Anthropic rəhbərindən xəbərdarlıq: Süni intellektin inkişafı yavaşladılmalıdır
Süni intellekt şirkəti “Anthropic”in rəhbəri Dario Amodei süni intellekt modellərinin inkişaf tempinin yavaşladılmasına və prosesin daha ciddi nəzarətdə saxlanılmasına çağırıb.
Crossmedia.az xəbər verir ki, Amodei onlayn yayımladığı məqalədə süni intellektin inkişafının dayandırılmasının müzakirə mövzusu olmadığını, lakin texnologiyanın yaratdığı risklərin “ciddi” olduğunu bildirib. Onun sözlərinə görə, şirkətlərə və hökumətlərə bu riskləri qiymətləndirmək və aradan qaldırmaq üçün vaxt verilməlidir.
“OpenAI” rəhbəri Sem Altman və “xAI” şirkətinin rəhbəri İlon Mask da Amodeinin mövqeyi ilə razılaşdıqlarını bildiriblər. Son dövrlərdə süni intellekt texnologiyasının mümkün təhlükələri ilə bağlı narahatlıqlar artır.
“Anthropic”dən ayrılmış tədqiqatçı Ceykob Koksun isə BBC-yə açıqlamasında bildirib ki, süni intellektin hazırkı inkişaf tempi davam edərsə, yaxın gələcəkdə bəşəriyyət üçün ciddi təhlükə yarana bilər. O, bu sahədə çalışan insanların “bəşəriyyətin yaxın iki ildəki taleyindən həqiqətən qorxduqlarını” deyib.
Amodei şənbə günü yayımlanan “We Must Pace the Frontier” adlı məqaləsində üçmərhələli plan təklif edib. Plana süni intellekt modellərinin hazırlanması zamanı müstəqil monitorinq, bütün sənaye üçün vahid tənzimləmə və qlobal səviyyədə qaydaların tətbiqi daxildir.
Onun təklifinə digər süni intellekt şirkətlərindən də dəstək gəlib. Rəqib şirkətlərin nümayəndələri modellərin hazırlanması prosesində onların təhlükəsizliyini qiymətləndirəcək müstəqil üçüncü tərəf monitorlarının yaradılmasını dəstəkləyiblər.
06:12 14.09.2026
Oxunuş sayı: 57