-dən evdə valideynlərdən, məktəbdə isə böyüklərdən daha çox daha çox istifadə edir. Sİ təhsil, nəzarət, oyun və ünsiyyət üsullarını dəyişdirir, unikal imkanlar açır, lakin yeni risklər də yaradır.
İki il ərzində ABŞ-də məktəblərdə Sİ-nin istifadəsi normaya çevrilib. "RAND Corporation"ın araşdırmasına görə, orta məktəb şagirdlərinin 61 %-i və müəllimlərin 69 %-i təhsil işində Sİ-dən istifadə edir. Bəzi hökumətlər bu tendensiyanı aktiv şəkildə dəstəkləyir. ABŞ-də Prezident Donald Tramp bütün fənlərdə Sİ əsaslarının tətbiqi barədə fərman imzalayıb, Sinqapur ibtidai məktəblərdə Sİ dərslərini tətbiq edib, Çin isə 2030-cu ilə qədər bütün məktəblərdə Sİ təhsilini planlaşdırır. "DeepSeek" şirkətinin yerləşdiyi Qançjouda uşaqlar ildə azı on saat Sİ təhsili alır.
Süni intellekt müəllimlər və ev repetitorları üçün bir vasitə kimi
Müəllimlər tapşırıqlar, testlər və fərdi məşqlərin hazırlanması üçün Sİ-dən istifadə edirlər. İngiltərədə 68 məktəbdə pilot layihə göstərdi ki, ChatGPT-dən istifadə müəllimlərə dərs hazırlığı vaxtını təxminən üçdə bir azaltmağa imkan verib.
Evdə uşaqlar Sİ-dən fərdi repetitor kimi istifadə edirlər. Çində imtahanlarda rəqabət Sİ-müəllimlər yaradan şirkətlərin inkişafını stimullaşdırır. Hindistan və Nigeriyada aparılan pilot araşdırmalar göstərdi ki, Sİ-dən istifadə oxuma və ingilis dili üzrə nailiyyətləri artırır, Tayvanda isə utancaq şagirdlər canlı müəllimlə müqayisədə botlar vasitəsilə materialı daha yaxşı mənimsəyirlər.

Risklər və narahatlıqlar
Böyüklərin hamısı bu şövqü paylaşmır: valideynlərin 61 %-i Sİ-nin tənqidi düşüncəyə zərərli olduğunu düşünür, orta məktəb şagirdlərinin isə 55 %-i eyni fikirdədir. Problem yalnız köçürmə deyil – şagirdlər öz düşüncələrini Sİ-yə həvalə edə bilərlər. Çində şagirdlərin 21%-i Sİ-yə bağlı olmağı üstün tutardı, MIT araşdırmaları isə Sİ-dən esselərdə istifadə zamanı beyin fəaliyyətinin azalmasını göstərib.
Şagirdlər bunu anlayır: İndiana Universitetinin eksperimentində Sİ ilə tapşırıqlar daha tez yerinə yetirilsə də, "öz işi" kimi tanınması daha az olub. Buna görə də "Khanmigo" və "ChatGPT" kimi platformalar birbaşa cavablar yerinə addım-addım müşayiət tətbiq edirlər.
Məktəbdən sonra Sİ: oyunlar, dostlar və təhlükələr
Evdə uşaqlar Sİ-dən daha çox istifadə edirlər. Oyunları uyğunlaşdırır, unikal video və memlər yaradır, oyuncaqları canlandırır. Məsələn, "BrickGPT LEGO" konstruksiyalarını yığmağa kömək edir, "NaukNauk" yumşaq oyuncaq heyvanları danışan qəhrəmanlara çevirir, "Hasbro" və "Casio" Sİ-oyuncaqlar yaradır, Çin isə uşaqlar üçün cihazlarda Sİ-ni ən aktiv şəkildə tətbiq edir.
Buna baxmayaraq risklər mövcuddur: US PIRG bəzi Sİ-oyuncaqlarının təhlükəli məsləhətlər verə biləcəyini müəyyən edib. Onlayn yoldaşlar sosial həyatın bir hissəsinə çevrilir: amerikalı yeniyetmələrin yarısından çoxu Sİ-yoldaşlardan ayda bir neçə dəfə istifadə edir, 10 %-i isə onları dost və ya tərəfdaş kimi qəbul edir. Bəzən bu faciələrə səbəb olur, məsələn, 16 yaşlı Adam Reyn "ChatGPT" ilə ünsiyyətdən sonra intihar edib.
