NYT: Ukrayna cəbhəsində qış fasiləsi artıq yoxdur
Cəbhə xəttində mövsümi fasilə anlayışı artıq keçmişdə qalıb. Müasir müharibədə döyüşlərin intensivliyini və xarakterini əsasən dronlar və hava şəraiti müəyyənləşdirir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Qeyd olunur ki, Ukraynada genişmiqyaslı müharibənin ilk mərhələlərində döyüş meydanında əsas rolu tanklar və digər ağır zirehli texnikalar oynayırdı. Lakin hazırda həm Ukrayna, həm də Rusiya ordusu dronlardan kütləvi şəkildə istifadə edir. Dronlar təkcə cəbhədə vəziyyəti müşahidə etmir, eyni zamanda havadan zərbələr endirərək döyüşlərin gedişinə birbaşa təsir göstərir.
Nəşrin yazdığına görə, dronların dominant rol oynaması fonunda hər iki tərəf ağır zirehli texnikadan daha az istifadə etməyə başlayıb. Xüsusilə Rusiya tərəfi kiçik piyada qruplarını və ya motosikletlə hərəkət edən əsgərləri ön xəttə göndərməyə üstünlük verir. Məqsəd onların dronlar tərəfindən daha az aşkar edilməsidir.
Hava şəraitinin döyüşlərə təsiri
Dronların əsas rol oynadığı müharibə şəraitində hava amilləri xüsusi əhəmiyyət kəsb edir. Ukrayna ordusunun “Salo” ləqəbli piyada taqım komandiri mövzu ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, mövsümlər arasında ciddi fərq qalmayıb.
“Əslində nə yayda, nə də qışda nəsə dəyişmir. Yeganə fərq havanın soyuq olmasıdır”, – deyə o qeyd edib.
Analitiklərin fikrincə, müasir texnologiyaların, xüsusilə pilotsuz uçuş aparatlarının döyüş meydanında geniş tətbiqi müharibənin klassik qaydalarını dəyişib və mövsümi üstünlükləri demək olar ki, aradan qaldırıb.
18:50 26.01.2026
Oxunuş sayı: 433