Cənubi Qafqazda yeni dəhliz: Rusiya danışıqlar masasında yoxdur
Rusiya “Tramp Marşrutu” səbəbindən Cənubi Qafqazda təsirini itirir.
Crossmedia.az bu barədə "Reuters"-ə istinadən xəbər verir.
ABŞ və Ermənistan “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlı yeni tranzit layihəsini işə salır.
Məlumata görə, bu marşrut Rusiyanın iştirakı olmadan Asiya ilə Avropanı Ermənistan və Azərbaycan üzərindən birləşdirəcək.
TRIPP layihəsi regionda yeni geosiyasi amil formalaşdırır və Rusiyanı Cənubi Qafqazda əsas oyunçu mövqeyindən məhrum edir. Layihənin idarə olunması üçün yaradılacaq Ermənistan–ABŞ birgə şirkətinin 49 il müddətinə dəhlizə nəzarət edəcəyi qeyd olunur.
Məlumata əsasən, layihə çərçivəsində neft və qaz boru kəmərlərinin, fiber-optik xətlərin çəkilməsi, eləcə də İranla sərhəd boyunca dəmir yolu və avtomobil yollarının inşası nəzərdə tutulur. Dəhlizin Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa istiqamətində Transxəzər marşrutunun mühüm hissəsinə çevriləcəyi vurğulanır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın layihədə iştirakının Amerika və Ermənistan tərəfləri tərəfindən müzakirə olunmadığını bildirib.
Xidmətin məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Dəmir Yollarından Azərbaycan və Türkiyə sərhədlərinə qədər zədələnmiş yolların qısa müddətdə bərpasını tələb edib.
Əks halda, bərpa işlərinin Ermənistanın vəsaiti hesabına aparılacağı və Rusiyanın regiondakı mövcudluğu ilə bağlı sualların yaranacağı qeyd olunur.
Qeyd edək ki, plana əsasən, Ermənistan TRIPP marşrutunun inkişafı üçün ABŞ-ə eksklüziv hüquqlar verəcək.
Layihənin Ermənistan qanunvericiliyi çərçivəsində xüsusi konsorsium tərəfindən idarə olunacağı gözlənilir. Saziş eyni zamanda ATƏT-in Minsk Qrupunun ləğvini və əvvəlki beynəlxalq vasitəçilik formatına faktiki olaraq son qoyulmasını nəzərdə tutur.
20:26 26.01.2026
Oxunuş sayı: 579