Tənzimləmə və nəzarət
ABŞ-də Federal Ticarət Komissiyası "OpenAI" və digər şirkətlərdən Sİ-nin uşaqlara təsiri barədə hesabat tələb edib. Senatorlar azyaşlılar üçün Sİ-yoldaşların qadağan olunmasını təklif edirlər. Çin tənzimləməni gücləndirib, Sİ ilə "insanlaşdırılmış qarşılıqlı əlaqəni" məhdudlaşdırıb.

Şirkətlər valideyn nəzarətini tətbiq edirlər: "OpenAI", İlon Maskın "xAI" və "Meta AI" botların uşaq versiyalarını yaradır. Psixoloqlar xəbərdarlıq edirlər ki, Sİ ilə həddindən artıq qarşılıqlı əlaqə emosional intellektin və tənqidi düşüncənin inkişafına mane ola bilər.
Qeyd edək ki, süni intellekt uşaq yaşını sürətlə dəyişdirir – məktəbdən şəxsi həyata qədər. O, təhsil və yaradıcılıq üçün böyük imkanlar açır, lakin ciddi risklər daşıyır: tənqidi düşüncənin itirilməsi və psixoloji asılılıq. Cəmiyyətin qarşısında duran vəzifə – Sİ-nin potensialından istifadə etməyi öyrənmək, onu insan qarşılıqlı əlaqəsinin və real təcrübənin yerinə qoymasına imkan verməməkdir.

"Sİ-nin həm müsbət, həm də mənfi təsirləri var"
Məsələ ilə bağlı psixoloq Minarə Səbzəliyeva Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Sİ ilə bağlı araşdırmalara bu vasitənin dili öyrənmə, diqqətin yönəldilməsi, uzunmüddətli motivasiya və tapşırıqların davamlı yerinə yetirilməsi sahələrində həm müsbət, həm də mənfi təsirləri mövcuddur. Materiallarda çox terminologiya istifadə olunduğu üçün, mən bu məlumatları daha sadə və başa düşülən dildə izah etmək istəyirəm. Birinci müsbət təsir – fərdi öyrənmədir. Araşdırmalar göstərir ki, Sİ proqramları uşağın hansı mövzularda çətinlik çəkdiyini müəyyənləşdirir və həmin sahə üzrə əlavə tapşırıqlar verir. Bu, müəllimin hər uşağa ayrı-ayrılıqda zaman ayırması zərurətini azaldır və uşağın qısa müddətdə mövzunu daha yaxşı mənimsəməsinə səbəb olur. Məsələn, riyaziyyatda edilən səhvləri proqram avtomatik aşkarlayır və lazım olan mövzu üzrə yeni suallar təqdim edir. İkinci müsbət tərəf motivasiyanın artmasıdır. Oyunlaşdırılmış tətbiqlər uşaqların dərsə marağını artırır. Uşaq oyunda “qalib gəlirmiş” kimi hiss etdiyinə görə dərs prosesindən zövq alır. Bu da zamanla davamiyyəti və dərsə diqqəti yüksəldə bilir".
