Fırıldaqçıların qurbanı oldu, amma cinayət işində özü təqsirləndirilir
Moskvalı 24 yaşlı Yana fırıldaqçıların təsiri altında 1,7 milyon rublunu itirib, lakin bir il sonra həmin cinayət işi üzrə zərərçəkmiş deyil, şübhəli şəxs kimi tanınıb.
Crossmedia.az xəbər verir ki, “Qanlı barinya” Telegram kanalı bu barədə məlumat yayıb.
Məlumata görə, Yana 2025-ci ilin oktyabrında fırıldaqçıların qurbanı olub. O, cinayətkarlara dördrəqəmli kodu deyib və bundan sonra şəxsi məlumatları onların əlinə keçib. Fırıldaqçılar gənc qadını pullarının təhlükədə olduğuna inandıraraq əlində olan bütün vəsaiti onlara göndərməyə məcbur ediblər.
Yana təxminən bir həftə yarım ərzində pul vəsaitlərini kuryerlərə verib, bağlamaları götürüb və təhvil verib. Qorxu içində olduğuna görə baş verənləri heç kimə danışmayıb. Daha sonra vəziyyət barədə tanışlarına məlumat verib və polisə ərizə yazıb.
Bundan sonra o, cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb. Lakin bir il sonra polis şöbəsinə bu dəfə şahid qismində ifadə vermək üçün çağırılıb. Burada ona külli miqdarda dələduzluq işi üzrə şübhəli şəxs olduğu və real həbs cəzası ilə üzləşə biləcəyi bildirilib.
Qərara əsasən, Yana 2025-ci ilin oktyabrında fırıldaqçıların təsiri altında olarkən zinət əşyalarını götürərək satıb. İstintaq hesab edir ki, o, bunu “qəsdən, tamah niyyəti ilə və qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində” edib və nəticədə təxminən 10 milyon rubl dəyərində zinət əşyalarının oğurlanmasında iştirak edib.
Onun vəkili Eqor Filinin sözlərinə görə, Yana şahid qismində ifadə vermək üçün polisə gələndə hüquq-mühafizə orqanlarının əməkdaşları onun eyni iş üzrə həm də zərərçəkmiş olduğunu bilməyiblər.
Hazırda Yana ölkədən çıxmamaq barədə iltizamla azadlıqdadır. O, vəkili ilə birlikdə fırıldaqçıların təsiri altında hərəkət etdiyini, cinayət niyyətinin olmadığını və başqasının əmlakını mənimsəmədiyini sübut etməyə çalışır.
21:38 13.09.2026
Oxunuş sayı: 54