Süni intellekt insan nəzarətindən çıxa bilərmi?- Mütəxəssislər narahatdır
Süni intellekt şirkətlərinin özünü inkişaf etdirə bilən superzəka yaratmaq uğrunda nəzarətsiz yarışa girdiyi və bunun ciddi risklər yarada biləcəyi ilə bağlı xəbərdarlıqlar artır.
Crossmedia.az xəbər verir ki, Anthropic şirkətindən istefa verən Jacob Coxonun süni intellektlə bağlı açıqlamalarından sonra sektorda çalışan və daha əvvəl çalışmış bir sıra tədqiqatçılar da oxşar narahatlıqlarını ifadə ediblər.
Keçmiş OpenAI və Anthropic tədqiqatçısı Jacob Coxon süni intellektin imkanlarının lazımi səviyyədə qiymətləndirilmədiyini bildirib. Onun sözlərinə görə, gələcəkdə bu sistemlər genişmiqyaslı kiberhücumlar həyata keçirə, müxtəlif sahələri çox qısa müddətdə dəyişdirə və real resurslara çıxış əldə edə biləcək insanüstü sistemlərə çevrilə bilər.
Anthropic əməkdaşı Samuel Marks isə süni intellekt sistemlərinin daha uyğun davranışlara yönəldilməsi üçün müəyyən üsulların mövcud olduğunu, lakin onları tam şəkildə insan nəzarətinə uyğunlaşdıran etibarlı metodun hələ olmadığını deyib.
OpenAI-nin baş elmi rəhbəri Jakub Pachocki də maşın intellektinin sürətli inkişafının davam etməsinin mümkün nəticələri ilə bağlı narahatlığını ifadə edib. O, cəmiyyətin bu prosesin nəticələrinə hazır olmadığını bildirib.
Google-ın süni intellekt bölməsi DeepMind-ın keçmiş əməkdaşı Alex Turner isə bəzi tədqiqatçıların insanlıq üçün son dərəcə ağır nəticələrə səbəb ola biləcək sistemlərin yaradıldığını düşündüklərini qeyd edib.
OpenAI tədqiqatçısı Jason Wolfe isə süni intellektin insanlığın məhvinə səbəb olma ehtimalını dəqiq qiymətləndirə bilmədiyini, lakin texnologiyanın bəşəriyyət üçün mənfi nəticələr doğura biləcəyi çoxsaylı ssenarilərin mövcud olduğunu vurğulayıb.
DeepMind-ın keçmiş baş tədqiqatçılarından Jonathan Richard Schwarz isə süni intellekt sahəsində hazırda baş verən prosesləri cəmiyyət baxımından son dərəcə sağlam olmayan vəziyyət kimi qiymətləndirib.
Mütəxəssislərin açıqlamaları süni intellektin sürətli inkişafı ilə yanaşı, təhlükəsizlik, nəzarət və insanlarla uyğunlaşdırılma məsələlərinin də aktuallığını artırdığını göstərir.
08:35 14.09.2026
Oxunuş sayı: 63