Ekspert söyləyib ki, mənfi tərəflər isə diqqət dağınıqlığı və asılılıq riskdir: "Sİ işləyən proqramlar uşağı uzun müddət ekranda saxladığı üçün bu, diqqət dağınıqlığının artmasına səbəb ola bilər. Texnologiyaya həddindən artıq bağlanma impulsiv davranışları gücləndirə və bir növ asılılıq riski yarada bilər. Uşaq ekrandan ayrılmaqda çətinlik çəkir. Uşaq Sİ ilə çox vaxt keçirirsə, real insanlarla ünsiyyət azalır. Bu isə mimika, jestlər, empatiya və sosial siqnalların qavranılması kimi bacarıqları zəiflədə bilər. Nəticədə sosial inkişafın ləngiməsi mümkündür. Psixoloji təsirlər isə özünəinamın həm artması, həm azalmasıdır. Sİ uşağın səviyyəsinə uyğun tapşırıqlar verdiyi üçün o, uğur qazandığını görür və bu, özünəinamı artırır. Lakin əgər proqram uşağın yerinə düşünür və bütün problemləri həll edirsə, uşaq tədricən müstəqil düşünmə, problem həll etmə və yanlışlıqla mübarizə aparma bacarığını itirə bilər. Deməli, Sİ-nin uşağın psixologiyasına təsiri ikitərəflidir. Müsbət tərəfdən uşaq öz sürətinə uyğun öyrənir, stress azalır, çətinlik çəkdiyi sahələrdə inkişaf edir. Hətta sosial çətinliyi olan uşaqlar üçün Sİ ilə ünsiyyət məşq xarakteri daşıya bilər. Mənfi tərəfdən isə ekran vaxtı artdıqca qəzəbilik, diqqət dağınıqlığı və asılılıq ehtimalı yüksəlir. Bəzən uşaq Sİ ilə “dost” kimi qəbul edir ki, bu da emosional baxımdan sağlam deyil, çünki insan sosial varlıqdır və sosial münasibəti əvəz etmək mümkün deyil".
Psixoloq, həmçinin Sİ-dən düzgün istifadə olunduğu təqdirdə uşaqların müəyyən lazımi məsələləri daha tez və effektiv şəkildə öyrənə biləcəyini qeyd edib:"Lakin nəzarətsiz və həddindən artıq istifadə sosial və davranış problemlərinə gətirib çıxara bilər. Sİ müəllimi əvəz etmir — sadəcə onun işini tamamlayan dəstək vasitəsidir". 
"Elə sahələr var ki, Sİ-dən həddindən artıq istifadə xəyal qırıqlığı yarada bilər"
Sosioloq Üzeyir Şəfiyev isə düşünür ki, Sİ bu gün qlobal innovativ yenilik kimi cəmiyyət həyatına daxil olur və həyatın bütün sahələrində – istər dövlət idarəçiliyində, istərsə də sosial münasibətlərdə – təsir imkanlarını nümayiş etdirir: "Bu texnologiyadan dünyada daha çox praqmatik məqsədlər üçün istifadə olunur. Buna görə də artıq əlli ilə yaxın ölkədə süni intelektlə bağlı milli strategiyalar qəbul edilmişdir. Sİ-nin yaratdığı geniş imkanlar qədər, onun istifadəsi zamanı yarana biləcək təhlükəsizlik təhdidləri də bütün ölkələri düşündürür. Bu səbəbdən qəbul olunmuş strateji sənədlərin demək olar ki, hamısında ümumi yanaşmalar mövcuddur: bir tərəfdən Sİ-nin praktik tətbiq imkanlarının artırılması nəzərdə tutulur, digər tərəfdən isə etik, hüquqi və təhlükəsizlik çərçivələri müəyyənləşdirilir. Azərbaycanda da 19 mart 2025-ci ildə ölkə başçısı tərəfindən qəbul edilmiş milli strategiyada Sİ-dən istifadənin etik çərçivələri, hüquqi məsuliyyət məsələləri və təhlükəsizlik riskləri xüsusi vurğulanmışdır. Sİ-dən tətbiqi gənclərin təhsil və karyera inkişafında, elmi tədqiqatlarda, praktiki layihələrdə, əmək bazarının qurulmasında geniş perspektivlər açır və artıq real tətbiq sahəsində özünü göstərir".
Müsahibimizin fikrincə, elə sahələr var ki, Sİ-dən həddindən artıq istifadə, yaxud ona tam inam göstərilməsi həm insanlarda, həm cəmiyyətdə, həm də tətbiq sahələrində müəyyən xəyal qırıqlıqları yarada bilər: "Çünki Sİ ümumi məlumat bazasına əsaslanan alqoritmdir və insan tərəfindən yaradılmış proqram məhsuludur. Bu baxımdan fərdi hadisələrin, şəxsi psixoloji halların dərin analizi onun imkanları daxilində deyil. Xüsusilə tibbi xidmət, psixoloji yardım və digər empatiya tələb edən sahələrdə Sİ tətbiqi müəyyən çətinliklər yaradır. Çünki empatiya, duyğu, emosional yanaşma yoxdur. Gənclər bəzən təhsil prosesində süni intellektə həddindən artıq üstünlük verirlər, müəllim mühazirələrini, dərslik və dərs vəsaitlərini kənarda saxlayaraq yalnız Sİ yönəlirlər. Halbuki Sİ mənbə kimi məhz həmin dərsliklərə, elmi məlumat bankına əsaslanır. Heç bir texnoloji alqoritm insan yaradıcılığından, kreativliyindən güclü ola bilməz. İnsan zehni potensialı hər bir imkanın əsas mənbəyidir".
O, tövsiyə edir ki, gənclər Sİ-dən etik çərçivədə istifadə etsinlər, milli-mənəvi dəyərləri aşağılayan, zədələyən məqsədlərlə istifadəyə yol verməsinlər:"Belə hallar hüquqi məsuliyyət yaradır. Bu, telekommunikasiya haqqında qanunda, cinayət məcəlləsinin 148.1-ci maddəsində və media haqqında qanunda öz əksini tapıb. Yəni Sİ deviant və delikvent davranışlar üçün istifadə edənlər hüquqi məsuliyyətə cəlb oluna bilərlər. Bu baxımdan istifadəçilərin məlumatlılığı vacibdir. Sosial şəbəkə platformalarından istifadə zamanı olduğu kimi, Sİ-dən istifadədə də preventiv və profilaktik tədbirlər düşünülməlidir. Dövlət başçımız strateji sənəddə xüsusi qeyd edib ki, qeyri-sağlam tətbiqlərin qarşısını almaq üçün müvafiq institutlar və mexanizmlər yaradılmalıdır. Artıq bu istiqamətdə tədqiqat institutları, akademiya və universitet laboratoriyaları fəaliyyət göstərir".
Sosioloq həmçinin Sİ-nin qarşısını almaq və ya sosial şəbəkələri qadağan etmək deyil, onlardan sağlam və pragmatik məqsədlər üçün istifadə qaydalarını formalaşdırmalıyıq olduğumuzu qeyd edib: "Sosial şəbəkə fəaliyyəti ilə bağlı ayrıca qanunun qəbul olunması, süni intelektlə bağlı tənzimləyici mexanizmlərin gücləndirilməsi məqsədəuyğundur. Monitorinq və nəzarət mexanizmləri cəmiyyətin, gənclərin mümkün mənfi təsirlərdən qorunmasına xidmət etməlidir. Beləliklə, süni intelekt cəmiyyətə və dövlətə fayda versin, milli-mənəvi dəyərlərimizi zədələməsin. Bunun üçün həm müvafiq qurumlar, həm cəmiyyət, həm də istifadəçilər məsuliyyətli olmalıdırlar".

"Sİ-dən həddindən artıq istifadə müəyyən risklər də yaradır"
Təhsil üzrə mütəxəssis Vaqif Fətullayevin sözlərinə görə, bugün təhsil prosesinin dinamikası sürətlə dəyişir və bu dəyişimin başlıca səbəblərindən biri Sİ texnologiyalarının aktiv şəkildə tədris mühitinə inteqrasiyasıdır: "Böyük Britaniyada Ali Təhsil Siyasəti İnstitutu (HEPI) və Kortext tərəfindən aparılan “Student Generative AI Survey 2025” sorğusuna görə, bakalavr tələbələrinin təxminən 92 faizi artıq təhsillə bağlı hər hansı formada süni intellekt alətlərindən istifadə etdiyini bildirib. Qlobal miqyasda aparılan digər sorğularda isə tələbələrin təxminən 80–86 faizinin öz öyrənmə prosesində Sİ-dən yararlandığı qeyd olunur. Sİ əsaslı alətlər tələbə və şagirdlərin nəticələrini nəzərəçarpacaq dərəcədə yaxşılaşdıra bilir, çünki tapşırıqları fərdiləşdirir, dərhal geridönüş verir və hər kəsə öz sürətində öyrənməyə imkan yaradır. Bu, motivasiyanı və dərsə marağı artıra, bəzən isə ümumilikdə öyrənmə bacarıqlarını gücləndirə bilər. Eyni zamanda tədqiqatlar göstərir ki, Sİ-dən həddindən artıq istifadə stress, asılılıq, “gələcəkdə Sİ mənim yerimi tutacaq” narahatlığı, sosial ünsiyyətin zəifləməsi kimi risklər də yarada bilər. İlk növbədə, Sİ şagirdlərdə və tələbələrdə öyrənmə prosesində fərdiləşmə təmin edə bilir. Adaptiv platformalar öyrənmənin tempini, çətinlik səviyyəsini və məzmununu hər bir fərdin ehtiyacına uyğunlaşdırır. Bu cür fərdiləşdirmə təhsildə uğursuzluq qorxusunu azaldır, akademik özünəinamı gücləndirir və şagirdlərin “mən bunu bacara bilərəm” düşüncəsini dəstəkləyir. Digər tərəfdən, Sİ-nin yaratdığı asanlıq və sürətli cavablar bəzi hallarda güclü öyrənmə vərdişlərinin formalaşmasına mane olur. Şagirdlər, tələbələr uzunmüddətli təhlil, tədqiqat aparmaq və problemi özləri həll etmək əvəzinə dərhal Sİ dəstəyinə müraciət etməyə meyllənirlər. Bunun nəticəsində də düşünmə səyləri zəifləyə bilər".
Müsahibimiz söyləyib ki, Sİ-nin psixoloji təsirini iki istiqamətdə görmək olar: "Bir tərəfdən, Sİ ilə öyrənənlər öz inkişaflarını daha aydın izləyir, tez-tez geridönüş aldıqları üçün, xüsusilə, akademik göstəriciləri zəif olanlarda motivasiya artır, özlərinə inam güclənir. Digər tərəfdən, öyrənənlər bəzən özlərini “hər şeyi bilən” texnoloji modellərlə müqayisə edir, bu da “mən niyə bunu özüm tapa bilmirəm?” kimi suallarla müşayiət olunan narahatlığa, özünü dəyərsiz hiss etməyə və psixoloji gərginliyə səbəb ola bilər. Bu mənzərə fonunda hesab edirəm ki, xüsusilə universitetlər Sİ-dən çəkinmək əvəzinə tədris metodlarını və qiymətləndirmə yanaşmalarını yeniləməlidirlər. Bu gün gənclər əvvəlkindən daha ağıllıdır. Vaxtilə müəllim tələbədən çox bilirdi. Çünki informasiyaya çatmaq üçün məktəbə, universitetə və s. getmək lazım idi. İndi isə tələbələrin əksəriyyəti mövzunu YouTube üzərindən müəllimin auditoriyadakı izahından da daha yaxşı anlayır. Bu, ciddi bir dəyişiklikdir. Ona görə tapşırıqlar yazılı işlərdən çox düşünmə və anlayış qabiliyyətini ölçməlidir".
Mütəxəssis, həmçinin artıq əsas tələbin “çox işləmək” deyil, düşünə bilmək olduğunu qeyd edib: "Yeni texnologiyaları rəqib kimi görmək əvəzinə, onları qəbul edib tələbəyə fərqli yollarla öyrənmə imkanı verən yanaşma formalaşdırmaq vacibdir. Yəni, auditoriyada keçirilən mühazirə tək mənbə deyil, tələbənin əlində video dərslər, Sİ alətləri, rəqəmsal platformalar var və universitet bu reallığı nəzərə almalıdır. Dərslərin strukturu, tapşırıqların formatı və imtahanların məntiqi daha çox tənqidi düşünməyi, analiz və tətbiq bacarıqlarını ölçməlidir. Təhsil üçün əsas çağırış Sİ-ni düzgün istifadə mədəniyyəti ilə təqdim etməkdir. Şagird və tələbələrin Sİ-yə alət kimi baxması, onu tədrisin yerinə deyil, tədrisin dəstəkçisi kimi görməsi vacibdir. Bu səbəbdən tədrisdə “etik istifadə qaydaları”, “intellektual mülkiyyət anlayışı” kimi mövzuların ayrıca işlənməsi zəruridir. Həmçinin Sİ-dən istifadə edən tələbələri təşviq etmək lazımdır ki, onlar Sİ-dən istifadə edərək yaratdıqları məzmunlarda, ondan istifadəni gizlətmək əvəzinə mütləq şəkildə mənbə olaraq süni intellekti qeyd etsinlər. Nəticə etibarilə, Sİ təhsildə yeni fürsətlər açır, lakin onun psixoloji və davranış yönlü təsirlərini nəzərə almadan tətbiqi balanssız nəticələrə gətirib çıxara bilər. Müəllimlər, psixoloqlar və təhsil siyasəti formalaşdıranlar birlikdə çalışmalı, bu texnologiyaların öyrənəni gücləndirən, onun məntiqi düşünmə və sosial münasibətlərini zəiflətməyən şəkildə istifadəsini təmin etməlidirlər. Burada əsas hədəf süni intellektə uduzmamaq yox, onu şagirdin və tələbənin inkişafına xidmət edən partnyora çevirməkdir. Məsələn ilkin olaraq universitetlər üçün “Süni intellektdən akademik istifadə çərçivəsi”ni tətbiq etmək mümkündür. Bu çərçivə tələbələrin Sİ-dən istifadə etdiyi tapşırıqlarda yalnız nəticəni deyil, düşünmə prosesini izah etməsini tələb edə bilər. Nümünə üçün, hazırladıqları işdə Sİ-dən hansı mərhələdə istifadə etdiklərini, təqdim olunan cavabı niyə uyğun hesab etdiklərini və hansı hissəni özləri formalaşdırdıqlarını qeyd etməlidirlər. Tapşırıqlara qısa analiz bölməsi əlavə olunmalı, burada tələbə Sİ-nin cavabını tənqidi qiymətləndirməlidir. Beləliklə, Sİ nəticənin alternativi yox, düşünmə prosesinin dəstəkçisi olur, həm akademik dürüstlük qorunur, həm də tələbənin tənqidi və yaradıcı düşünmə bacarıqları inkişaf edir".

"Sİ həm müəllimlər, həm də tələbələr üçün müəyyən üstünlüklər yaradır"
Sİ-nin pedaqogikada yaratdığı yeniliklərlə bağlı danışan ilə bağlı danışan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Kənan Novruzov isə deyib ki, Sİ bir çox sahədə olduğu kimi, təhsil sahəsinə də fəal təsir göstərməkdədir: "Bunun həm müsbət, həm də mənfi cəhətləri mövcuddur. Əslində Sİ həm müəllimlər, həm də tələbələr üçün müəyyən üstünlüklər yaradır. Müəllimlər üçün üstünlüyü ondan ibarətdir ki, dərs materiallarının, mənbələrin daha asan tapılmasına yardım edir, eyni zamanda müasir metodoloji yanaşmaların tətbiqinə şərait yaradır. Ədəbiyyat siyahılarının hazırlanması, eləcə də PDF formatında mətnlərin və təqdimatların hazırlanması prosesində mühüm dəstək göstərir. Tələbələr üçün də müəyyən üstünlüklər mövcuddur. Bu gün tələbələr Sİ-dən istifadə etməklə dərs tapşırıqlarını daha tez və effektiv şəkildə hazırlaya bilirlər ki, bu da onların vaxtına qənaət etməsinə, tapşırıqları lazımi səviyyədə yerinə yetirməsinə şərait yaradır. Artıq tələbələr müəyyən məlumatlar üçün kitabxanalara getməyə ehtiyac duymur. Çünki Sİ qısa zamanda lazım olan məlumatı onlar üçün təqdim edir".
K.Novruzovun fikrincə, Sİ-nin mənfi təsirləri də inkar edilə bilməz: "O, insanın yaradıcılıq qabiliyyətini zəiflədə, düşünmə və analiz etmə bacarığını azalda və insanı passivləşdirə bilər. Sİ-nin məhsulları çox zaman bənzər olduğundan, müxtəlif şəxslərin hazırladıqları işlər bir-birindən fərqlənmir. Bu vəziyyət estetik əməliyyat nümunəsində olduğu kimi, nəticələrin eyniləşməsinə gətirib çıxarır. Amma Sİ-dən tamamilə imtina etmək mümkün deyil. Mütəxəssislərin fikrincə, Sİ-yə qalib gəlməyin yolu ondan düzgün şəkildə istifadə etməyi öyrənməkdir. Biz öz seçim və iradəmizi Sİ-yə təhvil verməməli, lakin yeni dövrün tələblərinə uyğunlaşmağı da unutmamalıyıq".
12:39 09.12.2025
Oxunuş sayı: 3515